Выбрать главу

 Meşəlikdə kef məclisi düzəldən təkcə biz deyildik. Meşə saysız-hesabsız ocaqların işığına qərq olmuşdu. Çünki bütün şuşalılar hər həftə müxtəlif bulaqların başına yığılırlar. Kef məclisləri səhər açılana qədər davam edirdi. Müsəlmanlarla Xristianlar müqəddəs meşəciyin bütləri xatırladan ağaclarının kölgəsi altında şənlənirdilər.

 Mən, yanımda oturan Ninoya baxdım. O, ağsaçlı Didiani ilə söhbət edirdi. Bu da adət və ənənənin bir əlaməti idi: qocalara hörmət, cavanlara məhəbbət...

 Didiani dilləndi:

 - Siz gərək bir fürsət tapıb, mənim Zuqdidi yay malikanamə gələsiniz. Malikanəm Rion çayının qırağındadır. Bir zamanlar bura Medeanın kölələrinin qoyun yunları ilə qızıl tozlarını yuduqları yer idi. Əli xan, siz də gəlin. Siz Minqreliyanın balta dəyməmiş tropik meşələrini və qədim ağaclarını görərsiniz.

 - Məmnuniyyətlə, möhtərəm Didiani, gələrəm, amma ağacları görmək üçün yox, sizə görə gələrəm.

 - Nəyə görə ağacların əleyhinəsiniz? Mənim üçün ağaclar Kamil həyatın təcəssümüdür.

 Nino söhbətə qarışdı:

 - Əli xan xəyalətlərdən qorxan uşaqlar kimi ağaclardan qorxur.

 - Elə deyil canım, - dedim. Ancaq sizin üçün ağaclar nə qədər əzizdirsə, mənim üçün də bir o qədər çöllər əzizdir. Möhtərəm Dadiani, ağacların olduğu dünya məni karıxdırır. Bu dünya vahimə, cin və şeytanlarla doludur. Üstəlik meşələrin içi qaranlıqdır. Günəşin şüaları ağacların kölgəsində yox olur. Meşələrin qaranlıqları məni sıxır, budaqların xışıltılarını eşidəndə isə qəlbimə hüzn çökür. Mən, sadə şeylərdən xoşlanıram: küləklərdən, qumlardan və daşlardan. Çöl bir qılınc zərbəsi kimi sadədir. Meşələr isə Qordiy düyünü kimi dolaşıqdır. Mən meşənin içinə girdiyim zaman çaşıb yolumu tam itirirəm, möhtərəm Didiani.

Didiani fikirli-fikirli mənə baxıb dedi:

 - Sizdə çöl adamının ruhu var. Görünür, insanları bölmək üçün yalnız bir doğru üsul vardır: insanları meşə adamlarına və çöl adamlarına bölmək lazımdır. Şərqin içkisiz sərxoşluğu çöldən gəlir. Çöllərdə isti küləklərlə qızmar qum insanları sərxoş edir. Orada həyat sadə və problemsizdir. Meşələr isə min bir suallarla doludur. Çöl isə kimsədən bir şey istəməz, kimsəyə, bir şey verməz və heç bir şey də vədd etməz. Lakin ruhun atəşi meşədəki odundan gəlir. Çöl adamının, yəni gözlərimlə görə bildiyim tək bir üzü vardır. O, tək bir həqiqət tanıyır, o tək həqiqət də onun qəlbini doldurur. Meşə adamının isə min bir sifəti vardır. Təəssübkeşlər çöldən, yaradıcılar isə meşələrdən gəlirlər. Bəlkə də Şərq və Qərb arasındakı əsas fərq də elə budur.

 Adlı-sanlı erməni sülaləsindən olan gombul Məlik Naxararyan:

 - Biz ermənilərlə gürcülər elə bu səbəbdən meşələri sevirik – deyə söhbətə qarışdı. Domba gözləri və qalın kol kimi qaşları olan bu adam filosofluq etməyə və içkiyə artıq dərəcədə meyl göstərirdi. Naxararyan qədəhini mənim şərəfimə qaldıraraq bərkdən dedi:

 - Əli xan, dağlardan qartallar, meşələrdən də pələnglər çıxır, bəs çöllərdən nə çıxır?

 - Aslanlar və cəngavərlər! - deyə cavab verdim. Nino razı halda çocuqcasına əl çaldı.

 Şişlərin üzərində nar kimi qızarmış kabablar paylanırdı. Qədəhlər dəfələrlə dolub boşalırdı. Gürcü şənliyinin sədası meşəni bürümüşdü. Didiani Naxararyanla nəyi isə müzakirə edirdilər. Nino da fürsətdən istifadə edib sualedici baxışını mənə zillədi. Mən razılıq işarəsi olaraq başımı tərpətdim. Artıq qaranlıq çökmüşdü. Ocaq işığında keflənmiş adamlar cinləri, ya da quldurları andırırdılar. Heç kim bizə fikir vermirdi. Ayağa durub yavaş-yavaş bulaq tərəfə getdim. Əyilərək ovucumla suyu götürüb içdim. Bulaqdan su içmək adama çox xoş gəlirdi. Bir xeyli orada dayanıb suyun üstünə düşən ulduzların əksini seyr etdim. Arxamda ayaq səsləri eşidildi. Quru bir budaq kiçik bir ayağın altında şaqqıldadı... Əlimi uzatdım, Nino əlimi dərhal tutdu. Biz əl-ələ verib meşənin dərinliklərinə getdik.

 Ocağın başından ayrılmamış meşənin dərinliklərinə getmək düzgün bir hərəkət deyildi. Nino balaca bir çəmənlikdə oturdu. Sonra məni də özünə doğru çəkdi. Həmişə şən və şad olan Qarabağda da ciddi və sərt adətlər var idi. Mustafa kişi mənə dəhşət içində danışmışdı ki, on səkkiz il bundan qabaq Qarabağda bir ailədə sədaqət pozulmuş və bunun nəticəsində də o gündən bəri meyvə ağacları məhsullarını azaltmışlar.