Выбрать главу

 Əmim bir müddət düşüncə və xatirələrinə qərq olub oturduğu yerdə susdu. Sonra dərin nəfəs alaraq söhbətini davam etdirdi: “Bu xristianların başa düşə bilmədiyim bir başqa şeyləri də var. Düşməni məğlub etmək üçün onların yaxşı silahları, əsgərləri, üstəlik hər şey istehsal etmək üçün yaxşı zavodları da vardır. Başqa insanları kütləvi şəkildə ən asan yolla məhv etmək üçün hər hansı bir nəfər yeni ixtira edərsə, həmin adam böyük məbləğdə pulla, orden və medallarla mükafatlandırılır. Amma, o biri tərəfdən də Avropalılar durmadan saysız-hesabsız xəstəxanalar tikirlər. Müharibə zamanı düşmən əsgərlərini müalicə edən və ya düşmən əsirlərini bəsləyən şəxslər də eyni cür hörmətə layiq görülürlər. Onlara da orden və medallar verilir. Möhtəşəm hökmdarın Şahənşah həzrətləri, həmişə təəccüblənib deyirdi ki, bir-birinə zidd işlər görən insanların eyni dərəcədə mükafatlandırıldıqlarını görəndə çaşıb qalırsan. Bir dəfə Şahənşah həzrətləri Vyanada bu mövzu barədə Avstriya imperatoru ilə görüşdü. Lakin Avstriya imperatoru lazımı dərəcədə mövzunu açıqlaya bilmədi. Bütün bunların əksinə, Avropalılar bizə nifrət edirlər... Onlar deyirlər ki, siz dörd arvad saxlayırsınız, halbuki onlar çox zaman dörddən də artıq qadınlarla yaşayırlar. Buna baxmayaraq Allahın buyurduğu kimi yaşayıb hökmranlıq etdiyimiz üçün onlar bizə nifrət bəsləyirlər.

 Əmim sükuta qərq oldu. Qaranlıq düşürdü. Əmimin kölgəsi cılız, yaşlı bir quşun siluetini andırırdı. O, bir azca dikəlib qocalığa xas olan qayda ilə öskürdü, sonra isə hərarətlə danışmağa başladı:

 - Əslində gerçəyə baxsanız, biz Cənab Allahımızın hər əmrini yerinə yetiririk. Avropalılar isə allahlarının əmrini yerinə yetirmədikləri halda, onlar hər gün güclənir, daha da qüdrətlənirlər. Bizim gücümüz və şanımız isə hər gün bir daha ayaqlar altına düşür. Bu nədən belə olur? Kim mənə cavab verə bilər? Kimsə ona cavab verə bilmədi.

 Bu yaşlı və yorğun kişi ayağa qalxdı və əsə-əsə pilləkənlə enərək otağına getdi. Atam da onun ardınca getdi. Xidmətçilər gəlib çay fincanlarını yığdılar.

 Mən damda tək-tənha qalmışdım, lakin yatmaq fikrində deyildim. Qaranlıq şəhəri ovuclarının içinə almışdı.

 Bakı tək bir şəhər deyildi. Bakı bir qoz qabığının içi kimi, iç-içə keçmiş, iki şəhərdən ibarətdir. Şəhərin qədim qala divarlarının xaricində bayır şəhər yerləşir. Oranın geniş küçələri, yüksək binaları, gurultulu və gözlərini böyük pul istəyi bürümüş insanları vardı. Çöldən fışqıran, bərəkət və zənginlik gətirən neft, yağışdan sonra çoxalan göbələklər kimi kənardan camaatı Bakıya axışdırırdı.

 Bu şəhərdə teatrlar, məktəblər, xəstəxanalar, kitabxanalar, polis nəfərləri, daima kürəkləri çılpaq gəzişən gözəl qadınlar vardır. Bayır şəhərdə güllə atılsaydı, hamı bilirdi ki, bu atışma pul üstündədir?

 Avropanın coğrafi sərhədi bayır şəhərdən keçmirdi.

 Nino da bayır şəhərdə yaşayırdı.

 İçəri şəhərdəki qala divarlarının içində isə küçələr söyüd ağacının yarpağı və şərq qılıncı kimi dar və əyri idilər. Məscidlərin yumşaq buludları dələn minarələri Nobel firmasının qurduğu neft qüllələrindən tamamilə fərqlənirdi. İçəri şəhərin şərq divarlarından “Qız qalası” ucalırdı. Bakı hökmdarı Məmməd Yusif xan bu qalanı qızının şərəfinə tikdirmişdi.

 Şəhərimizin küçələrində yüz illər boyunca qan sel kimi axmışdı. Bizə güc və cəsarət verən də elə bu axıdılmış qandı.

 Düz evimizin qarşısında knyaz Sisianaşvili darvazası ucalırdı. Bu darvaza yanında da bir zamanlar nəcib insanların qanı axmışdı. Tökülən qanımızın üzərindən uzun illər keçmişdi. O zaman ölkəmizə Hüseynqulu xan hökmranlıq edirdi. Çar ordusunda general olan Gürcü prinsi Sisianaşvili bir gün gəlib şəhərimizi mühasirəyə almışdı. Hüseyn qulu xan bunun üzərinə Böyük Bəyaz Çara təslim olacağını söyləyərək şəhərin qapısını açmış və knyaz Sisianaşvilini içəri dəvət etmişdi. Knyaz sadəcə bir neçə atlı zabitin müşayiəti ilə şəhərə girmişdi. Şəhər darvazasının arxasındakı meydanda knyazın şərəfinə böyük ziyafət hazırlanmışdı. Ətrafda tonqallar yanır, şişlərdə böyük inəklər fırlandırılıb qızardılırdı. Ziyafətdə knyaz Sisianaşvili həddindən artıq içmişdi. Ziyafətin sonunda knyazın yorğun başı yanındakı Həsən Qulu xanın köksünə düşmüşdü.