FTK-nın 1919-cu ilin yayından etibarən rəsmi sənədləri əsasən cinayətkarların cəzalandırılması haqqında qərarlardan, polis idarələri ilə yazışmalardan, sorğu protokollarından ibarət olmuşdur. Azərbaycanlıların qırılmasında müqəssir olan şəxslər artıq məsuliyyətə cəlb edilirdi. Ümumiyyətlə 3500 vərəqdən ibarət 36 cildlik istintaq materialı əsasında cinayət işi qaldırmaq haqqında 128 məruzə və qərar layihəsi hazırlanmış, 194 nəfər erməninin cinayət məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırılmışdı (1, c.1, s.380). 1919-cu il noyabrın 1-də ədliyyə naziri FTK-nı ləğv etmək haqqında sərəncam vermişdi. Artıq başa çatmış istintaq işləri Məhkəmə Palatasına verilirdi. İstintaq materialları cinayətkarların cəzalandırılması məqsədilə yalnız hüquqi deyil, həm də başqa bir mühüm istiqamətdə siyasi əhəmiyyət daşıyırdı. Azərbaycanlıların məruz qaldığı faciəni dünya ictimaiyyətinə çatdırmaq, xaricdə ermənilərin böhtan dolu hücumlarını dəf etmək üçün FTK-nın topladığı materiallar əsaslı sübutlar idi. Parisdəki Azərbaycan nümayəndə heyəti üçün olduqca önəmli olan bu sənədlərin bir hissəsi də əlavə olaraq 1919-cu ilin mayında, fotoşəkillər və 80-dək diapozitivlə birlikdə göndərilmişdi (5, s.52). FTK erməni talanları zamanı müsəlman əhaliyə dəymiş maddi zərər haqqında da xeyli material toplamışdı. Hökumət 1919-cu il avqustun 17-də daha bir xüsusi komissiya təsis etmişdi ki, 1918-ci ilin mart hadisələri zamanı müsəlman əhalini qarət etmiş qəsbkarlardan götürülmüş qiymətli əşyaların sahiblərinə geri qaytarılması məsələsini həll etsin (5, s.53).
Azərbaycan hökumətini «intiqam və düşmənçilik» hisslərini qızışdırmaqda günahlandıran erməni liderləri bir neçə ay davam etmiş amansız kütləvi qətliamdan sonra nəinki peşmançılıq jesti göstərmədən, əksinə komissiyanın işinə böhtan, çirkab atmaqla cinayətkarları müdafiə edirdilər. Azərbaycan hökuməti «intiqam və düşmənçilik» hisslərindən uzaq olduğunu bir daha nümayiş etdirərək Azərbaycan Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması münasibətilə on minlərlə dinc azərbaycanlını amansızcasına, vəhşilikdə qətlə yetirmş cinayətkarların işinə xitam verdi (3, s.143).
Azərbaycan parlamentinin 1920-ci il yanvarın 14-də Cümhuriyyətin Paris sülh konfransı tərəfindən tanınmasına həsr olunmuş iclasında ədliyyə naziri Xəlil bəy Xasməmmədov sonuncu çıxışçı olaraq hökumətin bir qətnaməsini parlament üzvlərinin diqqətinə çatdırır. Cümhuriyyətin istiqlaliyyətinin təsdiqi münasibətilə hökumət «bir əfvi – ümumi layihəsini hazırlamağı» X.Xasməmmədova həvalə etmişdi. Ədliyyə naziri yaxın günlərdə həmin layihəni parlamentə təqdim edəcəyini bildirmişdi (4, c.II, s.709). 5 iclasdan sonra, 1920-ci il fevralın 9-da əfvi-ümumi haqqında məruzəçi Şəfi bəy Rüstəmbəyli bəyanat verir. Layihəyə təcili surətdə baxılması qərara alınır. Çıxış və izahatlardan sonra layihə maddələr üzrə səsə qoyulur və üçüncü qiraətdə qəbul edilir (4, c.II, s.727). Beləliklə, qanunun 10-cu bəndinə görə, FTK-nın fəaliyyəti zamanı qaldırılmış bütün cinayət işləri həmişəlik dayandırılır, milli ədavət zəminində qaldırılmış cinayət işlərinə xitam verilir (3, s.143).
Azərbaycan xalqına xas olmayan «intiqam və düşmənçilik» hisslərini başlıca fəaliyyət prinsipinə çevirmiş erməni millətçiləri isə hətta belə yüksək xeyirxahlıq qarşısında xislətlərinə sadiq qalaraq 1920-21-ci illərdə məhz qisasçılıq niyyəti ilə Cümhuriyyət xadimlərini (F.Xoyski, H.Ağayev və B.Cavanşir) qətlə yetirmişdilər (1, c.1, s.380-381). Cinayət işləri xətm olunsa belə tarix üçün təkzibedilməz sübut əhəmiyyətli mühüm mənbələr məhz FTK-nın gərgin fəaliyyəti sayəsində toplanmış və günümüzədək çatmışdır. Arxivlərdə mühafizə olunan bu sənəd və materiallar tədqiqatçılar, mütəxəssislər tərəfindən araşdırılmış, toplu halında çap olunmuşdur (5). Hüquqi cəhətdən həmin sənədlər, əsasında yenidən istintaq işi başlamaq mümkünsüz olsa belə, böyük bir faciəni – azərbaycanlı qətliamlarını - soyqırımı təsdiqləyən mənbə olaraq əhəmiyyətini saxlamaqdadır. Məhz tarixi faktları, çoxsaylı arxiv sənədlərini nəzərə alaraq 1998-ci il martın 26-da Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev «Azərbaycanlıların soyqırımı haqqında» fərman vermişdir.
Fərmanda qeyd olunduğu kimi, məhz Cümhuriyyətin varisi olaraq Azərbaycan Respublikası «soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi» qəbul etmişdir.
XIX yüzilliyin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğal olunması, tarixi ərazilərin bölünməsi, xalqın parçalanması, İran və Türkiyədən köçürülən ermənilərin qəsbkarlıq hərəkətləri haqqında fərmanda məlumat verilir. Cümhuriyyət dövründə FTK-nın yaradılmasını, 1919 və 1920-ci ilin mart ayının 31-nin ümummilli matəm günü kimi qeyd edilməsini respublika prezidenti «azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi» adlandırmışdır. Həmin tarixdən 80 il sonra, 1998-ci ildə verilən fərman «Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək» məqsədi daşıyır. Məhz həmin tarixdən etibarən 31 mart «Azərbaycanlıların Soyqırım Günü» elan edilərək 20 ildir ki, ardıcıl qeyd olunur: «Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir».
XX yüzilin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzkar siyasəti nəticəsində torpaqlarımızın işğal edilməsi, kütləvi qırğınlar törədilməsi, Xocalı əhalisinin soyqırıma məruz qalması hüquqi müstəvidə istintaq aparılması zərurətini yaratmışdır. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və digər hüquq mühafizə orqanları tərəfindən 1988-ci ildən başlayaraq ermənilərin törətdikləri ağır cinayət faktları ilə əlaqədar cinayət işləri başlanmış, istintaq aparılır. Hazırkı istintaq-əməliyyat prosesini 100 il öncəki təhqiqat prosesi ilə müqayisə etdikdə cinayətlərin məzmunu, cinayət əməllərinin tərkibi, üsulları, dərəcəsi ənənəvi xarakter daşıyır. Cinayətlərin məqsədi, hədəfi, taktikası da oxşarlıq təşkil edir. Azərbaycan Respublikasının indiki beynəlxalq və regional durumu ilə 100 il öncəki vəziyyəti isə tamam fərqli səviyyədə olduğundan, texniki imkanların təhlili müqayisə olunmazdır. Hüquqi təhqiqatların o zaman və indi üçün də eyni olan siyasi əhəmiyyəti vardır. O zaman da ermənilər həqiqətə zidd məlumatları – təbliğatları beynəlxalq ictimai fikri tamamilə Azərbaycan əleyhinə formalaşdırmağa səy göstərirdilər. Məhz bu prosesin qarşısını almaq üçün FTK-nın fəaliyyətinin nəticələrini başlıca Avropa dillərində açıqlamaq və geniş yaymaq nəzərdə tutulmuşdu.
Həmin dövrdə FTK-nın materiallarını, fotoşəkilləri Paris konfransına yola düşmüş Azərbaycan nümayəndə heyətinə göndərməklə həqiqətləri beynəlxalq ictimaiyyətə, Avropa siyasi dairələrinə çatdırmağa səy göstərilmişdi. Amma həmin materiallar Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra bir neçə xarici dildə çap olundu. Hazırkı istintaq materialları Azərbaycan diplomatiyası üçün nə qədər önəmlidirsə, 1918-ci ildə təsis edilmiş FTK-nın materialları da o dərəcədə əhəmiyyətini saxlayır. Ermənistan dövlətinin davam edən təcavüzkar siyasətinin, erməni millətçilərinin qanlı əməllərinin yenicə ortaya çıxmadığını, 100 ildən çox bir tarixə malik olduğunu təsdiqləyir. İstər o zamankı, istərsə də hazırkı istintaq materialları «Dağlıq Qarabağ» münaqişəsinin məhz Ermənistan dövlətinin Azərbaycana qarşı təcavüzün tərkib hissəsi olduğunu hüquqi baxımdan sübut edir. Sonuncu fazası 30 il sürən bu təcavüzün siyasi kökləri XIX yüzillikdən qaynaqlanır. Rusiya imperiyasının Qafqaz-Şərq siyasətində istifadə etdiyi xristian-erməni əhalinin kütləvi köçürülməsi nəticəsində Cənubi Qafqazda əhali amilinə çevrilən ermənilər bir əsrdən çoxdur uydurduqları «Böyük Ermənistan» davasını aparır, yerləşdirildikləri ərazilərdə əhalini amansız, qırğınlar yolu ilə məhv edib, planlarını gerçəkləşdirməyə çalışırlar. Dünyaya etdikləri təqdimat isə məzlum, əzilən xalq obrazıdır. Maddi-mənəvi saxtakarlığı peşəyə çevirmiş, hər hansı fürsətdən faydalanmağa səy edən, məqsədləri uğrunda hər amansızlığa əl atan, riyakarlığı təhlükəli həddə çatan erməni millətçiləri (bütün sosial təbəqələrini əhatə edir) açıq mübarizədə hərb yolu ilə, məkrli siyasətlərində isə beynəlxalq ictimai qınaq, hüquqi bazaya söykənən dəlillər vasitəsi ilə dəf edilə bilər. Bu baxımdan hazırkı istintaq prosesində FTK-nın materiallarının istifadə olunması tam və gerçək mənzərəni yaratmağa fayda verə bilər.
İstifadə olunmuş ədəbiyyat:
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Bakı, 2014
Azərbaycan Respublikası Dövlət Arxivi
Азербайджанская Демократическая Республика (1918-1920 гг.). Законодательные акты (Сборник документов). Баку, 1998, 560 с.