Выбрать главу

 Biz meşənin içindən keçib böyük tonqalın yanına qayıtdıq. Yolda birdən-birə Ninonun ağlına nə isə gəldi. O, yerindəcə dayandı başını qaldırıb Aya baxmağa başladı.

 Bəs bizim gələcək uşaqlarımız hansı dinə mənsub olacaqlar? - deyə təşvişlə soruşdu.

 - Mən də qeyri-müəyyən bir şəkildə dedim ki, “ən yaxşı və təmiz dinə mənsub olacaqlar”.

 Nino inamsızlıqla mənə baxdı və bir müddət susub fikrə getdi. Sonra qəmli halda:

 - Mən sənin üçün çox yaşlı deyiləmmi? Mənim bu yaxınlarda on yeddi yaşım tamam olacaq. Sənin gələcək həyat yoldaşının indi on iki yaşı olmalı idi.

 Mən onu sakitləşdirdim. Yox, o mənim üçün qətiyyən çox yaşlı deyildi. O həddən artıq ağıllı və hiyləgər idi. Bir gənc qızın ağıllı və hiyləgər olması həqiqətən yaxşı şey idimi? Mənə elə gəlirdi ki, biz şərqlilər vaxtından çox tez həddi-buluğa çatırıq, qocalırıq və ağıllaşırıq. Bununla belə bəzən hamımızın səfeh və sadəlövh olduğumuz qənaətinə gəlirəm. Əslində nə düşünmək lazım idi, bilmirdim.

 Ağaclar, Nino, uzaqdan işığı gələn ocaqlar məni çaşdırmışdı. Amma hamıdan çox mən özüm özümü çaşdırmışdım. Bəlkə də mən Kaxetiya şərabından çox içib, bir səhra qulduru kimi məhəbbətin sakit bağçasında bir sərsəri kimi dolaşırdım.

 Əlbəttə Ninonun bir çöl adamının qurbanı olduğu barədə düşünməməyinə əmin idim. O özünü çox sakit aparırdı.

 Biz yenidən İsa bulağına qayıdanda Ninonun göz yaşlarından, gülüşlərindən və incə coşğunluğundan əsər əlamət qalmamışdı. Bizim qeybə çıxıb yenidən qayıtmağımızı heç kim sezməmişdi. Mən ocağın qırağında oturdum və birdən hiss etdim ki, susuzluqdan dodaqlarım quruyur. Mən İsa bulağının suyundan bir istəkan doldurub içdim. İstəkanı süfrəyə qoyarkən Məlik Naçaryanla baxışlarımız rastlaşdı. O, mənə dostcasına, qayğı ilə və bir azca himayətkarcasına baxırdı.

Dolaşıq, cəncəlli məsələ. Red.

VII

 Damdakı divana uzanıb məhəbbət xəyalına dalmışdım. Mənim məhəbbətim başqalarının məhəbbətindən təmamilə fərqli idi. Mən Ninoya bulaq başında, şəlalələr yanında yox, Nikolay küçəsində məktəbə gedərkən rast gəlmişdim. Elə ona görə də Mənim məhəbbətim babalarımın, atamın və əmimin məhəbbət məcarələrindən çox fərqli idi. Şərqlilərin məhəbbət hekayətləri bulaq başında və yaxud səsli-küylü şəlalələrin yanında başlardı. Qızlar çiyinlərinə səhəng alıb hər axşam üstü bulaq başına gedərdilər. Cavan oğlanlar da bulaq başına yaxın bir yerdə dövrə vurub oturardılar. Onlar yanlarından keçən qızlara heç gözucu da baxmadan vuruşmalardan və soyqunçulardan bəhs edən söhbətlər edərdilər. Qızlar səhənglərini bulaq suyu ilə doldurub tələsmədən yavaş-yavaş evlərinə qayıdardılar. Ağzına qədər su ilə doldurulmuş səhənglər çox ağır olur. Bu dolu səhəngləri apararkən büdrəməmək üçün qızlar örpəklərini dala atıb, ədəblə gözlərini yerə zilləyərdilər.

 Hər axşamüstü qızlar bulaq başına gedərdilər. Oğlanlar da hər axşamüstü meydanın bir guşəsində oturardılar. Şərqdə məhəbbət məcarəsı belə başlayardı.

 Təsadüfən qızlardan biri gözlərini qaldırıb oğlanlara nəzər salardı. Oğlanlar yenə buna əhəmiyyət verməzdi. Əgər həmin qız təkrarən bulaq başına qayıdırsa, oğlanlardan biri başını qaldırıb göyə baxardı. Bəzən onun baxışı qızın baxışı ilə rastlaşırdı. Bulaq başında iki gəncin baxışları bir neçə dəfə rastlaşırdısa, hamı başa düşərdi ki, məhəbbət məcarəsı başlayıb.

 Qalan şeylər artıq su kimi axıb gedərdi. Eşq atəşinə düşmüş cavan oğlan mahnılar oxuyaraq ətrafı dolaşmağa başlardı. Oğlanın yaxın qohumları isə qız evi ilə başlıq məsələsini götür-qoy edərdilər. Müdriklər də təzə evlənmək istəyənləri neçə cəngavər dünyaya gətirəcəklərini hesablayardılar. Hər şey qabaqcadan hazırlanıb qərarlaşdırılardı.

 Bəs mənim bulağım harada qaldı? Hanı Ninonun üzündəki örnək? Qəribədir. Qadını örpək altından görmək mümkün deyil, amma tanımaq olur: onların vərdişini, düşüncəsini, arzularını bilməz olurdu. Örpək qızların gözlərini, burnunu və ağzını bağlayır, qəlbini, ruhunu isə yox. Şərq qadınlarının qəlbi çadrasız qadınların qəlbindən fərqli idi. Çünki, çadrasız qadınların gözlərini, burunlarını, dodaqlarını görmək olur. Amma bu gözlərin ardından keçənləri heç bir zaman bilə bilməzsiniz. Hətta onu çox yaxşı tanıdığınızı zənn etsəniz belə.