Выбрать главу

 - Verdim, Nino.

 - Təbrik edirəm, Əli.

 - Çox sağ ol. Nə vaxt və harada görüşək Nino?

 - Saat beşdə Qubernator bağının gölməçəsi yanında, Əli. Daha artıq danışmağa imkan yox idi. Çünki arxamda dayanan qohumlarımın, və xidmətçilərin şəklənmiş qulaqları məndə idi. Ninonun arxasında isə aristokrat anası durub qulaq asırdı. Nə isə...

 Mən, yuxarıya, atamın böyük otağına qalxdım. Atamla, əmim divanda oturub çay içirdilər. Xidmətçilər ayaq üstə durub, gözlərini mənə zilləmişdilər.

 Kamillik imtahanı hələ axıra çatmamışdı. Köhnə ənənəyə görə atamın həyatın astanasında duran oğluna həyatın bütün müdrükliklərini təfərrüatı ilə açması lazım idi.

 Atam:

 - ”Oğlum” deyə sözə başladı. Həyata qədəm basdığın bu anda mən sənə müsəlmanlığın vəzifələrini bir daha xatırlatmaq istəyirəm. Biz allaha inamın olmadığı bir Məmləkətdə yaşayırıq. Məhv olmamaq və ayaq altında qalmamaq üçün biz, qədim ənənələrimizi və köhnə həyat tərzimizi mütləq qorumalıyıq. Oğlum ibadəti unutma, içki içmə, tanımadığın qadınlarla durub oturma, yoxsullara və zəiflərə mərhəmət göstər. Haqq din uğrunda da daima qılıncını sıyırmağa hazır ol. Döyüş meydanında can versən, bu mən qocanı ağrıdacaq, amma şərəfsiz bir yol seçsən, mən qoca kişi xəcalət çəkəcəyəm. Düşmənlərini heç bir zaman bağışlama, oğlum, biz xristian deyilik. Sabahın qayğısını düşünmə, çünki sabahını düşünən adam ürəkli olmaz.

 Axırıncı nəsihətim də budur ki, “Məhəmmədin imanını və İmam Cəfər təriqətinin şiəlik təməllərini heç bir vaxt unutma”.

 Əmim və evdəkilər atamı çox böyük maraqla dinləyirdilər. Sonra atam ayağa qalxdı, əlimdən tutdu və birdən-birə titrək və boğuq bir səslə dedi: - Sənə yalvarıram: siyasətlə məşğul olma! Nə istəyirsən elə, amma siyasətə qarışma.

 Atamın bu istəyini yerinə yetirəcəyimə əmin idim. Çünki siyasət məndən çox uzaq idi. Nino isə, fikrimcə, siyasi bir problem deyildi. Atam məni bir daha qucaqladı. İndi mən, nəhayət tam kamil bir adam idim.

 Rəsmi gimnaziya uniforması hələ də əynimdə idi. Mən düz saat beşin yarısında yavaş-yavaş qala darvazasından keçib dəniz sahilinə tərəf getdim. Sonra sağa dönüb qubernator sarayının yanından keçərək, Bakının qumlu torpağında böyük zəhmətlə salınmış bağa tərəf irəlilədim.

 İçimdə azad və qəribə bir hiss var idi. Şəhərin bələdiyyə rəisi faytonla yanımdan keçdi və mən səkkiz ilə ərzində ilk dəfə idi ki, onun qabağında nə fərəqət durmalı idim və nə də ona hərbi sayağı salam verməli idim,. Bakı gimnaziyasının uniformasından gümüşü kokapdını şapkamdan çıxarmışdım. Bunlar məzun olduğumdan irəli gəlirdi. İndi mən mülki bir şəxs kimi gəzib dolanırdım, və hətta elə bir an oldu ki, istədim hamının gözü qabağında siqaret yandırım. Lakin tütünə nifrətim olduğu üçün, siqaret çəkmək fikrindən imtina edib qubernator bağına girdim.

 Qubernator bağı böyük bir bağ idi. Orada nadir, görünüşləri qəmli olan ağaclar və asfalt döşənmiş cığırlar var idi. Sağda qədim qala divarı uzanıb gedirdi. Ortada isə şəhər klubunun ağ mərmər sütunları görünürdü. Ağacların arasında da çoxlu skamyalar qoyulmuşdu. Palma ağaclarının arasından batan günəşin qırmızıqtıl şüaları süzülürdü. Klubun yaxınlığında bir gölməçə vardı. Gölməçə dediyim iri qaya daşlarından hörülmüş nəhəng bir dəyirmi hovuz idi. Şəhər bələdiyyəsi hovuzu qu quşlarının orada məskən salıb gəzinməsi niyyətilə tikdirmişdi. Lakin bu sadəcə niyyət olaraq qalmışdı. çünki su çox baha idi və ölkədə də bir dənə də olsun qu quşu yox idi. Buna görə də hovuz ölü divin göz çuxuru kimi əbədi olaraq səmaya baxırdı.

 Skamyaların birində oturdum. Günəş dörd bucaq boz binaların dümdüz hamar damlarından işıq saçırdı. Arxamdakı ağacların kölgələri getdikcə uzanırdı. Başına mavi zolaqlı çadra örtmüş, ayaqlarına da şap-şup edən ev başmaqları geymiş bir qadın yanımdan keçdi. Çadranın altından qadının uzun dimdik burnu görünürdü. Dimdik burun məni izləyirmiş kimi mən tərəfə yönəldi. Tez başımı yan tərəfə çevirdim. Bu anda mənim üzərimə qəribə bir yorğunluq çökdü. Nə yaxşı ki, Nino çarşab örtmürdü və onun burnu dimdik burun deyildi. Mən Ninonu heç bir zaman çadra örtməyə qoymayacayam.