Firdovsiyyə Əhmədova
100 YAŞLI TƏHQİQAT İŞİ:
TARİX NƏ DEYİR?
Azərbaycan ərazisində 1918-ci ilin yazından başlayaraq dinc müsəlman əhalinin kütləvi qırğınlarını təhqiq etmək üçün xüsusi təhqiqat aparılması zərurəti yaranmışdı. Azərbaycan hökuməti Bakı uğrunda savaş getdiyi bir zamanda Fövqəladə Təhqiqat Komissiyasının yaradılmasına qərar verdi. Gərgin və mürəkkəb iş şəraitində, 1918-ci il iyulun 15-də qəbul edilmiş hökumət qərarı olduqca əhəmiyyətli, strateji məzmunlu sənəd oldu. Cümhuriyyətin xarici işlər naziri M.-H.Hacınski hökumətə məruzə ilə müraciətində artıq dörd ayı keçən son müddətdə «Azərbaycan ərazisinin müxtəlif bölgələrində bolşevik adı ilə məsuliyyətsiz erməni hərbi hissələri»nin «mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş vəhşiliklər» törətdiyini yazırdı (1, c.1, s.379). Belə bir məruzənin – müraciətin məhz xarici işlər naziri tərəfindən edilməsi ilə əsassız deyildi. Azərbaycan Cümhuriyyətinin beynəlxalq aləmdə tanıdılmasına nail olmaq üçün formalaşan ictimai rəy olduqca önəmli idi. Yeni yaradılmış gənc Azərbaycan dövlətini nəinki qəbul etdirmək, hətta varlığından xəbərdar etmək çətinliyini yaşayan hökumət əks təbliğatla üzləşmişdi. Müsəlmanları qətliama məruz qoymuş «quldur dəstələri tərəfindən göndərilən yalan məlumatlar əsasında Avropada bütün ictimai fikir tamamilə əks istiqamətə», yəni, azərbaycanlılara qarşı yönəldilmişdi. Bu məqamı vurğulayan xarici işlər naziri «fövqəladə təhqiqat komissiyası» xarakterli bir təşkilatın yaradılmasını zəruri sayırdı ki, «komissiyanın işinin nəticələri başlıca Avropa dillərində – rus, fransız, alman dillərində və əlbəttə ki, türk dilində» elan edilməliydi. Komissiyanın yaradılması 2 cəhətdən əsaslandırılırdı: «ümumi dövlət mənafeyi» və «əhalinin zərərçəkən qruplarının mənafeyi» baxımından. Hüquqa söykənən ədalətin təmin olunması gərəkliyi qədər Azərbaycan dövlətinin mənafeyi önə çəkilirdi. M.-H.Hacınski komissiyanın vəzifələrini 3 bənddə göstərsə də əslində 4 vəzifə müəyyənləşdirilmişdi: «Bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatının aparılması; bu zorakılıqların həyata keçirildiyi şəraitin müəyyənləşdirilməsi; cinayətkarları aşkar etmək və onların vurduqları zərərin həcminin müəyyənləşdirilməsi». Göründüyü kimi 3-cü bənd 2 vəzifəsini ifadə edirdi. Komissiyanın əhəmiyyətini olduqca mühüm sayan nazir onun «təşkilinə bu gündən başlamaq lazımdır» deyirdi: «Çünki bir çox şeyləri indi isti-isti adamlardan soruşmaq, fotoşəkilləri çəkmək və hələ ki, mövcud olan digər əşyalar – dəlillər əsasında sübuta yetirmək olar»dı. «Sonralar bu təhqiqat işi çətinləşə və hətta sübutu tamamilə imkan xaricində ola bilər»di. İki ayı tamam olmamış, yaxın müqəddəratı təhdid altında olan, Bakı uğrunda savaşın aqibəti bəlli olmayan bir vaxtda M.-H.Hacınskinin uzaqgörənliklə etdiyi təklif hökumətin eyni tarixli qərarı ilə qəbul edildi: «Xarici işlər nazirinin məruzəsi bəyənilsin və ona tapşırılsın ki, Avropa müharibəsi başladığı vaxtdan bütün Zaqafqaziya ərazisində müsəlmanlara və onların əmlakına qarşı işlənilmiş zorakılıq hallarını təhqiq etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaratsın» (3, s.213). Qərardan bəlli olur ki, müsəlmanlara qarşı zorakılıq yalnız son aylardan deyil, birinci dünya müharibəsinin başladığı vaxtdan həyata keçirilmişdir, həm də bütün Cənubi Qafqaz coğrafiyasını əhatə etmişdir. M.-H.Hacınski məruzəsində xahiş edirdi ki, bu komissiyanın təşkili nazirlərdən birinə tapşırılsın və məsrəfləri üçün müvəqqəti olaraq 50000 rubl ayrılsın (2, f.1061, s.1, iş 105, v.1). Fövqəladə Təhqiqat Komissiyasının (FTK) qarşısında duran vəzifələr peşəkar hüquqşünasların birgə fəaliyyəti sayəsində yerinə yetirilə bilərdi. Məhz bu məqsədlə FTK «xarici işlər nazirliyi» yanında təşkil edilsə də, artıq həmin ilin sentyabrından, faktiki olaraq, ədliyyə nazirliyi nəzdində fəaliyyət göstərirdi. Bu da tamamilə təbii idi, çünki bu işlə bilavasitə məşğul olanlar əsasən hüquqşünaslar idilər» (1, c.1, s.380). 1918-ci il avqustun 30-da hökumət qərarı ilə FTK üçün 50000 rubl həcmində kredit açıldı (3, с.227). Avqustun 31-də isə qəbul edilmiş hökumət qərarına görə FTK 7 nəfərdən ibarət tərkibdə yaradıldı. Qərarı ixtisasca hüquqşünas, həmin dövrdə həm də ədliyyə naziri olan hökumət başçısı Fətəli xan Xoyski imzalamışdı. FTK-nın sədri andlı iclasçı Ələkbər bəy Xasməmmədov təyin edilmişdi.
7 nəfərlik heyətin əksəriyyəti peşəkar hüquqşünas, 3-ü qeyri-azərbaycanlı idi. Müxtəlif vaxtlarda komissiyanın tərkibində başqa hüquqşünaslar da fəaliyyət göstərmişdir. Komissiya tərkibinin əmək haqları və ezamiyyə xərclərinin həcmi qərarla müəyyənləşdirilmişdi.
1918-ci il iyulun 15-dən 1919-cu il noyabrın 1-nə qədər fəaliyyət göstərmiş FTK azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətləri təhqiq etmək üçün gərgin iş aparmışdır. Son dərəcə ağır şəraitdə, müxtəlif xəstəliklərin, dəhşətli epidemiyaların tüğyan etdiyi qəzalarda, kəndlərdə təhqiqat aparan komissiya üzvləri hətta açıq səma altında, qapısız-pəncərəsiz evlərdə döşəmə üstündə işləməli və gecələməli olurdular. Nəqliyyat vasitəsi ən ağrılı problemlərdən idi. Kilometrlərlə məsafəni piyada qət etmək lazım gəldiyindən komissiya üzvlərinin əməkhaqqı sıradan çıxmış çəkmələrini yeniləməyə belə imkan vermirdi (5, s.48-49). Beləki, istər 31 avqust, istərsə də 22 sentyabr 1918-ci il tarixli hökumət qərarları ilə komissiyanın üzvləri yalnız bu məqsədlə işlədikləri günlər üçün əməkhaqqı almaq hüququna malik idilər (3;1, c.1 s.380). Bütün maddi məhrumiyyətlərə və fəaliyyət çətinliklərinə baxmayaraq komissiya üzvləri sədr Ə.Xasməmmədovun dönə-dönə vurğuladığı «Qanun və vicdanın aliliyi» prinsipinə söykənərək 36 cild və 3500 vərəqdən ibarət material toplamışdı. Komissiyanın fəaliyyətinə əngəl törətməyə çalışan qüvvələr azərbaycanlıların kütləvi qətliamına səbəb olmuş, birbaşa iştirak və rəhbərlik etmiş təşkilatlar idi. Qırğınlardan bir il sonra, günahkarlar istintaqa cəlb edilməyə başlayanda Bakıda Erməni Milli Şurası və «Daşnaksutyun» partiyasının parlament fraksiyası həmişə olduğu kimi, ermənilərin müdafiəsinə qalxmış, onların günahsız olduqlarını sübut etməyə çalışmışlar (1, c.1, s.380).
FTK-nın fəaliyyəti Bakı və Gəncə quberniyalarının ərazilərini əhatə edirdi. Göyçay, Şamaxı, Cavad, Quba, Cavanşir, Cəbrayıl, Şuşa, Zəngəzur qəzalarında, o cümlədən Bakı, Quba və Şamaxı şəhərində müsəlmanlara qarşı törədilmiş vəhşilikləri sübut edən məlumatlar toplanmışdı.
Artıq 1918-ci ilin noyabrında FTK-nın sədri Ə.Xasməmmədov Bakı quberniyasının ərazisində, yəni Bakı şəhərində, Göyçay qəzasının kəndlərində, Şamaxı qəzasının kəndlərində, o cümlədən Şamaxı şəhərində müsəlmanlara qarşı törədilmiş zorakılıqların təhqiqatı haqqında ədliyyə nazirliyinə məlumat vermişdi. Noyabrın 22-də imzaladığı məruzədə Bakı şəhərində müsəlman əhaliyə qarşı zorakılıqlar haqqında ilkin də olsa bitkin məlumat verilmişdi. 1918-ci ilin yanvarından başlayaraq «Daşnaksutyun» partiyasının qırğına təhrikedici fəaliyyətini, martın 30-dan isə baş verən qətliamı bir neçə nümunənin təfərrüatına varmaqla əks etdirən məruzə erməni millətçiliyini ifşa edən hüquqi sənəddir. Yalnız erməni silahlılarının deyil, erməni ziyalılarının da müsəlman qırğınlarında nəinki yönəldici, həm də iştirakçı rolunu diqqətə çatdıran məruzədə ermənilərin başqa siyasi qüvvələri, qeyri-müsəlman əhalini yanlış məlumatlandıraraq azərbaycanlılara qarşı çıxmağa təhrik edən təxribatları da konkret faktlarla göstərilmişdir (5, s.679-684). Sentyabrın 22-dən oktyabrın 23-nə qədər ötən bir ayda komissiya üzvü N.M.Mixaylov Göyçay qəzasında təhqiqat işi aparmış, 500-dən çox şahid dindirilmiş, qırğın törədilən yerlərə baxış keçirilmişdir. Komissiyanın işini yekunlaşdırmasına qədər müsəlmanlara qarşı törədilmiş vəhşiliklər haqqında Parisə yola düşən Azərbaycan nümayəndə heyətini məlumatlandırmaq lazım gəlirdi. Başlıca məqsədi Azərbaycanın müstəqilliyini beynəlxalq səviyyədə tanıtmaq olan nümayəndə heyəti qarşıda onu nə gözləyəcəyini bilmədən azərbaycanlıların başına gəlmiş faciəni də çatdırmaq üçün əsaslı materiallara malik olmalıydı. Bu məqsədlə FTK-nın sədri Ə.Xasməmmədov 1919-cu il yanvarın 6-da müsəlmanlara qarşı törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlumatları məktubla birlikdə xarici işlər nazirinə göndərmişdi (1, c.1 s.380). Əsasən 3 aylıq bir təhqiqat işinin nəticələrini özündə əks etdirən materiallarda İrəvan quberniyasında, Gəncə quberniyasında törədilmiş qırğınlar, dağıntılar haqqında da məlumatlar göstərilmişdi. Paris konfransına yola düşən nümayəndə heyəti üçün FTK «əşyayi-dəlil kimi altı cilddən ibarət ilkin təhqiqat materialı və 95 ədəd fotoşəkil hazırlamışdı» (1, c.1, s.380).
1919-cu il martın 21-dən FTK-nın fəaliyyəti yeni məzmun alır. Ədliyyə nazirinin məruzəsi əsasında hökumətin qəbul etdiyi qərarla FTK-nın səlahiyyətləri genişləndirilir, cinayət prosesinin nizamnaməsinə görə məhkəmə-istintaq orqanına verilmiş bütün hüquqlara sahib olur (3,s.291). Belə bir zərurəti nəzərə alaraq Ədliyyə nazirliyinin idarə müdiri 1919-cu il yanvarın 5-də Nazirlər Şurasına məruzə ilə müraciət etmişdi. FTK-nın dinc müsəlman əhaliyə qarşı ağır cinayət hallarına dair çoxsaylı material topladığı halda məhkəmə-istintaq orqanı səlahiyyətlərinə malik olmadığından, bütün bu cinayətlər haqqında ədliyyə nazirinə məlumat verməsi və sonradan məhkəmə icraatına uyğun ilkin araşdırma aparmaqla günahkarlara qarşı cinayət işi qaldırmaq barədə sərəncam verilməsi məqsədəuyğun sayılmamışdır (5, s.684-685). Bütün təhqiqatın, uyğun səlahiyyətləri və yetərli texniki qüvvələri olan istintaq idarəsinin əlində cəmləşməsi gərəkirdi. Araşdırmanı ləngitməmək, yenidən ilkin mərhələyə qayıtmamaq, təhqiqatı daha səmərəli aparmaq üçün FTK-nın istintaq hərəkətlərinin qüvvəsinə və əhəmiyyətinə malik olduğunu tanımaq lazım gəlirdi. Bu şərtlər daxilində ədliyyə nazirliyi tərəfindən 5 bəndlik müvafiq qərar qəbul edildi. Hüquqi statusu artırılan FTK artıq cinayətlərinə müvafiq olaraq günahkarları məsuliyyətə cəlb etmək üçün qərarlar qəbul edirdi. Komissiya üzvü A.Kluqe sədrə etdiyi məruzədə Bakı şəhərində müsəlman əhaliyə qarşı törədilmiş zorakılıqlar haqqında ətraflı məlumat verməklə, cinayət törətməkdə adları hallanan şəxslər əleyhinə konkret maddələr üzrə cinayət işi açmağı lazım bilirdi (5, s.687-701). Bakı ilə yanaşı digər qəzalarda törədilmiş qırğınlarla əlaqədar istintaq işi aparılırdı. Gəncə quberniyasının Ərəş və Nuxa (Şəki) qəzalarında komissiya üzvü N.Mixaylov, Quba qəzasının kəndlərində və Quba şəhərində A.Novatski müsəlmanlara qarşı qətliam, qarət və talanlar haqqında məruzələr hazırlayıb komissiyaya təqdim etmişdilər. İstintaq materialları əsasında hazırlanmış məruzələrdə cinayəti törətmiş şəxslərin adları göstərilməklə haqlarında müvafiq hüquqi tədbirlərin görülməsi təklif edilirdi.