Выбрать главу

 Mən və qoçum, dəmir yol stansiyasından at arabası ilə əyri-üyrü dağ yollarından keçərək yeddi saatdan sonra Şuşaya çatdıq. Qoçuluq daha çox quldurluğa meyl göstərən silahlı nökərlərin peşəsi idi. Təpədən dırnağa kimi silahlanmış bu adamlar qaradinməz olardılar. Onların hamısının da sifətlərində savaşçı cizgiləri vardır. Atam qoçunu mənə qoşmuşdu ki, yolda məni yad adamlardan qorusun. Qoçum etibarlı bir adam idi. Elə bil bir az da Şirvanşirlər nəslinə qohumluğu da çatırdı. Bu cür qohumlara ancaq şərqdə rast gəlmək olardı.

 Artıq beş gün idi ki, Şuşada idim. Ninonun gəlməsini gözləyirdim. Bu beş gündə yerlilərim mənə dünyanın bütün igidlərinin və şöhrətli adamlarının şuşalı olmaqlarından danışırdılar.

 Mən şəhərin bağçalarını, parklarını gəzir və məscid minarələrini seyr edirdim. Şuşa çox mömin şəhər idi. Oradakı məscid və kilsələr altmış minlik əhali üçün kifayət idi. Üstəlik şəhər ətrafında saysız-hesabsız pirlər, birinci növbədə də şübhəsiz ki, müqəddəs Vəli Saray bəyin iki ağacı dururdu. Elə ilk gündən şuşalılar məni bu yerlərə dartıb aparmışdılar. Müqəddəs Vəli Saray bəyin qəbri Şuşadan bir saat aralı idi. Hər il bütün şəhər əhli oraya ziyarətə gedər və ehsanlar verərdi. Tünd qara rəngli paltarlar geymiş dindarlar isə balaca meşədə qorunan müqəddəs Vəli Saray bəyin qəbrinə qədər olan yolu diz üstə sürünə-sürünə gedərdilər. Bu xeyli narahatçılıq yaratsa da, zəvvarların diqqətini xüsusilə cəlb edirdi. Müqəddəs Vəlinin qəbri üstündəki ağaclar böyümüşdülər. Onlara toxunmaq ən böyük günah sayılırdı. Kim ağacların bircə yarpağına toxunsaydı, elə yerindəcə iflic olardı. Müqəddəs Vəli Saray bəy bax beləcə qüdrətli adam idi.

 Amma bu müqəddəsin indiyədək hansı möcüzəni göstərdiyini mənə heç kim izah edə bilmədi. Bunun əvəzində isə camaat onun bir işində təfərrüatı ilə mənə danışdılar ki, guya o bir dəfə düşmənləri tərəfindən təqib olunarkən onun atı hələ bu gün də şuşanın yerləşdiyi dağın təpəsində çapır. Təqib edənlər ona yaxınlaşmamışdan onun atı nəhəng sıçrayışla dağların, qayaların və Şuşanın üstündən uçub qeyb olmuşdu. Möminlər bu gün belə nəcib heyvanın endiyi qayalarda həkk olunmuş nal izlərini görə bilirdilər. Bir atın o dərəcədə sıçramasının mümkün olduğuna şübhə etdiyimi bildirəndə onlar incimiş halda and-aman edib dedilər ki, “Ağa, bu at Qarabağ atı idi!” Bunu deyib, qarabağ atı barədə mənə bir maraqlı əhvalat söylədilər:

 “Bizim diyarda hər şey gözəldir” - deyə söyləməyə başladılar. Ancaq bu diyarın ən gözəl şeylərindən biri də qarabağ atları idi. Qarabağın şöhrətli atını almaq üçün İran şahı Ağa Məhəmməd bütün hərəmxanasını bu atın əvəzinə verməyə hazır idi. Görəsən mənim dostlarım Ağa Məhəmməd şahın axtalanıb xədimağa olduğunu bilmirdilərmi? Bu at deyilənə görə “Müqəddəs yaranmış bir at idi”. Bu möcüzəli at cinsini meydana gətirənə qədər insanlar yüz illər boyu durmadan əmək sərf etmiş və nəticədə yeni at cinsi – Qarabağın məşhur kəhər atı yaranmışdı. Dünyanın ən məşhur cins atı Qarabağın qırmızı qızılı rəngli atı idi.

 Bu qədər tərifdən sonra atlara marağım artdı və xahiş etdim ki, o gözəl atların birini mənə göstərsinlər. Dostlarım qayğıkeş baxışlarla məni süzüb dedilər ki, “Sultanın hərəmxanasına girmək – Qarabağ atlarının tövləsinə girməkdən asandır. Qarabağda cəmi on iki belə kəhər atı vardır. Bu atların sahibləri ancaq müharibə olan zaman onları minirlər”. Bəxtim gətirməmişdi. Ona görə də onların o əfsanəvi Qarabağ atları barədə söylədikləri ilə kifayətlənməli idim.

 İndi isə şuşadakı mağarda oturmuş Mustafa kişinin boş uydurmalarına qulaq asa-asa Ninonu gözləyirdim. Bu əfsanəvi diyara da artıq alışmışdım.

 “Ey xan – deyə Mustafa kişi sözə başladı – Sizin əcdadlarınız muharibələr aparmışlar, sən isə təhsilli, oxumuş bir adamsan. Elə ona görə də gözəl sənətlər haqqında bəhs edilən söhbətlərdən başın çıxır. Farslar Sədi, Hafiz, və Firdovsi ilə, ruslar isə Puşkin ilə fəxr edirlər. Uzaq Qərbdə də Göte adlı bir şair olub və o, şeytan haqqında şer yazıb”.

 Onun sözünü kəsərək: “Bəlkə bu şairlər də Qarabağdan çıxıblar?”- dedim.

 - Xeyir, hörmətli qonaq, amma demək lazımdır ki, bizim şairlərimiz onlardan daha istedadlıdır. Onlar o qədər qürurlu idilər ki, şerlərini kağıza yazmadan əzbər oxuyurdular.