Reallıqlar sübut edir ki, zaman-zaman müxtəlif yerlərdə ermənilərə qarşı müşahidə olunan düşmənçilik münasibətlərinə yalnız və yalnız ermənilərin özləri səbəbkardır. Araşdırmaların nəticələri göstərdi ki, ermənilərə qarşı həmişə xoş münasibət olmuş, məhz bu səbəbdən onlar indiyə kimi dinlərini yaşadıblar, dillərində danışırlar, məktəbləri olub, bir sözlə, hər bir xalqa lazım olan hər cür şəraitlə təmin olunublar.
Həcər Verdiyeva
Erməni terroru kürdlərə qarşı
“Erməni məsələsinin” həlli məqsədilə, hakimiyyət nümayəndələrinə qarşı silahlı çıxışların təşkilinə meylini heç vaxt gizlətməmiş “Daşnaksutyün” partiyası Osmanlı imperiyasında bir sıra uğursuz cəhdə əl atdıqdan sonra XIX əsrin sonunda bütün diqqətini Qafqaza yönəltdi. Rusiya imperiyası erməni-qriqorian kilsəsinin əmlakı üzərinə sekvestr qoyduqdan sonra, XX əsrin əvvəllərində daşnaklar artıq Rusiya hökumət nümayəndələrinin, xüsusilə Qafqaz administrasiyasının yüksək vəzifə sahiblərinə qarşı çıxmağa başladılar. Bunun nəticəsində Birinci rus inqilabı ərəfəsində erməni terror dalğası öz pik nöqtəsinə çataraq, Cənubi Qafqazı da keçdi. Bu zaman erməni şovinist dairələri öz çirkin planlarının həyata keçirilməsi üçün xüsusi yaraqlı dəstələr yaradırdılar. Bu dəstələr “Daşnaksutyün” partiyasının I qurultayının 1892-ci ildə qəbul etdiyi qərardan sonra formalaşmağa başladı. Döyüşçü dəstələrin maliyyələşdirilməsi üçün daşnaklar xüsusi maliyyə büdcəsi yaratdılar. Burada həm “Daşnaksutyün” üzvlərinin partiyaya üzvlük haqqı, həm də erməni lobbisinin imkanlı nümayəndələrinin ianələri toplanılırdı. Bakının “qara qızılı” hesabına Rusiya imperiyasının ən varlı sahibkarlarından birinə çevrilən А.Mantaşev daşnakların maliyyələşdirilməsində böyük rol oynayırdı. Arxiv sənədləri göstərir ki, erməni ideoloqlarının heç bir izahı və əsası olmayan iddialarının həyata keçirilməsi üçün maliyyə mənbəyi rolunu öz üzərinə götürən “Erməni milli bankı”nın əsasını 1902-ci ildə Londonda məhz A.Mantaşev qoymuşdu(2, 38arxa).
Daşnak terroru Birinci rus inqilabından sonra da bütün Rusiya ərazisi boyunca həyata keçirilirdi. Təkcə 1907-ci ildə xüsusi məktəblərdə hazırlanmış “Daşnaksutyün” döyüşçüləri tərəfindən 3.060 terror aktı həyata keçirilmişdi. Belə məktəblərdən biri də Bolqarıstanda, Ril monastırında yerləşirdi (8, 42-43). Elə həmin ildə daşnaklar imperator II Nikolaya və imperiyanın hökumət başçısı P.A. Stolıpinə qarşı sui-qəsd hazırlamışdılar. “Daşnaksutyün” partiyasının bu niyyətini onun malik olduğu real qüvvə - sayı 100.000-dək olan - zinvorlar (döyüşçülər) ordusuna sahib olması faktı da izah edə bilər(8, 33). Qeyd etmək lazımdır ki, Birinci rus inqilabı illərində, bu hərbi qüvvənin saxlanması üçün daşnaklar çar əskinasları ilə 10 milyon rubla qədər maliyyə vəsait xərcləmişdilər (8,34).
Mühafizə bölməsinin agentura məlumatlarına əsasən Birinci dünya müharibəsi ərəfəsində “Daşnaksutyün” partiyası çox aktiv şəkildə silahlanmağa davam edir, hətta ABŞ-dan da silah alırdı. Erməni ekstremistləri tərəfindən alınan silahlar Qafqaza müxtəlif marşrutlar üzrə və əsasən Qara dəniz limanlarından gətirilirdi. Bu faktlar, erməni millətçilərinin inqilabdan sonrakı dövrdə hökumət əleyhinə çıxışlara və zorakı aksiyalara çox fəal şəkildə hazırlıq görmələrindən xəbər verir. Onların bu fəaliyyətinin tərkib hissəsi isə Birinci dünya müharibəsi dövründə eybəcər bir forma almış erməni terroru idi.
Birinci dünya müharibəsi erməni terrorizminə yeni təkan verdi. 1914-cü ilin sonu - 1915-ci ilin əvvəllərində Osmanlı imperiyasının Van, Zeytun, Bitlis, Muş əyalətlərində fəaliyyət göstərən erməni quldur birləşmələri, Kiçik Asiyanın bir hissəsinin rus ordusu tərəfindən işğal edilməsindən istifadə edərək və bu işğalın onların planları üçün əlverişli şərait olduğunu hiss edərək, Osmanlı ordusuna qarşı çıxmağa başladılar. Bu çıxışlar nizami ordu ilə uğursuz toqquşmalar xarakteri daşımaqla yanaşı, həm də dinc əhaliyə qarşı cəza aksiyaları ilə, onların kütləvi qətlə yetirilməsi ilə müşayiət olunurdu. Qeyd olunmuş konkret xoronimdə* türklərlə yanaşı, həmçinin burada yaşayan kürdlər də zorakılığa və qətliamlara məruz qalırdı. Rusiya Federasiyasının arxivlərində saxlanılan tarixi sənədlər 1915-ci ilin yanvarında erməni silahlılarının törətdiyi azğın əməllərə şahidlik edir. Bu sənədlərdə ermənilərin kürd kəndlərini talan etdiyi və kürd qadınlarına qarşı zorakılıq törətdikləri göstərilir(12,87).
Regionda erməni özbaşınalığı 1915-ci ilin yazında da davam etdi. Belə ki, infanteriya generalı P.Oqanovskinin fərmanı ilə daşnak S.Tiqranyan Rusiya
*coğrafi məkan
qoşunları tərəfindən işğal edilmiş ərazidə mülki hissə üzrə müdir təyin olunmuşdu. Tutduğu vəzifədən sui - istifadə edərək P.Oqanovski erməni yaraqlı dəstələrinə geniş səlahiyyətlər verir, onları inzibati vəzifələrə təyin edir, “erməni qaçqınlarını kəndlərdə yerləşdirir, onlara kürdləri qarət etmək, mal-qarasını sürüb aparmaq imkanı verirdi”(8, 66).
1915-ci ilin yayında Van əyalətinin rus Qafqaz ordusu tərəfindən işğal olunmasından və zinvorların və zinvorların ideoloqları olan daşnakların tam ixtiyarına verilməsindən sonra, regionda yaranmış ictimai-siyasi vəziyyət yerli əhali üçün dözülməz bir hala çevrilmişdi. Daşnak Aram Manukyanın göstərişi ilə zinvorlar “türklərin və kürdlərin bu əraziləri tərk etməsindən sonra qalan əmlakını talan etmiş, kürdlərə və türklərə məxsus otlaq və zəmilər erməni əhalisinə verilmişdi”(8,67). Sovet ermənişünası А.B.Karinyan Birinci dünya müharibəsi illərində erməni silahlı dəstələrinin vəhşilikləri barədə öz əsərlərində yazır, kürd və türk əhalisinin zinvor dəstələri tərəfindən sistematik qətliamlara məruz qaldığını göstərən faktları vurğulayırdı (10, 65-66).
Erməni yaraqlılarının müsəlman əhalisinə, xüsusilə kürdlərə qarşı zorakılıq əməlləri 1916-cı ildə də davam etməkdə idi. Belə ki, 1916-cı ilin sentyabr ayında Qafqaz ordusunun səhra qərargahı yanında hərbi məhkəmə tərəfindən 3-cü və 4-cü erməni dəstələrinin yaraqlılaqrı “kürd qadın və qızlara zorakılıq tətbiq edərək, 26 qadın və uşağa işgəncələr verərək və ölümcül zərbələr endirərək qəsdən zərər vurmaqda” təqsirləndirilirdilər (12,124).
Kürdlərin Birinci dünya müharibəsi illərində törətdikləri qətliamlar barədə bu dövrdə nəşr olunan “Erməni xəbərləri” adlı ictimai-siyasi həftəlik qəzet də yazırdı. Qeyd etmək lazımdır ki, bu jurnalın səhifələrində “erməni qələmi”dominantlıq edirdi. Erməni zinvorlarının törətdiyi vəhşilik faktları o qədər təkzibedilməz idi ki, hətta bu millətçi qəzetin ermənipərəst redaksiya heyəti də həqiqətin səsini batıra bilməmişdi.Belə ki, “Erməni xəbərləri” qəzetində dərc olunmuş materialların birində aşağıdakı məlumatlara rast gəlmək olar: “Müharibəyə qədər 800 000-dən çox kürdün yaşadığı - Van gölündən cənub və qərb tərəfə, Bitlis-Muş rayonundan, daha sonra Xnıs, Bulanık, Patnots, Manazkert, Ala-Dağıdan və Alaşkertlə birgə Basen və Bayazid - Diadinin rayonlarına qədər uzanan bütün sahə hazırda tamamilə boşdur” (7, 15). Bu fraqment birmənalı olaraq sübut edir ki, Osmanlı imperiyasının Kiçik Asiya regionunun müsəlman əhalisinin yaşadığı demoqrafik kollapsın səbəbkarı məhz erməni yaraqlılarıdır.Onların Şərqi Anadolu əhalisinə - türklərə və kürdlərə qarşı törətdiyi soyqırım nəticəsində, artıq 1916-cı ilin yazında bu məkandan Cənubi Qafqaza müsəlman qaçqınların axını müşahidə olundu. Onların Azərbaycan Respublikası Dövlət Tarix Arxivində aşkar etdiyimiz qeyri – dolğun siyahıları bu faciənin böyük miqyasından xəbər verir (4, 62, 63, 86-90, 96, 96 arxa).
Erməni terroru Osmanlı imperiyasının Kiçik Asiya regionunda törədilən cinayətlərlə məhdudlaşmadı. “Böyük Ermənistan” əfsanəsini Şərqi Anadoluda həyata keçirməyə nail ola bilməyən erməni şovinistləri Azərbaycan xalqına qarşı soyqırım və terror törətmək taktikasına keçdilər. Qeyri-dəqiq hesablamalara əsasən təkcə Bakı quberniyasında 1918-ci ilin yazında 40 mindən çox azərbaycanlı erməni millətçiləri tərəfindən qətlə yetirilmişdilər. Demoqrafik kollapsa səbəb olmuş total şəkildə aparılan erməni terroru sonrakı dövrlərdə də davam etmişdi.Həmin ilin payızında erməni silahlı dəstələri 1897-ci ildə aparılan Rusiya ümumi siyahıyaalma məlumatlarına əsasən 314 müsəlman kəndinin qeydə alındığı Zəngəzurda 115 Azərbaycan kəndində qırğınlar törətmişdilər (5,127-128;6,18). Yelizavetpol quberniyasında 69 kürd kəndinin qeydə alındığını (9, 162) və onların bir hissəsinin Zəngəzur mahalında məskunlaşdığını nəzərə alsaq, belə bir reallığı göstərə bilərik ki, XIX ərin sonundan etibarən erməni terror hərəkatında aktiv iştirak etmiş və 1918-ci ilin payızında Zəngəzurda törədilən qırğın zamanı xüsusi “fərqlənmiş” məşhur terrorçu Andranikin dəstəsi kürd kəndlərini də qırğınlara məruz qoymuşdu.
Bu məsələni araşdıran tədqiqatçılar ötən əsrin birinci yarısında İrəvan torpaqlarında baş verən erməni terrorunun dəhşətli nəticələrini diqqətə çatdıraraq, göstərmişlər ki, erməni milətçiləri bu məkanın əhalisini - Azərbaycan türkləri və kürdləri fiziki cəhətdən məhv etmişlər. XX əsrin 20-30-cu illərində müxbir kimi fəaliyyət göstərən erməni tədqiqatçısı Anait Lalayan öz əsərlərində faktiki materiallara istinad edərək, 1918-1920-ci illərdə Azərbaycan türkləri ilə yanaşı, həmçinin kürdlərin də erməni terrorizminə məruz qaldığını bildirmişdir. А.Lalayan “müsəlmanlar- düşmənlərimizdir” şüarı altında Azərbaycan torpaqlarında daşnak hökumətinin “azərbaycanlı və kürd kəndlərini bombardman edərək, müsəlman əhalisini məhv etdiyini” yazmışdır. Müəllif erməni quldurları tərəfindən törədilmiş soyqırımı nəticəsində, bu illərdə İrəvan bölgəsində müsəlman kürdlərin 98%-nin və yezidi kürdlərinin 40%-nin qətlə yetirildiyini vurğulamışdır (11,99).