Выбрать главу

 Mən düz dənizi, düz yastı çölü və onların arasına girmiş bu qədim şəhəri çox sevirdim. Buraya neft axtarmağa gəlib, müəyyən vaxtdan sonra varlanan adamlar səs-küylü səhranı sevmədikləri üçün buradan çıxıb gedirdilər.

 Nökər çay gətirdi. Onu qurtum-qurtum içə-içə buraxılış imtahanlarını düşündürdüm. Özümü zərrə qədər o xüsusda üzmürdüm. Necə olsa keçəcəkdim. Kəsilsəydim də narahatçılığım yox idi. Məzun olmayıb bir il daha oxumaq məcburiyyətində qalmalı olsam da, fabrik-zavodlarımızda çalışan işçilər tənbəlliyimə deyil, hər halda özümü bir növ bu elm mərkəzindən qoparıb qurtarmadığıma hörmət edəcəkdilər. Gerçəkdən də məktəbi tərk etmək pis bir iş olacaqdı. Gümüşü düyməli, paqonlu və kokardlı boz tələbə uniformam son dərəcə şıqdır. Mülki paltarları geydiyim zaman özümü doğrudan da narahat hiss edirdim. Lakin mən mülki paltarı çox geyməyəcəyəm. Yalnız bir yay.

 Sonra da... Moskvadakı Lazarev adına şərq dilləri institutuna gedəcəkdim. Buna qərar vermişdim, çünki oraya gedəndə ruslardan çox-çox irəlidə olacaqdım. Mənim üçün asan olan xarici dilləri öyrənmək işi ruslar üçün son dərəcə çətin olduğunu ta uşaqlıqdan bilirdim. Üstəlik Lazarev institutu tələbələrinin uniforması da bütün uniformaların ən gözəli idi. Bu uniforma al qırmızı pencək, qızılı yaxalıq, qızıl suyuna çəkilmiş xəncər, adi günlərdə belə taxılmasına icazə verilən yumşaq əlcəklərdən ibarət idi. Tələbələrin uniforma geyməsi mütləq lazım idi, yoxsa ruslar bizə hörmət etməzdilər. Rusların hörmətini qazanmasam Nino mənə ərə getməz. Ninonun Xristian olmasına baxmayaraq onun ilə mütləq evlənməli idim. Gürcü qadınları dünyanın ən gözəl qadınlarıdır. Əgər Nino məni istəməsə, nə etməliyəm? O zaman bir neçə igid gənci yanıma salıb onu qaçırmalıyam. Ninonu atımın tərkinə alıb İran sərhədlərini aşaraq Tehrana aparmalıyam. Orada da Nino mənə təslim olacaqdı. Çünki onun başqa çarəsi yoxdur!

 Bakıdakı evimizin damından ətrafı seyr edərkən həyat çox gözəl və sadə görünürdü.

 Nökərimiz Kərim çiynimə toxundu. “Vaxtdır” dedi. Ayağa qalxdım.

 Həqiqətən də vaxt çatmışdı.

 Üfüqdə, Nargin adasının arxa tərəfində üzən bir gəmi görünürdü. Xristian poçtunun gətirdiyi və teleqraf deyilən kiçikcik kağız parçasının üzərindəki yazılara inanmaq olsa idi o zaman əmim, üç arvadı və iki qulluqçusu ilə birlikdə həmin gəmidə olmalı idilər. Onları qarşılamağa getməli idim. Tələsik pilləkənlərdən aşağı endim. Faytona minib, səsli-küylü limana yollandım.

 Əmim gerçəkdən hörmətli bir kişi idi. İran şahı Nəsrəddin böyüklük göstərərək ona “imperatorluq şiri” fəxri adını vermişdi. Həmin gündən bəri də kimsənin əmimə başqa bir şəkildə müraciət etməsinə izn verilmirdi. Onun üç arvadı, çoxlu nökərləri, Tehranda bir sarayı və Mazandaranda da ucsuz-bucaqsız torpaq sahələri və malikanələri vardı. Arvadlarından ən cavanı Zeynəbin xəstə olduğuna görə o Bakıya gəlirdi. Zeynəbin on səkkiz yaşı hələ tamam olmamışdı. Əmim onu o biri arvadlarından çox istəyirdi. Yazıq Zeynəbin uşağı olmurdu. Əmim də nəslini davam etdirmək üçün ondan bir oğlan uşağı istəyirdi. Zeynəbə nə Kərbəla dərvişlərinin tilsimləri, nə Məşhədli bilicilərin ovsunları, nə də eşq sənətində təcrübəli Tehran qoca qarılarının xeyri dəymişdi. Hətta bu məqsədlə Həmədana da getmişdilər. Orada qırmızı daşdan yonulmuş sirli baxışı olan böyük bir şir heykəli vardı. Kim bilir bu heykəl nə zamansa hansı unudulmuş krallar tərəfindən qoyulmuşdur. Əsrlərdən bəri qadınlar karvan kütləsi halında onu ziyarət edirdilər. Şirin qocaman sifətini öpür, sonra da hamilə olub ana olacaqları günləri ümidlə gözləməyə başlayardılar. Zavallı Zeynəbə o Şiri ziyarət etmək də bir fayda verməmişdi. Ona görə də onlar indi Bakıya gəlirdilər. Onlar buradakı hakimlərin əzəmətindən kömək umurdular. Zavallı əmim Bakıya gələrkən yaşlı və sevmədiyi arvadlarını da gətirmək məcburiyyətində qalmışdı. Çünki ənənə belə əmr edirdi: “Bir, iki, üç, hətta dörd arvad ala bilərsən. Amma onların hamısına bərabər münasibət bəsləmək şərtilə”. Arvadlara eyni münasibət isə bakıya gələrkən hamısını yanında aparmaq deməkdir. Qanuna görə bunların mənimlə heç bir əlaqəsi yox idi. Qadın qisminin yeri sarayın daxili sakitliyidir: yəni iç hissəsidir. Ədəbli kişi qadınlarla danışmaz, onların arxasınca qaçmaz və onlara salam da yollamazdı. Qadın qismi kişinin sadəcə kölgəsidir. Hətta kişilər o kölgədə özlərini xoşbəxt hiss edirlər. Bu da doğru və ağıllı bir işdir. Bizim məmləkətdə bir söz vardı: “yumurtada qıl, qadında ağıl” olmaz. Ağlı başında olmayan yaranmışlar da daimi nəzarətdə olmalıdırlar ki, özlərinin və ətraflarındakıların başlarına bəla gətirməsinlər. Məncə, bu çox ağıllı qaydadır.