Выбрать главу

Kütləvi soyqırımını həyata keçirmək üçün ermənilər uzun illər ərzində silahlanmış könüllülər toplanmış, sonra isə mütəşəkkil surətdə eyni vaxtda müxtəlif yerlərdə müsəlmanları kütləvi surətdə qırmağa başlamışlar. 1905, 1915, 1918, 1921-ci illərdə Bakıda, Gəncədə, Qubada, Şuşada, Şamaxıda, Naxçıvanda, Lənkəranda və 1992-1993-cü ilərldə təkrarən Şuşa, Kəlbəcər, Xankəndi, Laçın, Ağdam, Füzuli, Xocavənd, Kəlbəcər, Xocalı, Zəngilan və s. işğal etdikləri Azərbaycan ərazilərində müsəlmanları kütləvi surətdə qətlə yetirmişlər.

1905-ci il iyunun 13-dən Cəbrayıl bölgəsində ermənilər tərəfindən müsəlmanların kütləvi surətdə öldürülməsini M.S.Ordubadi (1872-1950) şərh edərək yazır ki, “...1905-cı il iyulun 12-də Şuşada çar hakim dairələrinin ikibaşlı siyasəti üzündən ikinci dəfə ermənilər olmazın vəhşiliklər törətdilər”. Gəncə və Qazaxda baş verən hadisələrdən bəhs edərək M.S.Ordubadi yazır ki, ermənilərin əsas hədəfi müsəlmanları Gəncə ərazisindən köçürüb, yerində Ermənistan təşkil etmək idi (6,s.17). (M.S.Ordubadi. “Qanlı sənələr”, “Səda mətbəəssi”, Bakı,1911., Ordubainin “Qanlı illər : 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi” (əsəri ərəb əlifbasından çevirən, sadələşdirən və çapa hazırlayan Ə.Bağırov.-Bakı, 1991.)

Ermənilərin müsəlmanlara qarşı qəddarlığının şahidi olan Mir Möhsün Nəvvabın (1833-1918) yazdığına görə, ermənilər tikdirdikləri məktəb binasında işləyən 17 nəfər iranlı fəhləni qətlə yetirmişdilər. O, yazır: “Qələmlə yazılması qeyri-mümkün olmayan erməni vəhşiliyi idi. Ermənilər onların başına mismar çalaraq əzdikdən sonra cəsədlərini bir dərəyə ataraq üstlərini peyinlə basdırmışdılar”.(47,s.112.) (M.M.Nəvvab.1905-1906-cı illərdə erməni-müsəlman davası.Bakı, 1993).

Daşnakların müsəlmanlara qarşı Bakıda törətdikləri soyqırımı hadisələrini öz gözü ilə görmüş Seyid Cəfər Pişəvəri yazır: “1918-ci ilin martın 18-də daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız adamların, xüsusilə bitərəf Cənubi azərbaycanlıların öldürülüb karvansaraylarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu, çox faciəli və nifrət doğuran bir hərəkət olmuşdur...” (56,s.297.) (Seyid Cəfər Pişəvəri.Seçilmiş əsərləri.1965,səh.297).

Tarixi faktlara əsaslanaraq daha bir faktı göstərmək mümkündür. Rus ordusunun generalı L.Odişe Liyetzenin rəsmi hesabatında yazılmışdır ki,.. «kimin kim olduğu bu qırğin zamanı özünü büruzə verdi. Əlbəttə, XX əsrdə ilk genosidi törədən ermənilər olub. 1915-ci ilin 11-12 mart gecələrində erməni cəlladları Ərzincan ətrafındakı ərazilərdə müsəlmanları süngülər və baltalarla ucdantutma qətlə yetirdilər. Bu vəhşilər öz qurbanlarını dərin xəndəklərə atırdılar. Hər xəndəyə təxminən 80 nəfər müsəlman nəşi tullanırdı. Mənim adyutantım 200 belə xəndək saymış və cinayətlərin üstünü açmışdır. (Baxın! Hansı bir tarixi sənədlərı araşdırdıqca erməni qəddarlığı çılpaqlığı ilə görünür - H.A.). (3, iş 95.vərəq 2.) Azərbaycan Milli Dövlət Arxivi).

Polkovnik-Leytenant Qçyaznov rəsmi hesabatında bir daha göstərmişdir ki,..«Kəndlərə uzanan yollara müsəlmanların süngüyə keçirilmiş meyidləri, kəsilmiş bədən hissələri və dağıdılıb tökülmüş, daxili orqanları səpələnmişdi..,» Əfsus! Əsasən qadınlar və uşaqlar. Ermənilər öz vəhşiliklərini ört-basdır etmək üçün dərin quyular qazır və köməksiz insanları heyvan kimi doğrayaraq həmin quyulara atırdılar. Quyu meyitlə dolduqdan sonra onun yanında dayanmış erməni deyirdi: «70 nəfərin meyiti quyudadır. Daha 10 meyit də atıla bilər». Daha sonra 10 müsəlman meyiti də parça-parça edilib quyuya atılır və quyu dolduqdan sonra üstü torpaqla örtülürdü. Qətllər üçün məsuliyyət daşıyan erməni bir yerə 80 nəfər müsəlman toplayır, sonra yenidən bir-bir onların başı kəsilirdi. Bu, görünməmiş bir vəhşilik idi» (3). Azərb. Milli Dövlət Arxivi 1915-ci il.).

Tarixi qaynaqlar göstərir ki, daşnaklar 1918-ci ilin martında Bakının müsəlman əhalisini məhv etmək üçün müxtəlif cəbhələrdən 7 min erməni əsgəri gətirmişdilər. Bundan başqa «Qırmızı qvardiya» adlanan 10-12 minlik ordunun da 70 faizini ermənilər təşkil edirdi. Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin başçıları inqilabi komitənin qərərgahına gəliblər və qısa təlimatdan sonra müsəlman məhəllələrinə göndəriliblər. Yaxşı silahlanmış və təlim görmüş erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, 3-4 günlük uşaqları süngülərin ucuna keçirirdilər. Erəmənilər müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin müxtəlif yerlərindən qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsi orqanları doğranmış yüzlərlə müsəlman qadınının meyiti tapılmışdır. Gənc qadınların bir çoxunu diri-diri divara mıxlamışdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərində pulemyot mövqeləri qurulmuşdu ki, bu da ermənilərin vəhşi xarakterli məqsədlərini yerinə yetirməkdə mühüm vasitələrdən biri idi (2.iş16,vərəq 20.) (Azərbaycan Respublikası Dövlət Arxivi 1918-ci il).

1918-ci il 24 mart tarixli “Naş Qolos”qəzetində bu facıə belə verilmişdir. “Həmin proseslər zamanı «Bakının Nikolay küçəsi ilə» hücuma keçmiş erməni əsgərlərinə, əsasən, erməni ziyalılarının nümayəndələri rəhbərlik edirdi. Belə dəstələrdən biri evə girib 8 qadın və uşağı güllələmişdi. Başqa dəstə fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək 9 ziyalı müsəlmanı küçəyə çıxarmış və kilsə meydanında güllələnmiş meyitlərin ikisini yanmaqda olan «Dağıstan» mehmanxanasının alovları içinə atmışdır” (15,s.2-3.). “Azərbaycan” qəzeti, 10 aprel 2005.)

Qeyd etmək lazımdır ki, ermənilərin bütün dünyaya car çəkdikləri «erməni soyqırımı» ilə bağlı bircə dənə də olsun tutarlı fakt yoxdur. Bu onu sübut edir ki, türklərin ermənilərə qarşı soyqırımı baş verməmişdir- (H.A.). Bu hadisələrin davamı olaraq ermənilər Xocalıda soyqırımı həyata keçirdilər. Bu oyun planlaşdırılmış bir siyasət idi. Yəni XX əsrin əvvəllərindən başlanan planlaşdırılmış və böyük dövlətlərin maraqları ilə məqam yetişəndə uzlaşdırılan və həyata keçirilən bir siyasət idi. Əslində ermənilər mənfur niyyətini həyata keçirməkdən ötrü «Daşnaksütyun», «Qnçak» təşkilatlarını yaradaraq bu təşkilatlardan istifadə etmişlər- (H.A.).

Hadisələrlərlə əlaqədar, yəni mart soyqırımının ildönümü münasibətilə 1924-cü ilin 31 martında (ermənilərin törətdikləri qanlı hadisələr-H.A.) çapdan çıxmış «Yeni Qafqasiya» qəzetinin 13-cü sayında yazılmışdı ki, «1918-ci ilin martı başıbəlalı Bakının keçirdiyi pək qara və məzlumi günləri təşkil edir. Stepan Şaumyan Rusiyada hökuməti ələ alan bolşevik rəhbəri V.İ.Lenin tərəfindən bütün Qafqaza fövqəladə komissar təyin edilir. Şaumyan Qafqaz komissarı sifətilə Tiflisə getmişkən kəndisinə müxalifət edən Məvareyi-Qafqaz (Cənubi Qafqaz) komissarlığı hökumətinə müqabil menşeviklərin əlində olan Tiflis sovetlərində istinadgah tapmayaraq yaxasını ələ verməkdən bir tövrlə sivişib Bakıya dönmüşdür. Bakıya qayıdan Şaumyan tez bir zamanda öz niyyətlərini həyata keçirmək üçün genişmiqyaslı iş planı işləyib hazırlayır. İran cəbhəsindən dönərək Bakıda toplu halında bulunan rus ordusu soldatlarını min cürə yalan və təşviqələrlə məmləkətlərə getməkdən məhrum etdilər, onları siyasi məqsədlər üçün istifadə etmək istədilər. S.Şaumyan artıq bu istəklərinə nail olmuşdur. Göründüyü kimi həmin hadisələr artıq mətbuat orqanlarında da əsas mövzulardan birinə çevrilmişdi.

Hətta bu mövzu xaricdə nəşr olunan informasiya vasitələrində də yer almışdı. Məsələn, 1933-cü ilin aprelində Almaniyanın Münhen şəhərində nəşr olunan «İstiqlal» qəzeti isə (31-ci nömrəsində) bu hadisənin 15 illiyi ilə bağlı məqalə dərc etmişdir. Məqalədə göstərilir: «1918-ci il 22 martda Bakının «İsmailiyyə» binasının möhtəşəm salonunu milli musiqi, tans, sevinc və gülüş titrədirdi. Novruz bayramı qarşılanmaqda idi. Bir həftə sonra martın 31-də isə bu tarixi bina, Azərbaycanın bütün siyasi, elmi, ədəbi, bədii, iqtisadi və ictimai cəmiyyət və təşkilatları ilə kitabxana, qiraətxana yetimlər yurdunun yetişmiş olduğu bu qoca saray quru bir kabus halında matəm içərisində idi. Yandırılmışdı. Yandırılan bir tək «İsmailiyyə» deyildi, türklərə məxsus bütün mətbəələr, mətbuat idarəxanaları, milli teatr binası, məktəblər, xəstəxanalar, camilər, milli-mədəni müəssisələr yerlə-yeksan edilmişdi. Bir həftə ərzində Bakı bütün simasını itirmişdi. 31 martda 15 min günahsız türk kəsilmişdi» (114). (“İstiqlal” qəzeti, 10 aprel 1933, N 31).

Tarixi mənbələrə istinadən demək olar ki, sadalananlar ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı hadisələrinin sonu deyildi.

Şərqdə isə demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1920-ci il martın 31-i (ermənilərin Azərbaycana qarşı törətdikləri soyqırımı-H.A.) matəm günü kimi qeyd olunmuşdur. Əfsuslar olsun ki, sovetlər dövründə qanlı mart hadisələri tamamilə unutdurulmuşdur. Lakin 80 il sonra Ulu öndər H.Əliyev «Azərbaycanlıların soyqırımı haqqında» tarixi fərmanı xalqımıza qarşı törədilmiş soyqırımın obyektiv mənzərəsini əks etdirdi və ona siyasi qiymət verməyə şərait yaratdı. H.Əliyev Azərbaycanın soyqırımı günü ilə bağlı xalqa müraciətdə demişdi: «Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin qayəsi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə mifik «Böyük Ermənistan» dövləti yaratmaq olmuşdur. Müəyyən tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn bu siyasəti reallaşdırmaq üçün ardıcıl olaraq ideoloji, hərbi və təşkilati xarakterli tədbirlər həyata keçirilmişdir. Xalqımızın tarixi kobud surətdə təhrif olunmuş, erməni tarixçiləri və ideoloqları toponimlərimizi, mədəniyyət abidələrimizi öz adlarına çıxmaq üçün davamlı səylər göstərmişlər. Onilliklər boyu davam edən soyqırımı siyasəti total ideoloji təcavüz, terror, hətta ayrı-ayrı vaxtlarda tammiqyaslı hərbi əməliyyatlarla müşayiət olunmuşdur”(77). “Azərbaycan” qəzeti,27 mart 1998-ci il.)