Выбрать главу

BƏHRAMIN OVLAQDAN SƏRHƏNGƏ QONAQ GETMƏSİ

Taxtından enərək bir gözəl sabah Mindi öz atına ovlaq deyib şah. Ovladı, ovladı, gəzdi, dolandı, Ancaq gör bir necə özü ovlandı. Şah ov xəyalıyla düşərkən yola, Gördü qarşısında uca bir qala, Ətrafı yamyaşıl, güldü, çiçəkdi, Kölgəli, bitkili, gözəl-göyçəkdi. Soruşdu: "Kimindir bu gözəl diyar? Kimdir bu eyvana sahib-ixtiyar?" Şahın yanındaydı sərhəngin özü, Xosrovdan eşidib belə bir sözü, Yer öpdü, Bəhrama təzim eylədi: – Sən qullar bəsləyən şahsan, – söylədi,
– Hədiyyə etdiyin bu kənd mənimdir, Ona piyaləndən saçılmış ətir. O yeri xoşlasa, bəyənsə hərgah, Bu alçaq qulunu ucaldacaq şah. Özütək sadədil xasiyyətiylə, Səadət bəxş edən xoş niyyətiylə Girsə şah qapımdan, ucalar başım, Qalxıb fələklərdən öc alar başım. Siz mənə etdiniz ali iltifat, Bir eyvan verdiniz ömrümə sovqat. Toxunur təpəsi Aya, göylərə, Dövrəsi bağçadır baxsan hər yerə. Qoynu ətirsaçan çiçək doludur, Rövzə şagirdidir, cənnət quludur. Nuş etsə orada şahım mey əgər, Qapımı öpəcək min nurlu ülkər. Tozu ətir saçar evimə, dərhal Öküzüm süd verər, milçəyim də bal. Gördü sərhəngdəki sədaqəti şah, Qəbul etdi haman bu dəvəti şah. Söylədi: "Razıyam, yeri, hazırlaş! Ovdan qayıdaram buraya birbaş". Sərhəng öpdü yeri və təzim etdi, Evi səliqəyə salmağa getdi. Bəzədi fərşlərlə eyvanı sərhəng, Cənnətə döndərib verdi min ahəng. Elə ki, Bəhram şah geriyə döndü, Çətrinin şahini göydə göründü, Sərhəng ipəklərin kəsib başından, Rum parçalarından, Çin qumaşından Döşədi atının keçdiyi yerə, Gövhər saçılmışdı ipək fərşlərə. Şah altmışpilləli uca eyvana Yetişib çıxaraq baxdı hər yana.