Выбрать главу

 Kiçik gəmi körpüyə yan aldı. Sinələri tüklü, dənizçilər gəmidən körpüyə nərdivan endirdilər. Gəmidəki sərnişinlər: ruslar, ermənilər, yəhudilər torpağa ayaq basmağa elə tələsirdilər ki, elə bil hər dəqiqə onlar üçün qiymətli idi. Əmim gəmidən hələ çıxmırdı. O, həmişə deyərdi ki, “tələsik iş şeytan işidir”. Ancaq gəmidəki bütün sərnişinlər gəmini tərk edəndən sonra “imperatorluq şiri”nin yaraşıqlı gövdəsi göyərtədə göründü. Onun əynində ipək yaxalı bir libas, başında qara rəngli balaca bir xəz papaq, ayaqlarında isə yüngül başmaqlar var idi. Onun sıx-tüklü saqqalı ilə dırnaqları xınalı idi. Bu adət min il əvvəl İmam Hüseynin haqq dini uğrunda tökmüş olduğu qanın xatirəsini anmaq əlaməti idi. Əmimin yorğun balaca gözləri vardı, yavaş-yavaş hərəkət eləyirdi. Onun ardınca həyəcanları açıqca duyulan, təpədən dırnağa qədər qara çarşablara bürünmüş, əmimin arvadları gəlirdilər. Onların dalınca da xədimağalar gəlirdilər. Xədimağalardan biri ağıllı simaya malik idi. ikincisinin sifəti qurumuş bir kərtənkələni andırırdı, üçüncüsü isə balacaboy, amma öz ağasının namusu və şərəfinin qarovulçusu olmaqdan qürurlanan bir adam idi.

 Əmim yavaş-yavaş nərdivandan endi. Mən onu qucaqladım və ehtiramla onun sol çiynini öpdüm – əslində xalq arasında belə bir şeyə ehtiyac yox idi. Arvadlarına da heç gözucu da baxmadım. Biz faytona mindik. Əmimin arvadları ilə xədimağaları qapalı faytonlarla bizim arxamızca gəlirdilər. Dəstəmizin möhtəşəm görünməsi üçün Bakı əhli əmimin zənginlik və əzəmətinə heyran qalsın deyə faytona sahil yolundan sürməsi üçün faytonçuya əmr verdim.

 Nino da bulvarda dayanıb, gülər gözləri ilə mənə baxırdı. Əmim isə alicənablıqla saqqalını sığallayaraq şəhərdə təzə nə xəbər olduğunu soruşdu. Mən ona yeni bir xəbər olmadığını dedim. Çünki vəzifəmin söhbətə xırda lazımsız xəbərlərlə başlamaq və gerçəkdən lazımlı olan xəbərlərə daha sonra keçməli olduğunu bilirdim. “Dadaş bəy keçən həftə Axundzadəni bıçaqlayaraq öldürdü. Axundzadə səkkiz il əvvəl Dadaş bəyin arvadını qaçırdığı üçün təhlükənin hələ sovuşmadığını bilə-bilə şəhərə qayıtmışdı. Axundzadə, şəhərə qayıdan gün bıçaqlandı. İndi polis Dadaş bəyi axtarır. Amma onu polis tapa bilməyəcək. Baxmayaraq ki, hamı Dadaş bəyin Mərdəkanda olduğunu bilirdi.

 Çünki ağlı başında olan kişilər Dadaş bəyin çox düz hərəkət etmiş olduğunu söyləyirlər.

 Əmim sözlərimi başı ilə təsdiqləyib dedi:

 - Bəli, Dadaş bəy düz etmişdir.

 Daha nə yeni xəbərlər vardır? Bəli, ruslar Bibiheybətdə yeni neft yataqları tapmışlar. Dənizin bir qismini təmizləyib neft axtarışına başlamaq üçün Nobel firması böyük bir alman maşını gətirtmişdilər. Əmim heyrət içində idi: “Allah, Allah!” deyərək üzgün bir tərzdə dodaqlarını tərpətdi.

 - Evimizdə isə hər şey öz qaydasındadır. Allah izn versə bir həftəyə qədər gimnaziyanı bitirəcəyəm” - dedim.

 Danışmağa davam etdim, yaşlı əmim də məni diqqətlə dinlədi. Nəhayət faytonumuz evimizə yaxınlaşanda mən gözlərimi yan tərəfə zilləyib sözarası dedim:

 “Rusiyadan Bakıya adlı-sanlı bir həkim gəlib. Deyirlər ki, o, çox zəngin biliyə malikdir. Adamın üzünə baxan kimi onun keçmişini və hal hazırdakı vəziyyətini xəbər verir.

 Darıxdığı üçün əmimin gözləri yarı qapalı idi. tamamilə laqeyd tərzdə əmim o müdrik həkimin adını soruşdu. Mənim söylədiklərimdən əmimin məndən çox məmnun qalmış olduğunu anladım. Çünki bütün bunlar bizdə əxlaqın və alicənab tərbiyənin əlamətləri sayılırdı.

Latın və İngilis dillərində feli isim. Red.