Выбрать главу

Bizim hesablamalarımıza əsasən, əgər 1916-cı ildə İrəvan quberniyasında 43.784 müsəlman kürd və 17.219 yezidi kürdü yaşayırdısa(9, 249), 1920-ci ildə soyqırımı nəticəsində yuxarıda göstərilən Anait Lalayanın verdiyi məlumatı nəzərə alsaq bu dövrdə müsəlman kürdlər təxminən 43 min, yezidi kürdləri isə təxminən 7 min insan itirmişdi. Bu faktlar Azərbaycan türkləri ilə yanaşı, həm də kürdlərə qarşı erməni vandalları tərəfindən törədilmiş erməni terrorunun dəhşətli nəticələrini birmənalı şəkildə diqqətə çatdırır. 1918-1920-ci illərdə daşnak hökuməti İrəvan bölgəsində ümumilikdə 300 müsəlman kəndini məhv etmişdi. Bu vəhşi qətliamdan yalnız Uluxanlı kəndi və Azərbaycan şəhəri olan İrəvanın müsəlman təbəqəsinin cüzi bir hissəsi  300 ailə xilas ola bilmişdi (3, 19).

Erməni millətçi şovinizminin ideoloqları artıq bir əsrdən çoxdur ki, Aralıq dənizindən Qafqaza qədər olan geniş ərazilərə bədbəxtlik və ölüm gətirir. Bu regionda yaşayan insanlar - müsəlmanlar, xristianlar və iudeylər də həmçinin öz təcrübələrində erməni vandalizminin şahidi olmuşlar. Bu acı aqibəti ХIХ əsrin 90-cı illərindən başlayaraq erməni millətçiləri tərəfindən zorakılığa məruz qalan, şər və zülmət yayan erməni terrorçularının cinayətkar əməllərindən əziyyət çəkən kürdlər də yaşamışlar. Belə ki, yenidənqurma illərində⃰ uydurma “Dağlıq Qarabağ” probleminə qayıdan erməni millətçiləri, 1988-ci ilin noyabrında daşnak alqoritmlərini əsas götürərək İrəvan torpaqlarında “etnik təmizləmə” həyata keçirdilər.Bu zamanı say 1000 nəfərdən çox olmayan ruslar da Ermənistan SSR-dən çıxarıldılar(1,135). Kürdlərin böyük bir qismi də bu dövrdə bütün Azərbaycan türkləri kimi Ermənistan SSR- dən qovuldu. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə SSRİ-nin dağılmasına qədər Ermənistan SSR-dən təxminən 18 min kürd Azərbaycan SSR-ə üz tutmuşdu(1, 135). Beləliklə,

⃰ 1987-1991

SSRİ-nin dağılması ərəfəsində, erməni millətçiləri tərəfindən həyata. keçirilmiş “etnik təmizləmə” Ermənistan SSR-i monoetnik dövlətə çevirdi və bu da “erməni sindromu” nun parlaq göstəricisidir. Hazırkı dövrdə tseqakronizmi⃰ rəhbər tutan Ermənistan Respublikası rəhbərliyi bu siyasəti davamlı olaraq aparır, erməni irqçilik nəzəriyyəsinin ideoloqu olan Njdeyə İrəvanda abidə ucaldır, dünya xalqlarıının qanına susayan Dronun xatirəsini əbədiləşdirir.

⃰irqçilik

Ədəbiyyat:

1.Arzumanlı Vaqif, Mustafa Nazim. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. Bakı, 1998.

2. Azərbaycan Respublikası Prezidentinin işlər İdarəsinin Siaysi sənədlər Arxivi(sonra-ARP İİ SSA, f.276, siy.8,s.v.277.

3.ARP İİ SSA, surətlər fondu, №1836. Отчет Тюрксекции ЦК КП(Б) Армении.

4.Azərbaycan Respublikası Dövlət Tarix Arxivi, f.335, siy.1, s.v.1.

5. İsgəndərov Anar. Azərbaycan həqiqətləri 1917-1920. Bakı, 2012.

6.Mustafayev N.Y.1905-1906-cı illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar. Tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı.Bakı, 2014.

7.Армянский вестник. М., 1916.13 ноября. №42.

8.Багиров М.Б., Вердиева Х.Ю.В поисках истины…Лицо армянства. Архив Политических Документов Управления Делами Президента Азербайджанской Республики.Документы свидетельствуют…Баку, 2011.

9.Вердиева Х.Ю. Переселенческая политика Российской империи в Северном Азербайджане. Баку, 1999.

10.Каринян А.Б. К характеристике армянских националистических течений. Журнал «Большевик Закавказья». Тифлис, 1928. №9-10

11.Лалаян А.А. Контрреволюционная деятельность партии Дашнакцутюн. //Исторические записки.1938 .№2.

12.Перинчек Мехмет. Армянский вопрос в 120 документах из российских государственных архивов. Москва, 2011.

İsmayıl Musa

“Madrid sənədi – prinsipləri”: baxışlar və problemlər

Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair “Praqa prosesi”nin gedişində “Madrid sənədi” məsələsi ortaya çıxdı və onun ətrafında diplomatik qalmaqal yaşandı. Belə ki, ATƏT XİNŞ-in 2007-ci il noyabrın 27-də keçirilən iclasından öncəki görüşdə həmsədrlər Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlərinə birgə yazılı təkliflərini təqdim etdilər. Rusiya (S.Lavrov) və Fransa (B.Kuşner) baş diplomatlarının, habelə ABŞ Dövlət katibinin müavini U.Bernsin də qatıldıqları həmin görüşdə münaqişə tərəflərinin Xarici İşlər nazirlərinə verilən təkliflər sənədi öncə tam açıqlanmadı, hətta “gizlədildi”.

Həmsədrlərin təkliflər paketi (“Madrid sənədi”) onun müəlliflərinə görə, münaqişənin dinc yolla tənzimlənməsinin - axırıncı fikir ayrılıqlarını aradan qaldırmalı olan - ədalətli, qarşılıqlı məqbul, qərəzsiz və tarazlaşdırılmış baza prinsipləridir. Buradan da göründüyü kimi, həmsədr dövlətlər və ATƏT baza prinsipləri haqqındakı sənədi “gələcək nizamlama üçün daha real əsas” hesab edirlər. Bir sıra politoloq-ekspertlər isə sənəddə yeniliklərin olmadığını vurğulayaraq, onun sadəcə əvvəlki danışıqların tezislərini özündə cəmləşdirdiyini bildirirlər. Onların nəzər nöqtəsinə görə, həmin təkliflər paketinin təqdimatında (özü də müzakirələrsiz) başlıca məqsədlər bunlar olmuşdur:

1. Tərəflərin məsuliyyətdən yayınmalarının önlənməsi.

2. Hər iki dövlətdə 2008-ci ildə keçiriləcək prezident seçkilərindən sonra da danışıqların davam etdirilməsinə əvvəlcədən təminat alınması.

Bu məqsədlərin detallarına varıldıqda həmsədrlərin (bütövlükdə, ATƏT-in) təklif edilən baza prinsiplərinin qəbulu ilə danışıqların hazırkı mərhələsini bitirib yeni dönəmə-hərtərəfli sülh sazişinin layihəsinin işlənilib hazırlanılmasına-keçirilməsini istədikləri bəlli olur. Sənəd habelə həmsədrlərin bu kimi niyyətlərini də açıqlamağa imkan verir. Yəni prezidentlərin: a) mümkün olan bütün sahələrdə tərəflərarası etimadın möhkəmləndirilməsinə yönəlik tədbirləri davam etdirmələri; b) öz ölkələrinin əhalilərini sülhə hazırlamaları; c) müharibənin münaqişənin həlli vasitəsi olmasına dair bəyanatlarla çıxışlara təcili son qoymaları və s.

Həmsədrlər seçkidən sonrakı dönəmdə danışıqlar prosesinin “ağ vərəq” dən, yəni “sıfır”dan başlanılması durumunun yaranmaması üçün prezidentlərin baza prinsipləri ilə bağlı “şifahi razılaşmaları”nı əldə etməkdə də maraqlı olmuşdular. Tələsdikləri gözönündə olan həmsədrlərin prezidentlərin seçkilərə qədər həmin sənədi birgə bəyanat olaraq (guya ki, status-kvonun saxlanması üçün) elan etmələrinə cəhd göstərmələri də alınmadı. Yəni belə bir birgə bəyanat verilmədi. Bu tələskənlik prezidentlərdən birinin (Ermənistanda) və habelə həmsədrlərin dəyişməsi ehtimalı ilə də izah olunurdu.

Çoxlu mübahisəli və ziddiyyətli məqamlara malik olan və bir müddət açıqlanmayan “Madrid sənədi” diplomatik çevrələrdə müxtəlif mövqelər yaratdı:

sülh danışıqlarının “Praqa formatında davamı” imkanı (E.Məmmədyarov);

Azərbaycan üçün “kapitulyasiya aktı”, başqa sözlə, təslimçi sülh (ölkədaxili bəzi qeyri-rəsmi dairələr);

Ermənistanın uğuru və onun maraqlarının ən çox təmin edilməsi və mövqelərinin möhkəmlənməsi (V.Oskanyan);

konfliktin nizamlanması üçün “qızıl şans” (Q.Lenmarker);

“kompromislər üçün ən optimal variant”-“yeni təşəbbüs deyil, təşəbbüslərin sonu” (M.Brayza);

“münaqişənin həlli üçün indiyədək əldə edilən bütün müsbət elementlərin ilk dəfə olaraq bir yerə toplanıldığı və gələcək addımları asanlaşdıracaq sənəd” (S.Lavrov);

“referendum razılaşması” (Beynəlxalq Böhran Qrupu-S.Frayzer);

“status-kvo sənədi”, “kövrək ümidlər” (Qərb mətbuatı: İngiltərənin “Ekonomiks” qəzeti və s.).

Bu kimi konkret tezislərin arxasındakı mövqelərin bir qədər ətraflı açıqlanması “Madrid sənədi” ətrafında yaranan diplomatik mənzərənin (qalmaqal və s.) anlaşılması baxımından faydalıdır. Həmsədrlərin təklif (təqdim) və münaqişə tərəflərininsə inkişaf etdirdikləri bu paketlə bağlı haçalanmış mövqelər mövcuddur.

Ermənistanda da hakimiyyətlə qeyri-rəsmi dairələrin yanaşmaları fərqli olmuşdur. “Madrid sənədi” ilə bağlı açıqlamalarında o vaxtkı Xarici İşlər naziri V.Oskanyan bunları bildirmişdi: bu sənəd bizim uğurumuzdur; ermənilər indiki kimi heç vaxt uğur qazanmayıblar; hazırkı baza prinsipləri mövqeyimizi möhkəmləndirir; diplomatiyamızın mövqeyi indi “müqayisə edilməz dərəcədə” möhkəmdir; Azərbaycan tərəfinin sərt bəyanatlarının xeyri yoxdur və həllə mane olur: biz danışıqlardan çəkilsək, sülh prosesinə ciddi zərbə dəyər; prosesdən imtina və “sıfır vəziyyəti”nə qayıdış Azərbaycana əlavə şans olardı; münaqişənin həllinin əsas prinsipləri sənəddə öz əksini tapıbdır, yəni əsas (açar) məsələ, birinci dərəcəli problem Dağlıq Qarabağın statusudur; Azərbaycan əvvəllər ərazilərin boşaldılmasını və qaçqınların qayıtmalarını başlıca problem sayırdısa, indi statusun aparıcı məsələ olması ilə razılaşmışdır; DQ-nin AR-dən ayrılmaqla öz müqəddəratını təyinetmə hüququ vardır; öz müqəddəratını həlletmə və yekun statusun səsvermə ilə müəyyənləşdirilməsi danışıqların əsas prinsipləridir.

“Madrid sənədi”ni Ermənistan üçün uğurlu sayan ölkə və diaspora-lobbi daxilindəki fikirlərlə əsla razılaşmayan keçmiş prezident L.Ter-Petrosyan isə bu təkliflər paketi ilə onun prezidentliyi vaxtındakılar arasında ciddi fərqlərin olmadığını iddia edir. Əlavə olaraq habelə Ermənistanın danışıqlar prosesindəki mövqeyinin onun zamanında indikindən qat-qat üstün olduğu da bildirilir.