Выбрать главу

 - Hansı şairləri nəzərdə tutursan, aşıqlarımı?

 - Bəli, aşıqları nəzərdə tuturam – deyə mustafa kişi mötəbər şəkildə cavab verdi. Onlar Şuşanın ətrafındakı kəndlərdə yaşayırlar. Sabah aşıqların dərviş qəhvəxanasında yarışları var. Gedib onları heyran-heyran dinləmək istəyirsənmi?

 - Razılığımı bildirdim və ertəsi gün əyri-üyrü yollarla yoxuşu qalxıb Qafqaz aşıq sənətinin dayaq nöqtəsi sayılan Daş kəndə gəldik. Demək olar ki, qarabağın hər kəndində yerli aşıqlar vardı. Onlar qışda şer yazarlar, mahnılar və dərvişlərin rəqs motivlərini bəstələyərlər, baharda isə klublar və saraylarda yeni şərqilərini və mahnılarını oxuyardılar. Qarabağda üç kənd vardı ki, orada ancaq sırf aşıqlar yaşayırdılar. Şərqin ta qədim zamandan şeriyyətə hörmət bəsləməsinin əlaməti olaraq yerli feodallar onları vergidən azad etmişdilər.

 Bu kəndlərdən biri də Daş kənd idi.

 Bu kənd sakinlərinin adi kəndli olmadıqlarını müəyyən etmək üçün onlara bircə dəfə baxmaq kifayət idi. Onların kişiləri uzun saç buraxırlar və ipək kaftanlar geyirlər. Qadınları isə qəmgin baxışlarla kişilərinin dalınca gedib musiqi alətlərini daşıyardılar. Aşıqları heyran-heyran dinləmək üçün Daş kənd Şuşadan gəlmiş dövlətli müsəlmanlar və ermənilərlə dolu idi. Tamaşaçı kütləsi kəndin əsas meydançasında toplaşmışdı. Meydanın ortasında isə bir-birilə amansız döyüşə hazır olan iki igid aşıq dayanmışdı. Onlar burunlarını çəkərək – bir-birlərinə nifrətlə baxırdılar. Əsən külək onların saçlarını yellədirdi. Aşıqlardan biri qışqırıb dedi: - Sənin paltarından təzək iyi gəlir, sifətin donuz sifətinə bənzəyir, istedadın ən nazik tükdən də nazikdir və sənə bir az pul versələr özün haqqında təhqiramiz şer yazarsan”.

 O biri aşıq acıqlı-acıqlı səsini ucaldaraq dedi:

 - Sənin paltarın təlxək libasına bənzəyir, səsin də xədimağanın səsini xatırladır. Mənim istedadım yoxdursa, sənin də şairliyin yoxdur. Sən ancaq mənim dolu süfrəmdən atılan törtöküntülərlə yaşayırsan.

 Aşıqlar get-gedə qızışaraq bir-birlərini iynəli sözlərlə təhqir edirdilər.

 Nəhayət meydana ağ saçlı nurani bir qoca gəldi. O, aşıqlar arasındakı yarışma üçün iki mövzu elan etdi:

 Mövzulardan biri “Araz üzərində ay”, digəri isə “Ağa Məhəmməd şahın ölümü” idi.

 Aşıqlar başlarını göyə çevirib şerlərini oxumağa başladılar. Onlar oxuyurdular ki, Ağa Məhəmməd şah kişilik gücünü yenidən qaytarmaq üçün Tiflisə, kükürdlü vannalar qəbul etmək üçün gedir. Ona kükürtlü vannalar da kömək etməyəndə Xədim ağa şəhəri yerlə-yeksan etmiş və bütün qadın və kişiləri vəhşicəsinə öldürtmüşdü. Lakin dala qayıdan zaman tale onu Qarabağa tələsdirdi. O, öz çadırında yatdığı yerdə xəncərlə öldürülmüşdü. Böyük şah həyatdan heç bir həzz almadan öldürüldü. O, hərb yürüşləri zamanı aclığa dözmüş, qara çörək yeyərək, ayran içib yaşamışdı. O, saysız-hesabsız ölkələri fəth etmişdi, amma səhradakı dilənçilər qədər yoxsul olmuşdu. Xədim ağa Məhəmməd belə adam idi.

 Aşıqlar bütün bunları əruz vəzni üslubunda oxuyurdular. Onların biri ən gözəl qadınların yaşadığı ölkədə Xədimağanın işgəncələrinə dəqiqliyi ilə təsvir edir, o birisi isə bu qadınların edam səhnəsini təfərrüatı ilə təsvir edirdi. Tamaşaçılar məmnun olmuşdular. Aşıqların alınlarından muncuq iriliyində tər dənələri axırdı. Birdən mülayim səsi olan aşıq səsləndi: “Araz üzərindəki Ay kimə bənzəyir?”

 Acıqlı aşıq onun sözünü kəsərək: “Sənin sevgilinin camalına” dedi.

 Mülayim səsi olan aşıq dilləndi: “Bu Ayın işığı mülayimdir”.

 - Xeyir, - deyə acıqlı aşıq cavab verdi. - Bu Ay şəhid olmuş cəngavər bir döyüşçünün qalxanına bənzəyir”.

 Bu bənzətmədə birinciliyi əldə etmək üçün aşıqlar yorulub biri-birini taqətdən salırdılar. Sonra onların hər ikisi ayrı-ayrılıqda Ayın gözəlliyindən, düzənlikdə bir Bakirənin saç hörküsü kimi dolana-dolana əsən küləyə, Araz çayının sularında əks olunan Aya Baxan sevgililərdən şərqilər oxuyurdular.

 Bənzətmələrin sonunda acıqlı qalib elan edildi və xoşa gəlməz bir gülüşlə rəqibinin sazını mükafat olaraq əlindən aldı. Sazın çanağı ağzına qədər pullarla doldurularkən qaşqabağını sallayıb ətrafa baxırdı.

 - Qələbənə görə sevinirsənmi? - deyə soruşdum. O nifrətlə yerə tüpürdü və dedi: – Ağa, buna qələbəmi deyərlər? Haradadır o keçmiş yarışmalar. Yüz il bundan qabaq belə yarışmaların sonunda qalib gələn məğlubun başını çapa bilərdi. O zamanlar sənətə hörmət böyük idi. İndi nazik ürəkli olmuşuq. İndi kimsə bir qoşma üçün qanını fəda etmir.