Выбрать главу

 Biz biri-birimizə baxırdıq. Ay işığında Ninonun sifəti solğun görünürdü. “Prinses” deyə ona müraciət etdim. Nino çəpəki mənə baxdı. Artıq iyirmi dörd saat idi ki, o, prinses olmuşdur. Atasının knyaz rütbəsinə layiq olduğunu isbat edib, Peterburqdakı Çara qəbul etdirə bilməsi isə iyirmi dörd il çəkmişdi. Bu gün səhər Peterburqdan Ninonun atasına teleqram gəlmişdi. Ninonun atası itirdiyi anasını yenidən tapmış bir uşaq kimi sevinirdi. O, hamımızı gecə ziyafətinə dəvət etdi.

 - ”Prinses”, - deyə mən təkrar etdim. Sonra Ninonun üzünü əllərimin arasına aldım. O heç bir müqavimət göstərmirdi. Ola bilsin ki, Kaxetiya şərabını çox içmişdi və yaxud da onu sərxoş edən meşə və ay işığı idi. Mən onu öpdüm. Onun ovuclarının içləri yumşaq və ilıq idi. Biz yumşaq yosunların üstündə uzanmışdıq. Nino mənim üzümə baxırdı. Onun sifəti nazilmiş və ciddiləşmişdi. Ay işığında onun bədəni sarımtıl əqiq daşı kimi parıldayırdı. Mən onun ürək döyüntüsünü eşidirdim. Onun dizləri əsirdi, gözlərindən yaş gəlirdi. Gözlərindən gələn yaşlarını dodaqlarımla sildim və nəm yanaqlarını qurutdum.

 Nino ayağa qalxdı. Onun susmağı yalnız daxilindəki müəmmalı hisslərdən idi. Mənim Ninomun on yeddi yaşı hələ təzəcə tamam olmuşdu. O, müqəddəs Kraliça Tamara litseyinə təzəcə gedirdi. Nino dillənib dedi ki, “Əlixan mənə elə gəlir ki, səni sevirəm. Hətta indi prinses olduğum halda da səni sevirəm”.

 - Bəlkə prinsesliyin artıq uzun çəkməyəcək - deyə cavab verdim.

 Nino sözümü başa düşmədi karıxmış halda dedi:

 - Sə nə demək istəyirsən? Yəni çar atamın prinseslik ünvanını bizdən geri mi alacaq?

 - Sən ərə gedən kimi o ünvanı itirəcəksən. Amma xanlıq ünvanı da çox gözəl bir ünvandır.

 Nino əllərini boynunun ardında çarpazlaşdırdı, başını geri atıb qəhqəhə ilə güldü:

 - Xan, bəlkə elə Xan xanımı? Xan xanımları üçün bir ünvan yoxdur? Ümumiyyətlə, sənin qəribə bir evlənmə təklifi irəli sürmək üsulun var, – əgər bunu nəzərdə tutursansa...

 - Mən bunu nəzərdə tuturam.

Nino üzümü tumarladı və onun barmaqları saçlarımın içərisində itdi:

 - Əyər birdən bəli desəm, onda sən ömrünün sonuna qədər Şuşa yaxınlığındakı meşəni xoş xatirə kimi yadda saxlayacaq və ağaclarla sülh bağlayacaqsan?

 - Mənə elə gəlir ki, edərəm hər halda.

 - Toydan sonrakı səyahətimizi keçirmək üçün Tehrandakı əmingilə gedərik, mən də orada xüsusi nəzarət altında olan Şahənşahın hərəmxanasını ziyarət edəcəyəm. Oradakı şişman qadınlarla çay içib söhbət etməli olacağam.

 - Başqa?

 - Ondan sonra da mən çölləri gəzə biləcəyəm, çünki orada mənə baxa biləcək bir ins-cins olmayacaq.

 - Yox, Nino, sən çölləri gəzib baxmayacaqsan, çünki xoşuna gəlməyəcək.

 Nino əllərini uzadıb boğazımdan tutdu və burnunu alnıma yapışdırıb dedi:

 - Əli xan, bəlkə elə doğrudan da sənə ərə getdim. Amma heç fikirləşmisənmi ki, biz meşə və çöllərdən başqa nə kimi əngəllər qarşımıza çıxacaq?

 - Hansı əngəllər?

 - Əvvəla mənim bir müsəlmana ərə getdiyim üçün atam və anam kədərlərindən öləcəklər. Sonra sənin atan sənə lənət oxuyub tələb edəcək ki, mən müsəlmançılığı qəbul edim. Bunu da qəbul etsəm bu dəfə çar babamız, xristian dininə satqınlıq etdiyimə görə məni Sibirə sürgün edəcək: Səni də təhrik etdiyin üçün mənə qoşacaq.

 Mən gülə-gülə cavab verdim:

 - Sonra da biz, Şimal dənizinin ortasında, bir buz dağının üzərində oturacağıq. İri ağ ayılar da gəlib bizi tikə-tikə edib yeyəcəklər. Yox, Nino, zənn etdiyin qədər də pis olmayacaq. Sən müsəlmançılığı qəbul etməlisən, valideynlərin də kədərlənib ölməyəcəklər. Toydan sonrakı səyahətimizi də yaxşı keçirmək üçün Parisə və Berlinə gedərik ki, sən oraları gəzərkən Bui de Bulonun meşəsinə və Berlinin məşhur heyvanxanasına tamaşa edərsən.

 - İndi nə deyirsən?

Nino təəccüblə mənə baxıb cavab verdi:

- Məni çox istəyirsən, ona görə də yox demirəm. Amma hə deməyə də hələ vaxt var. Qorxma qaçası deyiləm. Məktəbi qurtaran kimi valideynlərimizlə danışarıq. Ancaq, səndən xahiş edirəm ki, məni qaçırmağa səy göstərmə. Bilirəm bunu siz də necə edirlər. Bir gün qəfildən gəlib məni atın tərkinə atırsınız və dağa qaçırarsınız. Nəticədə də Kipianilər ailəsi ilə güclü qan davası başlanır.

 Nino birdən-birə şux və dəcəl bir qıza çevrilmişdi. Onun vücudunda elə bil hər şey gülürdü: üzü, əlləri, ayaqları, bədəni... O bir ağaca söykənib, məni aşağıdan yuxarıya kimi süzdü. Mən onun qabağında durmuşdum. Nino ağacın kölgəsində, ovçuların qorxusundan meşələrdə gizlənən qorxmuş bir ceyrana bənzəyirdi.

 - Gedək, - deyə Nino dilləndi.