Выбрать главу

Son Söz dahi Rəhbər Ayətullah Xamneyinindir ki : “QARABAĞ İslam Torpağıdır”.

Qarabağın Azadlığı Ümidi ilə.

Nərmin Xanməmmədova

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ QAÇQINLAR PROBLEMİ: HÜQUQİ SƏNƏDLƏR VƏ ONLARIN TƏHLİLİ

XIX əsrin əvvəllərindən başlayaraq çar Rusiyası tərəfindən Cənubi Qafqaza - Azərbaycan torpaqlarına köçürülmüş ermənilər azərbaycanlılara qarşı aramsız kütləvi qırğınlar həyata keçirmiş, onları öz ev - eşiklərindən məhrum etmiş, ata-baba torpaqlarından sıxışdırmışlar. 1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Bakı quberniyasında 229 yaşayış məntəqəsi (o cümlədən Şamaxı qəzasında 58, Quba qəzasında 112), Gəncə quberniyasında 272 yaşayış məntəqəsi (Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 211 (İrəvan qəzasında 32, Yeni-Bayaziddə 7, Sürməlidə 75, Eçmiədzində 84), Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə yeksan edilmiş, yüz minlərlə əhali qırılmış və öz etnik ərazilərindən qaçqın düşmüşdü.[69]

1917-1920 illərdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan (hazırda Ermənistan adlanan ərazidən), həmçinin Naxçıvan, Qarabağ və digər bölgələrdən didərgin salındılar. XX əsrin əvvəllərində erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımları nəticəsində yaranmış və beynəlxalq səciyyə kəsb etmiş problemlərdən biri – qaçqınlıq məsələsi idi. Erməni qəddarlığı nəticəsində 1918-1920 illərdə İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 mindən çox azərbaycanlı qaçqın meydana gəlmişdir.

Mürəkkəb beynəlxalq və daxili vəziyyət, iqtisadi çətinliklər, yoluxucu xəstəliklər, ermənilər tərəfindən soyqırımına məruz qalan türk-müsəlman əhalinin öz tarixi vətənlərindən didərgin düşüb Azərbaycan Xalq Cümhuriyyətinə pənah gətirməsi və s. sosial vəziyyəti xeyli çətinləşdirdi. Belə ağır şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinın Parlamenti və Hökuməti dərhal qaçqınlara dair təxirəsalınmaz tədbirlərə başladı.

Problemin vacibliyi nəzərə alınaraq hələ üç müstəqil respublika yaranana qədər Azərbaycanda qaçqın və köçkünlərlə iş bilavasitə Müsəlman Milli Şurasının qaçqın şöbəsi tərəfindən aparılırdı. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan dərhal sonra qaçqınlara kömək etmək üçün 1918-ci il iyunun 7-də Fətəli xan Xoyski tərəfindən təşkil edilmiş 2-ci hökumət kabinəsi Gəncədə fəaliyyət göstərərkən Müsəlman Milli Şurası nəzdindəki qaçqın şöbəsi əsasında Azərbaycan Cümhuriyyəti Xalq Səhiyyəsi və Himayədarlıq Nazirliyini təsis etdi. Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyətinin Xalq Səhiyyəsi və Himayədarlıq naziri təyin edildi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıda fəaliyyətə başlayan zaman 1918-ci ilin sentyabr ayında bu nazirlik əsasında 2 yeni nazirlik yaradıldı: Xalq Səhiyyə nazirliyi və Himayədarlıq nazirliyi. Qaçqınlar problemi ilə Himayədarlıq nazirliyi məşğul olmağa başladı.[70]

Azərbaycanda qaçqınların problemləri ilə Cümhuriyyətin ilk parlamenti hesab olunan Müsəlman Milli Şurasının qaçqınlar şöbəsi də məşğul olurdu. Milli Şuranın Tiflisdə keçirilən sonuncu iclasında (1918-ci il, 13 iyun) İrəvandakı müsəlman qaçqınların acınacaqlı vəziyyətləri ilə əlaqədar İbrahim ağa Vəkilovun çıxışından sonra:

- nümayəndələr vasitəsilə İrəvandakı qaçqınlara paylamaq üçün təcili pul vəsaiti göndərilməsi;

- Erməni Milli Şurasından imkan daxilində aclıq çəkən müsəlmanlara ərzaq yardımı göstərməsi;

- türk hərbi hissə komandanlığından İrəvan qaçqınlarına ərzaqla kömək etmək və müsəlmanların öz doğma kəndlərinə qayıtmalarına köməklik göstərmələri qərara alındı.[71]

Xalq Səhiyyəsi və Himayədarlıq Nazirliyi Gəncədə olarkən, artıq qaçqınların problemlərini həll etmək üçün dərhal işə başladı. 1918-ci il iyunun 23-də Cavanşir qəzasına tibb işçilərinin göndərilməsi haqqında Müvəqqəti hökumətin qərarı ilə Himayədarlıq nazirinə Cavanşir qəzasına dərhal əhali arasında yayılmış xəstəliyin təbiətinin dəqiq müəyyən edilməsi və epidemiyanın aşkar edildiyi təqdirdə vaxtında qarşısını almaq üçün tibbi nümayəndələri göndərmək, qaçqınları təcrid etmək, onları sığınacaq və yeməklə təmin etmək üçün müvafiq tədbirlərin görülməsi haqqında təlimat verilir.[72]

1918-ci il iyulun 13-də “Qaçqınlara köməyin təşkil edilməsi barədə qanun”la Xalq Səhiyyəsi nazirinə dərhal qaçqınların vəziyyətinin mümkün qədər geniş şəkildə təşkil edilməsi üçün ən güclü addımların atılmasına, qida məhsulları ilə düzgün təchizatına, xəstəxanaların qurulması və qaçqınların yerləşdirilməsinin qayğısına qalmaq; ehtiyac olduqda müstəqil fəaliyyətə, yaxud xeyriyyə cəmiyyətləri və digər ictimai təşkilatların qismində yerli əhalini çağırmaq haqqında təlimat verilir. Qanuna görə, qaçqın təşkilatlarının xərcləri Xalq Səhiyyəsi nazirliyinin sərəncamında olan qaçqınlara ayrılmış hesabdan ödənilirdi.[73]

Qəbul edilən qərara əsasən Azərbaycan ərazisində qaçqınlara dəmir yolundan pulsuz istifadə etmək icazəsi verilmişdi. “Azərbaycan dəmiryolunda qaçqınların pulsuz gedişinə icazə verilməsi barədə” 1918-ci il 1 avqust qərarına əsasən Azərbaycan dəmir yollarında qaçqınların pulsuz gedişinə hər dəfə qaçqınların siyahı ilə qaçqın təşkilatının nümayəndəsinin fikirlərinə görə icazə verilməli idi.[74]

Cümhuriyyət hökuməti və parlamenti qaçqınlar probleminin həllinə xüsusi diqqət yetirir, bu problemi mütərəqqi yollarla, milli ayrı-seçkiliyə yol vermədən həll etməyə çalışırdı. Bu problem dəfələrlə Nazirlər Kabinetinin və Parlamentin iclaslarında müzakirə edilmişdi.

1919-cu ilin iyul-dekabr aylarında, 1920-ci ilin yanvarında Cümhuriyyət parlamentinin keçirilən iclaslarında İrəvan quberniyası və Zəngəzurdan olan qaçqınların vəziyyəti, onların yerləşdirilməsi müzakirə olunmuşdur. 1919-cu il iyulun 17-də keçirilən iclasda Zəngəzur qaçqınlarına 18 milyon 750 min manat buraxılması barəsində qanun layihəsi səsə qoyulur. Qanun layihəsi əksəriyyət səslə qəbul olunur.[75]

1919-cu il iyulun 27-də keçirilən iclasın gündəliyinə Zəngəzur qaçqınlarına yardım etmək üçün göndərilən heyətə parlamentdən bir üzvün seçilməsi məsələsi daxil edilmişdir. Lakin məsələ həll edilməmiş qalır.[76]

Azərbaycan hökuməti özünün ağır vəziyyətdə olmasına baxmayaraq, Gürcüstanda yaşayan yoxsul müsəlman əhalisinə də yardım edirdi. Belə ki, 1920-ci ilin martında hökumət tərəfindən Axalsix və Axalkələki qəzalarının yoxsul əhalisinə 140000 manat pul verilmişdi.[77]

1919-cu il aprelin 5-də Gürcüstan Respublikasının Axalsıx qəzasındakı müsəlman qaçqınlara köməyin təşkil edilməsi haqqında qanunla, Gürcüstandakı diplomatik nümayəndəyə gürcü hökuməti ilə təcili şəkildə razılıq alıb, Axalsıx qəzasındakı zərərçəkmiş müsəlmanlara diplomatik nümayəndəliyin vəsaitindən 200 min rubl buraxılması istənilir.

Himayəçilik nazirliyinin fəaliyyət istiqamətlərindən biri də xaricdə yaşayan müsəlman qaçqınlarına kömək etməkdən ibarət olmuşdu. 1919-cu il fevralın 17-də “Ermənistanın müsəlman əhalisinə yardım göstərilməsi barədə” qanunu ilə: 1) Ticarət və sənaye nazirlıyinin neft sənayesindən əldə olunan neft məhsullarının üçdə birinin Milli İqtisadiyyat Şurasının hesabına buraxılmasına göstəriş verilir. 2) Ticarət və sənaye nazirinin Ermənistandakı müsəlman əhalisinin ehtiyacları üçün Ermənistandakı diplomatik nümayəndəsinin sərəncamına bu kerosinin üçdə birindən təxminən 20 min pud sərbəst buraxması barədə göstəriş verilir. 3) Ermənistandakı Azərbaycan diplomatik nümayəndəsinə hesabat verilsin ki, Müsəlman əhalisinə qaçqınlarına göstərilən miqdarda kerosini İrəvan Müsəlman Milli Komitəsi vasitəsilə satılsın və gəlirdən 500 min həmin komitə vasitəsilə qaçqınlar arasında paylanılsın. 4) Himayədarlıq nazirliyindən bu kerosinin İrəvana daşınması ilə bağlı bütün xərcləri öhdəsinə götürmək xahiş olunur.

1919-cu il fevralın 28-də cənub-qərbi Azərbaycanda general-qubernatorluğun yaradılması haqqında qanunda “hökumətin 6 dekabr 1918-ci il tarixli sərəncamına əsasən, Ermənistandakı diplomatik nümayəndəsinə bir milyon rubldan yüz əlli mini (150000) Ermənistan Respublikası ərazisində yaşayan müsəlman qaçqınların ehtiyacları üçün, qalan səkkiz yüz əlli min (850000) rublu isə cənub-qərbi Azərbaycan qaçqınlarına yardım etmək üçün general-qubernatorun (Bəhram xan Naxçıvanski) sərəncamına verilməsi” və “Himayədarlıq nazirinə bu bölgənin qaçqınlarına maddi yardım göstərmək üçün iş planı təqdim etməyi barədə təlimat verilməsi” öz əksini tapırdı.[78]

“Ermənistanın aclıq çəkən əhalisinin (Ermənistandakı müsəlman əhali nəzərdə tutulur.-N.X.) ehtiyacları üçün rüsumsuz 5000 pud buğdanın buraxılmasına icazə verilməsi” haqqında 1919-cu il 30 aprel qanunu ilə Mərkəzi qaçqınlar komitəsi rüsumsuz 5 min pud buğdanın ixrac olunmasına icazə verir.

“İrəvan quberniyasının müsəlman-qaçqınlarının ehtiyacları üçün vəsaitlərin buraxılmasına dair” 1919-cu il 19 may qanununda nəzərdə tutulurdu:

1) İrəvan Müsəlman milli komitəsinə Ermənistandakı diplomatik nümayəndənin sərəncamında olan məbləğdən 200 min rubl İrəvan quberniyasının müsəlman qaçqınlarının ehtiyacları üçün ayrılır;

2) Xüsusi təftiş və tədqiqat komissiyasına hökumətin həmin ilin 26 fevral tarixli fərmanına görə A.X. İrəvanskiyə verilmiş kerosin məsələsini aydınlaşdırmaq təklif olunur.

1919-cu il iyunun 6-da “Rüsumsuz olaraq 10 min pud un və buğdanın Ermənistandakı müsəlman qaçqınların ehtiyaclarını ödəmək üçün buraxılması” qanununa əsasən maliyyə nazirinə 10 min pud un və buğdanın Ermənistan sərhədlərinə rüsumsuz olaraq göndərməsinə dair təlimat verilir.

Ermənistandakı azərbaycanlı qaçqınların problemini həll etmək üçün Cümhuriyyət Nazirlər Şurası 1919-cu il iyunun 7-də Himayəçilik nazirliyinin müvəkkili vəzifəsini yaradır. 1919-cu il iyulun 8-dən etibarən vəkil Zülfüqar bəy Makinski Himayəçilik nazirliyinin İrəvanda müvəkkili kimi işə başlayır.

Cümhuriyyət parlamenti 1919-cu il iyulun 17-də “Ermənistanda yaşayan müsəlman qaçqınların vəziyyətini yaxşılaşdırmaq məqsədilə Himayədarlıq nazirliyinin smetadan əlavə 3000000 rubl vəsaitin ayrılması haqqında qanun layihəsi” qəbul etdi. Azərbaycan hökuməti müsəlman qaçqınların Ermənistanda kütləvi ölümünə biganə qala bilməzdi. Bu səbəbdən təcili 3 milyon rubl vəsaitin ayrılması və buğda ilə un alınıb Ermənistana göndərilməsi və müsəlman qaçqınların aclıqdan ölüb, qırılmasının qarşısını almaq qərara alındı.[79]