Azərbaycan ədəbi-ictimai fikri də ermənilərə münasibətdə özünəməxsus mövqeyini davam etdirirdi. C.Məmmədquluzadə (1869-1932) Şuşa qalasında 1920-ci ilin yanvarında «Kamança» pyesini yazmışdı. Əsərin məzmunu yaxşı məlumdur: erməni musiqiçisi Baxşı Qəhrəman yüzbaşının dəstəsi tərəfindən ələ keçirilir. Baxşı kamançada ifa etdikdən sonra Qəhrəman yüzbaşı onu azad edir. Əsər belə bitir: «Baxşı qorxa-qorxa baxır adamların üzünə, kamançanı və örtüyünü götürür, tez çıxır gedir. Hamı sakit, öz fikirli halətində qalır. Qəhrəman yüzbaşı haman durduğu yerində durub, dinməz-söyləməz baxır Baxşı gedən tərəfə. Bir qədər də baxandan sonra qəməsini tullayır yerə...».17 Beləliklə, düşmənə qarşı yönəlmiş qəmə yerə atılır!
Azərbaycanın (1920, 28 aprel) və Ermənistanın (1920, 29 noyabr) sovetləşdirilməsi, hər iki respublikanın SSRİ tərkibinə daxil olmasına baxmayaraq, ermənilər azərbaycanlılara qarşı soyqırım siyasətini davam etdirmişdilər. Sovet dövlətinin təzyiqi ilə azərbaycanlıların 1948-1953-cü illər deportasiyası soyqırımla müşahidə olunmuşdu. Köçkünlər deportasiyaya müxtəlif vasitələrlə müqavimət göstərmiş, etirazlarını bildirmişdilər. A.Paşayevin «Köçürülmə» adlı kitabında Ləmbəli adlı kəndin sakinlərinin deportasiyaya qarşı mübarizəsi sənədlərlə şərh edilmişdir.18
Sovet dövründə ermənilərə münasibətdə dostluq ideyası yeni vüsətlə ortaya çıxmışdı. Burada Azərbaycan ədəbiyyatı və tarixi xüsusi rol oynamışdı. C.Cabbarlı (1899-1934) 1931-ci ildə “1905-ci ildə” əsərini yazmışdı və s.19 1905 və 1918-ci illər soyqırımlarının tarixi tamamilə təhrif edilmişdi. İş o yerə çatmışdı ki, yaxın keçmişin hadisəsi olan 1948-1953-cü illər deportasiyası da unudulmuşdu. Heydər Əliyev 1997-ci il mayın 27-də Respublika günü münasibəti ilə keçirilən tədbirdə haqlı olaraq demişdir: «Azərbaycan xalqına bu dövrdə vurulan ən böyük zərbələrdən biri də 1947-1948-ci illərdə Azərbaycan xalqına qarşı sovet hakimiyyəti tərəfindən edilmiş ən böyük ədalətsizlikdir. Təəssüflər olsun ki, tarixçilərimiz və hamımız nədənsə bu hadisəyə o vaxtlar da və indi də, xüsusilə dövlət müstəqilliyimizi əldə edəndən sonra da doğru-düzgün qiymət verə bilməmişik» Bu sahədə ən ciddi addım da məhz Heydər Əliyev tərəfindən atıldı, 1997-ci il dekabrın 18-də deportasiya haqqında, 1998-ci il martın 26-da isə azərbaycanlıların soyqırımı haqqında fərman imzalandı.
Ermənilərin azərbaycanlılara qarşı soyqırım tarixinin son səhifəsini 1988-1993-cü illər təşkil edir.20 I992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər bəşər tarixində ən qanlı soyqırım hadisəsini - Xocalı faciəsini törətdilər.
Azərbaycan Moskvanın geniş dəstək verdiyi erməni separatçı və terrorçu qüvvəllərinin iri miqyaslı hücumu prosesində səfərbər olmağa və müqavimət göstərməyə başladı. Milli-azadlıq hərəkatının yüksəlişi, siyasi plüralizm, ermənilərin azərbaycanlılara qarşı milli qırğın siyasətinə ilk dəfə illüziyasız yanaşma və i.a. böyük ümidlər yaradırdı. Bir sıra obyektiv və subyektiv səbəblər azərbaycanlıların müqavimət hərəkatının vahid cəbhəsinin formalaşmasına və tarixi missiyasını yerinə yetirməsinə yenə mane oldu. Ermənistanın Azərbaycana qarşı mübarizəsi onun ərazisinin 20%-nin işğalı ilə nəticələndi.
Beləliklə, bütün XX əsr boyu ermənilər azərbaycanlılara qarşı hücum taktikasına əsaslanmışlar. Azərbaycanlılar isə müdafiə mövqeyi tutmuş, müqavimət göstərmək yolunu seçmişdilər; azərbaycanlıların müqavimət hərəkatı, əsasən, özünümüdafiə tədbirlərinin məcmusu kimi çıxış etmişdir; müqavimət hərəkatının müəyyən uğurlarına baxmayaraq, tarixi missiyasını yerinə yetirə bilməmişdir.
Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam etməkdədir. Azərbaycan dövlətçiliyinin getdikcə möhkəmlənməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpasının qətiyyətlə bəyan edilməsi və həyata keçirilməsi uğrunda ardıcıl mübarizə, Azərbaycan diasporunun dünyada həlledici mövqelər qazanması ilə eyni zamanda, bu tarixi təcrübə və onun dərslərinin nəzərə alınması da erməni təcavüzünün tamamilə aradan qaldırılması və bir daha təkrar edilməməsinin təminatında mühüm yer tutur.
QEYDLƏR
Халилов A. Геноцид против мусульманского населения Закавказье в исторических источниках. Баку, 2000; İsgəndərov A. Azərbaycanda türk-müsəlman soyqrımı probleminin tarixşünaslığı. Bakı, 2006; Abışov V. 1917-1918-ci illərdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı soyqırımı siyasəti. NDA. Bakı, 2007; Paşayev A. XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar (arxiv sənəd və materiallan əsasında). DDA. Bakı, 2007 və b.
Алиев И. Нагорный Карабах: История. Факты. События. Баку, 1989; Вердиева Х., Гусейнзаде Р. «Родословная армян» и их миграция на Кавказ с Балкан. Баку, 2003.
Qarabağnamələr. Birinci kitab. Bakı, 1989, s.37.
Qlinka S.N. Ermənilərin Azərbaycana köçürülməsi. Bakı, 1995; Вердиева Х. Переселенческая политика Российской империи в Северном Азербайджане (XIX-нач. XX в.). Бакy, 1999; Muradov M.A. Çar Rusiyasının Azərbaycanda işğalçılıq və köçürmə siyasəti (XIX əsrin birinci yarısı). Bakı, 1999.
Свиетоховский Т. Русский Азербайджан. 1905-1920 // Хазар, 1990, №1, с.99.
Наджафов Б. Лицо врага. История армянского национализма в Закавказье в конце XIX – нач. XX в. ч.I. Бaкy, 1993; Багирова И. Политические партии и организации Азербайджана в нач. XX в. Бaкy, 1997, c.212-232.
Свиетоховский Т. Указ. соч., c.101.
Zərdabi H.B. Seçilmiş əsərləri. Bakı, 1960, s.l 11.
Nərimanov N. Seçilmiş əsərləri. Bakı, 1973, s.203.
Mir Möhsün Nəvvab. 1905-1906-cı illərdə erməni müsəlman davası. Bakı, 1993, s.97.
Ordubadi M.S. Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi. Bakı, 1991, s.30-31.
Sabir M.Ə. Hophopnamə. Bakı, 1992, s.318, qeyd, s.472; Yerevanlı Ə. M.Ə.Sabir və erməni xalqı. Yerevan, 1962.
Багирова И. Указ. соч., c. 168-188.
Рабочее движение в Баку в годы первой русской революции. Док. и мат. Баку, 1956,c.99-110.
İsgəndərov A. 1918-ci il mart qırğınının tarixşünaslığı. Bakı, 1997.
Azerbaycan belgelerinde ermeni sorunu. 1918-1920. Ankara, 2001.
Məmmədquluzadə C. Kamança // Əsərləri. c.2. Bakı, 1984, s. 101-107.
Paşayev A. Köçürülmə. Bakı, 1995, s.34-35.
Дадашзаде А. Дружба народов Закавказья в азербайджанской литературе // Изв. АзФАН, 1942, с.7-16; Петрушевский И.П. Совместная борьба народов Закавказья против иноземных Зaхватчиков в XI - XII вв. // там же, c. 24-35 и т.д.
Azərbaycan tarixi. Yeddi cilddə. VII c. Bakı, 2003, III bölmə; Azərbaycan Respublikası. 1991-2001. Bakı, 2001.
2008-ci il.
Qasım Hacıyev
Rusiyanın Şərq siyasətində Azərbaycan maraqları və Qarabağ regionun taleyi
Tarixi tədqiqatlar göstərir ki, Azərbaycan məsələsi bəzi dövlətlərin Şərq məsələsi pərdəsi altında ən mühüm nöqtə olmuşdur. Güya böyük dövlətlərin siyasəti fövqündə zəif görünən, əslində isə əsas hədəf olan Azərbaycanın tarixində dəfələrlə təkrar edilən proseslər bu gün də davam etməkdədir. Məlu olduğu kimi bəzi dövlətlərin iqtisadi, strateci mənafeləri ilə bərabər onların milli, mənəvi münasibətlər baxımından fərqli yanaşmaları da mühüm rol oynayır. Tarixi ədalətsizliklərdən biri də Azərbaycan xanlıqlarının Rusiyaya və İrana qarşı müharibəsi Rusiya-İran müharibələri adı altında tarixi mahiyyətini də itirir. Bu məlumdur ki, hər bir xalqın, ölkənin tarixində müharibələr də mühüm bir səhifədir. Bu tarixin şərəfli və şərəfsiz tərəfləri, eləcə də şanlı və yaxud alçaldıcı, həmçinin zəfərli və yaxud məğlub nəticələri var.
Siyasi və strateci maraqların fəaliyyət dairəsinə uyğunlaşma imkanlarının daha fəal mövqeyə yüksəldiyi dövrlərdə iri dövlətlərin nüfuz dairəsi geniş möqelərdən çıxış edir. İstər qədim dövr və orta əsrlərdə, istərsə də müasir dövrdə siyasi-strateci maraqlar digər fəaliyyət növlərini üstələyir. Hər bir dövlətin siyasəti endogen və ekzogen formada təsir qüvvələrindən asılı olaraq dövlət siyasəti ilə çulğalaşaraq siyasi məsələlərin həllində mühüm təsirini göstərir. Tarixi tədqiqat vaxtilə baş vermiş proseslərin məxvi, məlum olmayan tərəflərinin açılmasında mühüm rol oynayır.
Azərbaycan tarixinin qaranlıq və ağ ləkəli səhifələrindən biri də XIX əsrin əvvəllərində baş verən tarixi proseslərdir. Rusiya-İran müharibələri adı altında tarixə çevrilmiş, mahiyətcə Azərbaycan torpaqlarında baş vermiş müharibələrdə torpaqları taptalanmış, insanlar qırılmış, ərazisi işbal edilmiş və Azərbaycan xalqı iki yerə bölünmüşdür. Tarixin şirinli-acılı hər bir səhifəsi hər bir xalq kimi azərbaycanlılar üçün də əzizdir. Tarixi keçmişin inkişafı, mütərəqqi, intibah, zəfərli dövrləri nə qədər qiymətlidirsə, böhranlar, müharibələr, istilalar, dağıntılar, faciələr isə nə qədər dəhşətlidirsə, həmçinin əgər o bir xalqın tarixi taleyi ilə bağlıdırsa o tarixin öyrənilməsi vacibdir. Ən azı ona görə ki, tarixin acı səhifələri bir daha təkrar olunmasın.
XIX əsrin əvvəllərində Rusiyanın Azərbaycan torpaqlarına yürüşü və həmin dövrdə gedən proseslərin tarixinin qaranlıq səhifələri açılmaqdadır. Həmin dövrün tarixində sir və müəmmalı olan proseslərdən biri də Qarabağ xanlığı ətrafında baş verən proseslərdir. İbrahim xan ilə Rusiya dövləti arasında bağlanan müqavilənin, habelə İbrahim xanın özünün və xanlığın acınacaqlı sonluğunun səbəbi indi sir deyil. Lakin bir məsələ çox maraqlıdır ki, həmin dövrün «Şərq siyasəti»ndə ingilisin rus siyasətinə yaxınlığ hansı məqsəd və məramdan qaynaqlanması barədə araşdırmalar yeni faktlar meydana çıxarır. İngilis rəssamının (Robert Ker Porterin) Rus dövlətinin agentinə çevrilməsi şəxsi və ya dövlət maraqlarından və yaxud hansı münasibətlərdən irəli gəldiyi böyük maraq doğurur.