Baş daşı bəzəkdə, ömürdə ona.
Gəl, gözəl nəğmələr qoş həqiqətə,
Çatsın olduğu tək əbədiyyətə.
102
Eşqim ən qiymətli bir xəzinə, sirr,
Onu gizli tutur dilimdən ürək.
Kim ki öz qəlbini açıb göstərir,
Məhəbbətlə alver eyləyir, demək.
Bülbül cəh-cəh vurur gələndə bahar,
Yayda sevincini bölmür heç kimlə.
Beləcə həvəslə mən ilk zamanlar
Seni salamladım nəğmələrimlə.
Bülbülün şərqisi kəsilən zaman
Yay yenə saxlayır öz zinətini.
Əgər ucalarsa hər bir budaqdan,
Musiqi itirər məlahətini.
Odur ki, susuram bülbül kimi mən,
Yoxsa darıxarsan nəğmələrimdən.
103
Ah, zəif ilhamım sönən məşəldir,
Gizlətmək olmayır bunu heç kimdən,
Sənin gözəl üzün daha gözəldir
Mənim tərifimdən, mənim şerimdən.
Əgər susuramsa, qınama məni,
Axı, istəmirəm xar olum yenə.
Güzgünə nəzər sal, zərif çöhrəni
Məndən daha yaxşı göstərər sənə.
Yoxsa qələmimin qüdrəti hərgah,
Bakir gözəlliyi korlayım nədən?
Səhvini düzəltmək deyildir günah,
Odur ki, qarşında lal olmuşam man…
Güzgün gül hüsnünü şerimdən qəşəng
Hər dəfə baxdıqca əks eyləyəcək.
104
Üç qışın şaxtası göy meşələrdən
Üç yayını tacını alsa da hər,
Heç vaxt dəyişmirsən mənim üçün sən,
Ömründən ötüşmür illər, elə bil…
Üç nazəndə bahar güldü üç ayda,
Üç sarı payıza döndü, nəhayət.
Üç yazın çiçəyi soldu üç yayda,
Təzə-tər saxlayır səni təbiət.
Saatın əqrəbi dolanır elə,
Rəqəmdən rəqəmə keçir gizlincə.
Sənin gül hüsnün də belədir, belə,
Dəyişir, gözümə görünmür, məncə.
Əgər bu doğrusa, gül hüsnün, inan,
Dəyişir sən hələ doğulmamışdan.
105
Bütpərəst sanmasın qoy ellər məni,
Sevgilimin bütə bənzəri varmı?
Ona, onun haqda, eyni nəğməni
Deməkdən bezikib dil yorularmı?
Gözəldir, nəcibdir, sadiqdir bu gün,
Sabah da dəyişməz onu bu dövran.
Həmişə sabitdir fikrim bunun üçün,
— Həmişə yazıram bircə mövzudan.
Gözəllik, nəciblik, sədaqət — üç dürr
Birləşib bir tacda parlayır par-par.
Üçü də bir yerdə qəşəng görünür,
Odur ki, bir yerdə edirəm təkrar.
Gözəllik, nəciblik, sədaqət hələ
Vəhdətdə olmayıb heç kəsdə belə.
106
Keçmiş tarixlərə salanda nəzər
Surətlər görürəm — gül tək hər biri.
İgid cəngavərlər, qəşəng ledilər
Hüsnüylə bəzəmiş o vaxtkı şeri.
Ülvi gözəllikdən verilib soraq:
Əl-ayaq, dodaqlar, qaş-göz həmahəng.
Qədim şairlərdə məharətə bax,
Səni vəsf ediblər sən olduğun tək.
Əvvəldən deyiblər haqqında nə var,
Göstərib sənətin ülviyyətini.
Fəqət gül hüsnünü əks edib onlar,
Görə bilməyiblər ləyaqətini.
Onu biz görürük, baxırıq səssiz,
Közümüz heyrandır, dilimiz aciz.
107
Nə mənim öz qorxum, nə də aləmin
Sirli sabahından deyən peyğəmbər
Dünyada kirəkeş qalan sevgimin
Ömründən-günündən verməz bir xəbər.
Təzədən nur səpər, tutulsa da ay,
Gülər falçılar da öz sözlərinə.
Şübhə buludları dağılar lay-lay,
Zeytun sülh rəmzi tək çiçəklər yenə.
Mənim məhəbbətim — çiçəkli bahar,
Qorxutmur nə şaxta, nə də qar məni.
Məhv olar sənətsiz, avam tayfalar,
Kasıb şerlərim yaşadar məni.
Əbədi heykəlsən hər şerimdə sən,
Şahların heykəli uçacaq hökmən.
108
Yenidən söz qoşum ləyaqətinə?
İndi mən nə deyim, mən nədən yazım?
Qəlbimdə nə varsa, açmışam sənə,
Eşqimdən, sevgimdən təzədən yazım?
Daha sözüm yoxdur, qoy təkrar deyim
Hər gün dua təki dediklərimi.
Biz birik, bu sözdən kim doyar, deyim,
Səslənər əvvəllər olduğu kimi.
Məhəbbət əbədi yarandığından
İllərin hökmünə baş əymir, düzü.
Üzündə qırışdan görünmür nişan,
Qocanı cavana çevirir özü.
İnsanlar qocalıb tələf olsa da,
Məhəbbət gənc qalır, ölmür dünyada.
109
Heç vaxt mənə demə etibarsızsan,
Hayana getsəm də, yanına gəlləm.
Ürəyim sinəndə tapıb aşiyan,
Söylə, səndən necə ayrıla billəm?
Əbədi beşikdir sevgimə köksün,
Getmişdim, yanına gəldim yenidən.
Üstümdən ləkəni aparmaq üçün
Özümlə göz yaşı gətirmişəm mən.
Hicranın qoynunda qaldımsa dustaq,
Gəl, bunu zənn etmə zəiflik kimi.
Xəyalım yanından getmədi uzaq,
Bir an unutmadım səadətimi.
Sənsiz geniş dünya heç nədir, heç nə,
Mənim varım-yoxum sənsən yeganə.
110
Əfsus, bu doğrudur, hər yeri bir-bir
Dolandım, oynadım bir təlxək kimi,
Hissimi zorlayıb, eylədim təhqir
Mən yeni sevgimlə köhnə sevgimi.
Bəli, bu doğrudur, həqiqəti mən
Görmədim kor kimi, bilmədim neçin…
Yanıldım, dərk etdim səni yenidən,
Sınaqlar göstərdi ülvidir eşqin.
Hər şey olub keçib, sonu olmayan
Sevgimə nəzər sal, tükənsin ahım,
Seni sınamaram bir də heç zaman,
Sənsən sevgi tanrım, sənsən Allahım.
Təmiz, pak könlünə qəbul et məni,
Ucalt üfüqlərə həqir bəndəni.
111
Məni bədnamlığa düçar eyləyən
Günahkar bəxtimdir, bilirsən, əlbət;
Məni bəd əmələ vadar eyləyən
Bu kor taleyimə lənət, min lənət.
Boyaqçı əli tək adım pak olmaz, —