Выбрать главу

 Mən Ninonu sevirəm, amma o yenə də məni çaşdırır, heyrətə və şübhəyə salırdı. Küçədə özgə kişilər ona baxdıqları zaman o bundan xoşlanırdı. Halbuki, yetişmiş bir şərqli qızı belə şeylərdən diksinərdi. O məni öpürdü. Mən də onun qıçlarını sığallayırdım. Halbuki biz hələ heç nişanlı da deyildik. Nino eşq və məhəbbət haqqında olan kitabları oxuduğu zaman adəti üzrə xülyalara dalırdı və həsrətlə için-için yanırdı. Ondan soruşanda ki, axı sən nəyin həsrətini çəkirsən. O, başını aşağı salıb “heç özüm də bilmirəm” deyə cavab verirdi. Zənnimcə, Ninodakı bu xasiyyət onun əvvəllər Rusiyada olmasından irəli gəlir. Atası Ninonu həmişə özü ilə Peterburqa aparardı. Rus qadınlarının necə çılğın olduqlarını hamı bilir. Onların gözləri ehtirasla dolu olur, ərlərinə vəfasızlıq edib, başqaları ilə gəzirlər. Ona görə də çox nadir hallarda onların ikidən artıq uşaqları olardı. Tanrı onları da belə cəzalandırırdı. Bununla belə mən Ninonu yenə də sevirdim. Onun gözlərini, səsini, gülüşünü, danışıq və düşüncə tərzini sevirdim. Mən onunla evlənəcəyəm. Onun xəyalpərəst olmağına baxmayaraq, o da bütün gürcü qadınları kimi yaxşı bir həyat yoldaşı olacaq. İnşallah.

 Divanın üzərində o biri tərəfə çevrildim. Bütün bu düşüncələr məni yorurdu. Gözlərimi yumub gələcəyi, yəni Ninonu xəyalımda düşünmək mənə daha xoş idi. Çünki bizim gələcəyimiz, toy günümüzdən, Nino mənim arvadım olan gündən başlayacaqdı.

 O gün çox həyəcanlı bir gün olacaq. O gün mənə Ninonu görməyə icazə verməyəcəklər. Deyilənə görə toy günü bəylə gəlinin birlikdə gözə görünməsindən pis şey yoxdur. Təpədən dırnağa qədər silahlanmış dostlarım atlara minib Ninonu evlərindən aparacaqlar. Onun üzündə örpək olacaq. O, yalnız bircə gün şərqin adətinə baş əyməli olacaq.

 İmam suallar verəcək, mənim dostlarım da salonun bir küncündə dayanıb imamın suallarını gözləyəcəklər. İmam verdiyi sualların cavablarını soruşarkən dostlarım and-aman edəcəklər ki, mən iqtidarsız deyiləm. Adət və ənənələr bunu tələb edirdi. Çünki hər bir adamın düşmənləri var. Bu düşmənlər toy günü xəncərlərini qınlarından sıyırır, üzlərini gün batan tərəfə yönəldib “Anisani, banisani, mamaverli, kaniani” deyə pıçıldayardılar. Yəni, “o bu işi eləməz, o, bu işi eləməz”.

 Amma, Allaha şükür ki, yaxşı dostlarım vardı. İlyas bəy də insanı bu cür cadugərlərdən qoruyan duaların hamısını yaxşı bilirdi.

 Toydan sonra biz dərhal ayrılmalıyıq. Nino öz rəfiqələrinin, mən də öz dostlarımın yanına gedəcəyəm. Gəncliyimizin vida gününü hər ikimiz ayrı-ayrılıqda qeyd edirik.

 Bəs sonra?

 Gözlərimi bir anlığa açıb, damdakı divanı və bağdakı ağacları görürəm. Gözlərimi təkrarən yumuram ki, ondan sonra nələr olacağını daha yaxşı görə bilim. çünki toy günü insanın həyatında ən vacib və lazımlı bir gündürsə, eyni zamanda da həmin gün çox ağır və çətin bir gündür. Toy gecəsində gəlin otağına girmək asan iş deyildi. Uzun koridora açılan hər qapının ağzında üzlərinə maska keçirmiş adamlar dururlar. Ancaq onların ovuclarına pul qoyulduqdan sonra onlar yoldan çəkilirlər. Xoş niyyətli dostlar da gəlin otağına bir xoruz, bir pişik və yaxud başqa bir gözlənilməz şeylər qoyub gedərdilər. Otağa girdiyin zaman mütləq otağın hər tərəfinə nəzər salmaq lazım idi. Çünki, bəzi hallarda çarpayının altında ifritə bir qadın gizlənirdi. O da pul qoparmadan gəlin otağını tərk etməzdi.

 Nəhayət otaqda tək qalıram. Qapı açılır, Nino içəri girir. İndi toyun ən güclü hissəsi başlayır. Nino gülümsəyərək, dəvət edici baxışlarla mənə baxır. O, bədəninə keçi dərisindən tikilmiş çox dar bir korset geyinmişdi. Korset qabaq tərəfdən iç-içə tikilmiş bağlarla düyünlənmişdir. Korsetin düyünləri çox mürəkkəb düyünlərdir. O düyünlərin hamısını mən özüm açmalıyam. Ninonun bu işdə mənə kömək etməsinə izn verilmirdi.. Korsetin düyünləri həqiqətən son dərəcədə mürəkkəbdir, lakin onları xəncərimlə kəsib açmaq mənə böyük şərəfsizlik gətirərdi. Kişi gərək özünə sahib olduğunu göstərsin. Çünki səhəri gün onun rəfiqələri gəlib açılmamış düyünləri görmək istəyirlər. Vay o bədbəxtin halına ki, düymələri öz əlləri ilə açdığını sübut edə bilmir. -Bu səbəb gülüş mövzusuna çevrilirdi və bütün şəhər ondan danışırdı.

 Toy gecəsində, toy evi qarışqa yuvasına bənzəyirdi. Dostlar və qohumlar koridorlarda, damda və hətta küçədə durub düyünlərin açılmasını gözləyirdilər. Düyünlərin açılmasının uzun vaxt aparması onlarda səbirsizlik yaradırdı. Onlar gəlin otağının qapısını döyürlər, pişik kimi miyoldayırlar və nəhayət düyünlərin açılmış olduğunu eşidən dostlar sevincdən elə o dəqiqə havaya atəş açmağa başlayırlar. Onlar eşiyə çıxıb qaravul çəkməyə başlayırlar ki, mənimlə Ninonu yalnız istədikləri vaxt evdən buraxa bilsinlər.

полную версию книги