Выбрать главу

Azərbaycan iqtidarı ilə ölkənin qeyri-rəsmi dairələri (siyasətçiləri, politoloqları,ekspertləri) də həmsədrlərin bu təkliflər paketinə münasibətdə həmrəy deyillər. Azərbaycan Xarici İşlər nazirliyi:

“Madrid sənədi”nə normal yanaşdığını bəyan edərək danışıqların Praqa formatında davamını mümkün (faydalı) sayır;

sənədin münaqişənin “mərhələli həll”ə üstünlük verdiyini iddia edir (Bu zaman başlıca dəlil kimi , 5 və ya 7 rayondan işğalçı qoşunların çıxarılması, demilitarizasiya tədbirləri, bərpa-tikinti işləri, sülhməramlı qüvvələrin yerləşdirilməsi, kommunikasiyaların açılması, qaçqınların qayıtmaları və yalnız bunlardan sonra statusun müəyyənləşdirilməsi ardıcıllığı gətirilir;

DQ-yə AR daxilində status (Tatarıstan, Başqırdıstan və s. kimi) verilməsinə problem olmadığını bildirir (Bununla yanaşı rəsmi İrəvanın sənəddə əksini tapdığını iddia etdiyi məsələlər, yəni Azərbaycanın da statusu birinci dərəcəli problem və danışıqların əsas prinsipi sayması təkzib olunur);

ATƏT Xarici İşlər nazirlərinin bu (Madrid) toplantısında E.Məmmədyarovun vurğuladığı kimi, “Azərbaycanın bir sm torpağını da verməyəcəyi”nə dair mövqeyini təkrarlayır.

Respublikamızın qeyri-rəsmi dairələrinin yanaşmasına görə isə “Madrid sənədi”-Azərbaycan üçün “kapitulyasiya aktı, yəni təslimçi (“ədalətli”) sülh deməkdir. DQ-yə de-yure müstəqillik vəd edən bu sənəd əslində “Kosovo həll modeli” deməkdir. Belə bir mövqe isə bu kimi dəlillərlə əsaslandırılır:

yalnız 5 rayonun, özü də tədricən boşaldılması;

məhdud erməni silahlı qüvvə kontingentinin bir müddət Kəlbəcərdə qalması;

DQ-də bir müddət beynəlxalq idarəçiliyin tətbiq edilməsi;

Ermənistanın nəqliyyat blokadasının bəribaşdan götürülməsi;

Azərbaycan ordusunun işğaldan azad edilən rayonlara dərhal daxil olmaması və həmin ərazilərə sülhməramlı qüvvələrin gətirilməsi (Bunun da AR-in statusdan yayınmaması üçün edildiyi vurğulanır);

ermənilərin referendum hüququndan faydalanması və DQ-nin Azərbaycandan ayrılması, bununla da, AR-in suverenliyi prinsipinə riayət olunmaması (Ermənilər referendumu Azərbaycandan ayrılma kimi qəbul edirlər);

AR-in ərazi bütövlüyünün və BMT-nin Dağlıq Qarabağa dair məlum qətnamələrinin sənəddə əksini tapmaması və orada “işğal” ifadəsinin işlənməməsi. (Bu da geriyə doğru addım sayılır, çünki bu məsələ Lissabon sammitinin sənədində qeyd edilmişdi).

ATƏT rəhbərliyi və strukturlarının həmsədrlərin təkliflərinə münasibətinə gəldikdə Parlament Assambleyasının sədri Q.Lenmarker Madrid toplantısında onları münaqişənin tənzimlənməsi üçün “qızıl şans” kimi dəyərləndirmişdi. Baza prinsipləri haqqındakı bu sənəd ATƏT, rəsmi Moskva, Paris və Vaşinqton tərəfindən həm də “nizamlanmanın həyat qabiliyyətli təməli” olaraq səciyyələndirilmişdi. ABŞ-dan olan təmsilçi M.Brayza “Dağlıq Qarabağ problemi”ni “zərif, kövrək məsələ” olaraq səciyyələndirərək “Madrid sənədi”ni belə dəyərləndirmişdi: “kompromislər üçün ən yaxşı, optimal variant”, “yeni təşəbbüs deyil, təşəbbüsün sonu”. (Bu iki mənada başa düşülə bilər: indiyə qədərki işlərin (təkliflərin) yekunu və ya danışıqların davamının önəmsizliyi, yəni sona (özü də uğursuzluqla) yetməsi). “Hər hansı tərəfin hərbi uğuru məğlubun qisas almaq niyyətilə törədə biləcəyi növbəti müharibə üçün əsas yaradır” mülahizəsini söyləyən amerikalı həmsədr də seçkilər öncəsi yürüdülən “məkik diplomatiyası” vasitəsilə prezidentlərin şifahi razılığının alınması mövqeyində olmuş, özü də buna çalışmışdı.”Seçkilərə qədər heç bir fasilə olmayacaqdır, biz iki ölkə prezidentləri arasında şifahi razılaşmaların əldə olunacağını gözləyirik”.

M.Brayza “Madrid sənədi”nin ortaya çıxmasından bir il sonra (XI.2008) APA-ya müsahibəsində “prinsiplər üzərində işi sona çatdırmağa çalışacaqlarını” bildirmişdi. O habelə danışıqlarda başlıca məsələ və diskussiyaların əsas məğzinin Azərbaycanın ərazi bütövlüyü ilə Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə prinsiplərini uzlaşdırmaqdan ibarət olduğunu açıqlayıbdır. Amerikalı diplomat bunu da vurğulayıbdır ki, onun həmsədrliyi müddətində prezidentlərin razılığa gəlməyə bu dərəcədə hazır-yaxın olduqlarını heç bir zaman xatırlamır və onlar konstruktiv dialoqa çox meyllidirlər.

Fransalı həmsədr B.Fasyenin yanaşmasına görə, təklif olunan prinsiplər razılaşdırılardısa, onların detalları seçkilərdən sonra da müzakirə edilə və konkretləşdirilə bilərdi.”Gəlin, münaqişənin həlli üçün 50 il gözləməyək” deyən B.Fasye onların təkliflərində heç bir tələ və ikimənalılıq olmadığının tərəflərə izah edildiyini də bildirmişdi. O, xülasə səciyyəli açıqlamasında həmsədrlərin “yeni” paketini, yəni “Madrid sənədi”ni “bizim ölkələrin Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində kompromis əldə olunması üçün təklif edə biləcəyi yaxşı tövsiyə kimi” qiymətləndirmişdi. Fransalı həmsədrin şərhləri “Madrid sənədi”nin Qarabağ danışıqlarının baza razılaşdırılması çərçivəsində “əsas prinsiplər üzrə kompromislər layihəsi” olduğunu da söyləməyə əsas verir.

Rusiyanın mövqeyini onun Xarici İşlər naziri S.Lavrov belə ifadə etmişdi: həmsədrlərin təkliflərinə münaqişənin həlli yolunda indiyədək əldə olunan bütün müsbət nəticələrin toplu (ümumiləşdirilmiş) ifadəsi və gələcək fəaliyyəti asanlaşdıran sənəd kimi baxmaq lazımdır. Həmin ölkədən olan həmsədr Y.Merzlyakov isə baza prinsiplərinin razılaşdırılmasından sonra bütün münaqişə tərəfdarlarının müzakirələrə cəlb olunmasının zəruriliyini bildirmişdi: “Əgər Azərbaycan istəyərsə, azərbaycanlı icması da müzakirələrlə iştirak edə bilər”.

Beynəlxalq Böhran Qrupu (S.Frayzer) də həmsədrlərin Madriddə tərəflərə təqdim etdikləri sənəddə zor tətbiqindən imtina, erməni qoşunlarının tutulan ərazilərdən çıxarılması, məcburi köçkünlərin (azərbaycanlıların) yerlərinə qayıtmaları, müvəqqəti status, sülhməramlı qüvvələr də daxil olmaqla əhəmiyyətli beynəlxalq yardım, qəti status haqqında referenduma dair qarşılıqlı razılaşma və digər məsələlərin özünə yer aldığını iddia edirdi.

Bir müddət məqsədli olaraq “gizlədilən” və bu üzdən də ətrafında müxtəlif şərh-izahlar verilən, barəsində çoxlu məlumatlar yayılan “Madrid sənədi”, nəhayət ki, açıqlandı, rəsmən elan edildi. Bu, diplomatik hərəkət (akt) “Böyük səkkiz”lərin İtaliyanın Akvila şəhərində keçirilən sammitində (VII.2009) razılaşdırıldı (Həmin razılaşmaya dair ilkin anlaşmanın hələ B.Obamanın Rusiyaya rəsmi səfəri zamanı (IV.2009) əldə edildiyi bildirilir). Belə ki, həmsədr dövlətlərin prezidentləri (D.Medvedyev, B.Obama, N.Sarkozi) Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair birgə bəyanat qəbul (10.VII.2009) etdilər.

Üç prezidentin bəyanatı ilə “Madrid sənədi”nin “mövcudluğu barədəki şübhələr”ə ziddiyyətli inkar və təsdiqlərə son qoyuldu. Yəni həmin bəyanatla “Madrid prinsipləri”nin mövcudluğu rəsmən etiraf edildi. Orada “2007-ci il noyabrın 27-də tərəflərə təqdim olunmuş “Madrid sənədi”ndən bəhs olunurdu. Birgə bəyanatın əsas qayəsini və məzmununu bunlar təşkil edirdi:

həmsədrlərin “Madrid sənədi”nin münaqişənin nizamlanmasının baza prinsiplərinə dair son təkliflər əsasında yeniləşdirilmiş variantını Ermənistan və Azərbaycan prezidentlərinə vermələri;

Azərbaycan və Ermənistan prezidentlərinin konfliktin tənzimlənməsinə dair həll edilməmiş qalan bir neçə məsələni də öz aralarında razılaşdırmaları və baza prinsipləri ətrafında danışıqları başa çatdırmaları.

Rəsmən açıqlanan “Madrid prinsipləri” aşağıdakılardan ibarətdir:

Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılması.

Dağlıq Qarabağa keçid statusu verməklə onun təhlükəsizliyi və özünüidarəsinə təminat verilməsi.

Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması.

Dağlıq Qarabağın yekun statusunu müəyyənləşdirəcək hüquqi səlahiyyətli iradəni ifadə etmək hüququ.

Bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ.

Sülhməramlı əməliyyatları nəzərdə tutan beynəlxalq təhlükəsizlik təminatının verilməsi.

Bu, bənd və şərtlərdən açıqca göründüyü kimi, “Madrid sənədi-prinsipləri” Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair sülh prosesinin belə bir prosedurunu (mexanizmini) əsas tutur: ilk mərhələdə ─ hələlik beş rayonun boşaldılması+ qaçqınların qayıtması+ sülhməramlı qüvvələrin yerləşdirilməsi+ bərpa işlərinə başlanılması və kommunikasiyaların açılması; ikinci mərhələdə isə ─ digər iki rayonun qaytarılması və “Laçın dəhlizi məsələsi”nin həlli + yekun statusunun referendumla razılaşdırılması.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində keçilən yola nəzər saldıqda aydın şəkildə bunu görmək olar: baza prinsipləri sayılan “Madrid sənədi” əslində ermənilərin daima irəli sürdükləri üç şərt əsasında qurulubdur. Yəni həmin məlum şərtlərlə Madrid prinsiplərini qarşılaşdırdıqda belə bir siyasi-diplomatik mənzərə ortaya çıxır. Belə ki, ermənilərin birinci şərti (“DQ ilə AR arasında hər hansə bir şaquli idarəçilik – tabeçilik və asılılıq ola bilməz”) “Madrid sənədi”nin ikinci və dördüncü prinsipləri,yəni müvafiq surətdə “keçid statusu” və “referendum hüququ” məsələlərində ifadə olunubdur. Onların ikinci şərti (“Dağlıq Qarabağla Ermənistan arasında quru yolu ilə əlaqələrin təmin edilməsi”) Madrid prinsiplərinin üçüncüsü ilə (“dəhliz yaradılmasıyla”) səsləşir. 3-cü şərtsə (DQ-nin təhlükəsizliyinə beynəlxalq təminatın verilməsi”) həmsədrlərin təkliflərinin altıncı bəndində (“beynəlxalq təhlükəsizlik təminatlı sülhməramlı əməliyyatlar”) öz əksini tapmışdır.