Выбрать главу

 - İndi sən bu diyarın ən yaxşı aşığısan.

 - Yox – dedi və onun gözlərində dərin bir kədər göründü. - Mən ancaq bir sənətkaram. Əsl aşıq deyiləm.

 Bəs əsl aşıq nə deməkdir?

 Acıqlı aşıq dilləndi: - ”Ramazan ayında” əsrarəngiz bir gecə vardır. Ona Qədir gecəsi deyirlər. Bu gecədə təbiət bir saatlığa yatır. Çaylarda sular axmır, cinlər, şeytanlar xəzinələrin keşiyində durmurlar. Çəmənlərdə otların artdığını və ağacların danışdığını eşitmək olur. Çaylardan su pəriləri yüksəlir və o gecədə dünyaya gələn adamlar alim və şair olurlar. Qədir gecəsində aşıq gərək bütün şairlərin hamisi olan İlyas peyğəmbəri çağırsın. Peyğəmbər düz vaxtında peyda olur və öz camından aşığa su verib deyir: - Bu gündən etibarən sən əsl aşıqsan və yer üzündə hər şeyi mənim gözlərimlə görəcəksən.

 Buna nail olan aşıq hər ünsürə hakim olur: bütün insanlar və heyvanlar, küləklər və dənizlər onun səsinə baş əyir, çünki onun səsində artıq peyğəmbərin qüdrəti və gücü vardır.

 Acıqlı aşıq yerə oturdu, üzünü əlləri arasına aldı və birdən birə hönkür-hönkür ağlamağa başladı.

 - Amma Qədir gecəsinin hansı gecə olduğunu və bu gecənin hansı saatında yatmaq lazım olduğunu artıq heç kim bilmir. Buna görə də bu dünyada əsl aşıq qalmayıb.

 Dünyada tənha qalmış acıqlı aşıq ayağa durub qəmgin və qaradinməz halda qarabağın yaşıl cənnətini bir səhra canavarı kimi tərk etdi.

VI

 İsa bulağı öz yatağında şırıltıyla axırdı. Onun ətrafındakı ağaclar yorğun müqəddəslər kimi başlarını göyə qaldırmışdılar. Cənuba doğru çoban yaylaqlarını xatırladan yam-yaşıl otlaqlar üfüqə doğru uzanıb gedirdi. Şuşa təpələrin ardında qalmışdı. Şərqdə isə Qarabağ tarlaları Azərbaycanın tozlu çölləri içində gözdən itirdi. Zərdüşt atəşlərinin qızğın nəfəsi, çöl küləklərinin qanadlarında düzənliyi süpürürdü. Ətrafımızdakı qorunan meşədə ən kiçicik yarpaq belə tərpənmirdi. Qədim zəmanələrin ilahələri buraları tərk edib getmiş olsalar da füsunkarlıqları sanki hələ də qalmışdı. Bizim tonqalın atəşidə bu müqəddəs yerlə əhd-peyman olsun deyə yandırılmış neçə-neçə ocaqlardan çox gerilərə qalmışdı. Rəngarəng xalılar dairəvi şəkildə tonqalın ətrafına sərilmişdi. Xalıların üstündə mən kef çəkən gürcülərlə bir yerdə oturmuşdum. Ocağın ətrafındakı xalıların üzərində küpələr dolusu şərab, cürbəcür meyvələr, üst-üstə qalanmış tərəvəz, pendir, səbzələr düzülmüşdü. Bulaq boyunca Sasandi adlanan səyyah aşıqlar oturmuşdular. Onların əllərindəki alətlərin adları elə musiqini xatırladırdı: dairə, çinuri, tara, diplipito.

 Onlar farsi üsulda bir bayatı və lirik bir məhəbbət mahnısı oxumağa başladılar. Bu mahnını ekzotik təsiri artırmaq üçün gürcülər arzu etmişdilər. Əgər latın dili müəllimimiz burada olsaydı, məmləkət ənənələrinin bir hissəsinə çevrilmiş bu əyləncəni “Diyonisios aləmi” adlandırardı. Nəhayət oradakı kurortun şən qonaqlarını Şuşa yaxınlığındakı meşədə təşkil olunmuş gecə ziyafətinə dəvət edən Kipiani ailəsi gəlib çıxdı.

 Qarşımda Ninonun atası oturmuşdu. O, ziyafət mərasiminin şərtlərinə uyğun olaraq tamada rolunu ifa edirdi. Onun parlaq gözləri, qırmızımtıl sifəti və qapqara uzun bığları var idi. Kipiani əlindəki qədəhi mənim şərəfimə qaldırıb içdi. Mən içki içmədiyim halda qədəhimi qaldırıb bir qurtum içdim. Başqa vaxt olsaydı içməzdim, amma məclisə tamadalıq edən Ninonun atası şərab içməyi tələb edəndə, içməmək nəzakətsizlik olardı.

 Uşaqlar bulaqdan su gətirdilər. Bu sudan içən adam kefi istədiyi qədər yeyib içə bilərdi və artıq yeməkdən də zərrə qədər narahatçılıq hissi etməzdi. çünki İsa bulağının suyu da Qarabağın saysız-hesabsız möcüzələrindən biri idi. Ocağın şölələnən işığında Ninonun anasının profilini gördüm. Onun sərt bir profili vardı. O, ərinin yanında oturmuşdu, onun gözləri gülürdü. Bu gözlər nə vaxtsa sehrkar Medeyanın Arqono Yasonla tanış olduğu Rion obasındakı Minqrelliyanın yaratdığı gözlər idi.

 Tamada qədəhini qaldırdı: “İçək möhtərəm Dadianinin sağlığına!”

 Uşaq baxışlı bir qoca ona təşəkkür etdi. Bununla da üçüncü dövrə başlandı. Hərə öz qədəhini bir nəfəsə boşaltdı. Ancaq sərxoş olanı yox idi. Gürcülər süfrə başında olanda ürəkdən nəşələnməyi sevirlər. Amma onların ağılları İsa bulağının suyu kimi təmiz və şəffaf qalırdı.