Выбрать главу

Latın dilində feli sifət. Red.

II

 Düm-düz dama yumşaq, rəngarəng və üzərlərində cürbəcür naxışlar olan Qarabağ xalıları sərilmişdi. Axşam üstü xalıların üstündə atam, əmim və mən bardaş qurub oturduq. Bizim arxamızda əllərində fənər tutmuş xidmətçilər dayanmışdılar. Qabağımızdakı xalının üzərinə sərilmiş süfrə isə hər cür şərq yeməkləri ilə dolu idi: Ballı-badamlı çörəklər, şəkərləndirilmiş meyvələr, kabab, bişmiş toyuq və kişmişli plov. Əvvəllər də olduğu kimi atamla əmimin incəliklərinə heyran idim. Onlar sol əllərini tərpətmədən sağ əlləri ilə lavaşdan kəsib içinə ət doldurub, dürmək düzəldərək ağızlarına qoyurdular. Əmim çox incəliklə sağ əlinin üç barmağını buğlanan yağlı plovun içinə saldı, və bir az plov götürdü. Onları küftə kimi yumurlayıb, bir düyünü belə yerə salmadan ağzına qoydu.

 Çəngəl, bıçaqla yemək vərdişlərində ruslar bilmirəm nədən bu qədər öyünürlər. Hətta ən axmaq adam belə, bir ay ərzində bu cür yemək tərzini öyrənə bilər. Şəxsən mən çəngəl, bıçaqla çox rahat yemək yeməyi bilirəm və avropalıların ziyafət süfrəsində necə hərəkət etməyi də yaxşı öyrənmişəm. Lakin, on səkkiz yaşım olmasına baxmayaraq, mən atam və yaxud əmim kimi tam alicənablıqla yemək yeyə bilmirəm. Onlar yalnız sağ əlin üç barmağı ilə saysız-hesabsız şərq yeməklərini elə yeyib qurtarırdılar ki, hətta əllərinin üstü belə tər-təmiz qalırdı. Nino bizim yemək üslubumuza barbar üslubu kimi baxırdı. Kipiani ailəsinin evində daima masa arxasında oturub avropasayağı yemək yeyirdilər. Bizim evdə isə ancaq rus qonaqlarımız olduğu zaman yemək bu cür yeyilərdi. Nino, mənim xalça üstündə oturub əllərimlə yemək yediyimi görəndə dəhşətə gəlirdi. Amma Nino öz atasının ancaq iyirmi yaşına çatdıqdan sonra ilk dəfə çəngəl, bıçaq işlətməyə başladığını unudurdu.

 Yemək sona çatdı. Biz əllərimizi yuduq, əmim qısa bir dua oxudu. Sonra yeməkləri süfrənin üstündən yığışdırdılar. Kiçik fincanlar içində tünd çay gətirildi. Yaxşı bir yeməkdən sonra əmim qoca adamlar kimi havadan, sudan və boş-boş şeylərdən danışmağa başladı. Atam heç danışmırdı, mən də susub oturmuşdum. Çünki adət belə tələb edirdi. Yalnız əmim söhbət edirdi və hər dəfə Bakıya gələndə etdiyi kimi sarayında çox mühüm, amma mənim üçün hələ də tam aydın olmayan bir rol oynadığı böyük Nəsrəddin şahın zəmanəsindən bəhs edirdi. Əmim sözünə davam edib dedi:

 - ”Tam otuz il Şahən-şahın göz bəbəyi idim. Əlahəzrət üç dəfə Avropa səyahətinə çıxarkən məni də özü ilə aparmışdı. Bu səyahətlər zamanı mən, kafirlərin dünyası ilə hamıdan yaxşı tanış oldum. Biz kralların, kayzerlərin saraylarını və zamanın ən tanınmış xristianlarını ziyarət etdik. Qərblilərin dünyası qəribə bir dünyadır. Hamısından qəribəsi qadınlarına olan münasibət idi. Qadınlar, hətta kralların, kanslerlərin arvadları belə saraylarda çıl-çılpaq gəzirdilər. Onlara kimsə bir söz demirdi. Bəlkə xristianlar əsl mənada kişi deyillər, bəlkə də bunun daha bir başqa səbəbi vardır. Allah bilir səbəb nədir?

 Əhəmiyyətsiz şeylər bu kafirləri qəzəbləndirirdi. Bir dəfə Şahənşah həzrətləri çarın sarayındakı bir ziyafətə dəvət edilmişdi. Çariça da onun yanında əyləşmişdi. Şahənşahın boşqabında yaxşı bir toyuq budu vardı. Əlahəzrət o gözəl, yağlı toyuq budunu üç barmağı ilə çox zərif bir şəkildə tutaraq qaldırdı və çariçanın boşqabına qoydu: Çariçanın rəngi birdən-birə dəyişdi və qorxudan öskürməyə başladı. Sonradan Şahənşahın göstərdiyi bu nəzakət çar sarayındakı bir çox prinsi və böyük rütbəyə malik olan şəxsləri çaşdırdı. O gecəki ziyafətdən sonra fransız səfiri, çarın arvadını qolları arasına alıb eybəcər müsiqi müşayiəti ilə böyük ziyafət salonunda rəqs edirdi. Çarın özü və onun bir çox mühafizə zabitləri bu səhnəyə tamaşa edirdilər. Lakin onların heç biri çarın namusunu, şərəfini qorumağa qalxmadı... Berlində isə daha bir qəribə şeyin şahidi olduq. Bizi “Afrikalı qadın” operasına dəvət etdilər. Səhnəyə bir kök qadın çıxıb, eybəcər şəkildə oxumağa başladı. Qadının səsindən heç birimizin xoşu gəlmədi. Kayzer Vilhelm də bu qadının eybəcər oxumağını görüb, yerindəcə onun cəzalandırılmasını əmr etdi. Axırıncı pərdədə səhnəyə çoxlu zənci gəlib, səhnənin ortasında böyük bir tonqal qaladılar.

 Qadının əl-qolunu bağlayaraq onu tonqalın ortasındakı dirəyə sarıdılar. O, tonqalın ortasında yavaş-yavaş yanmağa başladı. Sonralar bir nəfər bizə tonqalın simvolik olduğunu söylədi. Amma biz buna inanmadıq. Çünki qadının çığırtısı Tehranda olduğumuz zaman şahın əmri ilə diri-dirə yandırılan kafir qadın “hürriyyət-ül-Ayin”in çığırtısı qədər dəhşətli idi.