Выбрать главу

 O zaman ulu babam İbrahim xan Şirvanşir belindəki köhnə xəncərini çıxardıb Hüseynqulu xana vermişdi. Hüseynqulu xan da xəncəri almış və knyaz Sisianaşvilinin Xirtdəyini yavaş-yavaş kəsmişdi. Knyazın xirtdəyindən ətrafa və xanın üst paltarına qanlar sıçramışdı. Yalnız o, yorulmadan knyazın başı ovucunun içinə düşənə qədər kəsməyə davam etmişdi. Sonra kəsik baş içi duzla dolu bir torbaya qoyulmuş, ulu babam da torbanı alıb Tehrandakı Şahənşaha göndərmişdi. Lakin çox keçmədən çar bu cinayətin intiqamını almaq qərarına gəlmiş və Bakının üzərinə bir ordu yollamışdı.

 Rus ordusu şəhəri mühasirəyə almışdı. Hüseynqulu xan sarayına çəkilmiş və sarayın qapılarını kilitlətmişdi. Gününü ibadətə və yaxınlaşan sabahkı günü haqqında düşünməyə həsr edirdi. Çarın əsgərləri nəhayət qala divarlarını aşıb şəhərə girdikləri zaman Hüseynquluxan bir yeraltı keçiddən qaçaraq dəniz quyusuna çıxmış, oradan da İrana qaçmışdı. Lakin sarayından yeraltı keçidinə girmədən əvvəl giriş qapısının üzərinə ağıllı bir cümlə yazıb qoymuşdur: “Sabahı düşünən adam heç vaxt igid ola bilməz”.

 Məktəbdən evə qayıdanda bir neçə dəfə yolumu Xan sarayının xarabalıqlarından salmışam. Onun nəhəng mavritan sütunlu divanxanası bomboş və kimsəsiz idi. Şəhərimizdə Ədalət arayan vətəndaşlar gərək qala divarlarının bayırındakı Rus hakiminin yanına gedə idilər. Lakin rus hakiminin yanına gedənlərin sayı olduqca az idi. Ona görə yox ki, rus hakimləri pis və yaxud ədalətsiz idilər. Əksinə onlar sözə baxan və ədalətli insanlar idilər. Lakin idarə etmədə onların yersiz mülayimliyi və ədalətliyi bizim xalqın xoşuna gəlmirdi. Məsələn, oğrunu zindana salırdılar. Orada o təmiz kamerada qalırdı. Ona çay və hətta yemək verirdilər. Oğruya olan münasibət hamını, xüsusilə malı oğurlanan şəxsləri qəzəbləndirirdi.

 Xalq öz hüququnu özü həyata keçirdirdi. Günortadan sonra şikayətçilər məscidə gəlib, orada bardaş qurub oturmuş yaşlı, müdrik kişilərə dərdlərini söyləyərdilər. Onlar şəriət və Allahın qanunlarına əsasən hökm edərdilər. “Göz əvəzinə göz, diş əvəzinə diş” şəriətin daimi hökmü idi. Bəzən qaranlıq gecələrdə kölgələr görünürdü. Bir xəncər yüksəlir, şimşək kimi çaxır, balaca bir qışqırtı duyulurdu. Haqq beləcə yerini tuturdu. Qan davaları da bir evdən uzaqlaşıb o birisinə keçərdi. Bəzən də gecənin qaranlıq vaxtlarında arxa küçələrdən bir çuval daşınardı. Onun içindən boğuq bir inilti səsi gələrdi. Sonra çuval dənizə atılırdı. Dənizdə balaca bir şappıltı eşidilirdi və çuval suların altında qeyb olurdu. Ertəsi gün üstü başı cırılmış, kimsə bir nəfər otağında oturub hönkür-hönkür ağlayırdı. O, tanrının qanununu yerinə yetirmişdir. Qanun isə deyirdi ki, zina edən qadın öldürülməlidir.

 Şəhərimiz saysız-hesabsız sirlər şəhəridir. Onun künc-bucaqları qəribə möcüzələrlə doludur. Mən bu möcüzələri, bu künc-bucaqları, xəfif gecə pıçıltılarını və məscidin günortadan sonrakı durğunluq vaxtlarını çox sevirəm. Allah mənə şiə təriqətinə, İmam Cəfərin təriqətinə mənsəb bir insan kimi burada dünyaya gəlməyimə imkan vermişdir. Əgər o mənə mərhəmət göstərirsə, qoy imkan versin ki, elə burada, eyni küçədə, doğulduğum evdə ölüm. Mənə və gürcü xristianı olan, çəngəl-bıçaqla yemək yeyən, gülər gözləri olan, incə və ətirli ipək corablar geyən Ninoya da qoy bu imkanı versin!

III

 Gimnaziya məzunlarının buraxılış gecəsində ballarda geyinilən xüsusi uniformaların yaxaları zərlə işlənmişdi. Gümüşü toqqalar və gümüşü düymələr par-par parıldayırdı. Biz başı açıq və səssiz gimnaziyanın böyük zalında durmuşduq. İmtahanın təntənəli anı başlamışdı. Tələbələrin hamısı rus pravoslav kilsəsinin tanrısından yardım diləyirdi, – baxmayaraq ki, imtahan verən qırx tələbədən yalnız ikisi dövlət kilsəsinə mənsub idi.

 Kilsənin zərli mərasim libasını geymiş, uzun saqqalı və ətirli uzun saçları olan, əlində iri qızılı xaç tutan keşiş duaya başladı. Buxurun iyi salonu bürüdü. Müəllimlərlə dövlət kilsəsinə mənsub olan iki tələbə bir-birlərini izləyərək diz çökdülər. Pravoslav kilsəsinin zərif musiqisi ilə söylənən kəlmələr qulaqlarımızda sönük səslənirdi. Pərvərdigara bu səkkiz ildə biz, laqeydcəsinə və canımız sıxıla-sıxıla bu sözlərə neçə dəfə qulaq asmışıq. Dünyanın ən mömin, ən qüdrətli, ən sadiq xristian hökmdarı olan çar ikinci Nikolay Aleksandroviçin sitayişlərilə birlikdə dənizdə və quruda səyahət edənlərə, bilicilərə və iztirab çəkənlərə, din car və Vətən yolunda, döyüş meydanında şərəfli canını qurban verən bütün döyüşçülərə və bütün pravoslav xristianlara tanrı xeyir-dua versin...”