Выбрать главу

121

Pis olmaq yaxşıdır pis adlanmaqdan,

İfşa olunmaqdan dəhşətlidir şer.

O necə sevincdir edilir bəyan,

Ondan könlüm-gözüm tutmayır xəbər.

Qeybət ustaları zövq almaq üçün

Al-qızıl qanıma deyirlər qara.

Günahda deyiləm onlardan üstün,

Niyə pis görünür yaxşım onlara?

Günbəgün çoxalır, artır böhtanlar,

Yığıb toplayırlar eyiblərimi.

Bəlkə də, mən düzəm, əyridir onlar,

Nə məni görürlər, nə hünərimi…

Pislik qəlblərindən çıxan günədək

Hamı gözlərində pis görünəcək.

122

Möhkəm yaddaşımın iti tişəsi

Beynimə həkk edib surətini, bil.

Sənin bəxş etdiyin qeyd dəftərçəsi

Mənim yaddaşım tək ömürlük deyil.

Ömrə təbiətin töhfəsi deyim;

Neçə ki dünyada yaşayıram mən,

Döyünür ürəyim, düşünür beynim,

Pozulmaz, silinməz heç vaxt xatirən,

Özün de, hədiyyən nəyimə gərək,

Səni qorumaqdan o ki uzaqdır.

Surətin illəri bir-bir keçərək,

Beynimdə, qəlbimdə yaşayacaqdır.

Qalsaydı dəftərin xatirən kimi,

Mənə hafizəsiz deməzdilərmi?

123

Zaman, lovğalanma dəyişib məni.

Bu göyə ucalan təzə ehramlar

Mənə görünməyir qəribə, yeni.

Sən köhnə astardan tikirsən paltar.

Ömrümüz qısadır, buna görə biz,

Təzə nə göstərsən, heyranıq, heyran,

Deyirik yaranıb bizim üçün, şəksiz,

Daha demirik ki, varmış bir zaman.

Eşit, salnamənə etinasızam,

Heyrətli nəyin var, gətirək yada!

İndin keçmişin tək yalandır tamam,

Bizi aldadırsan bu qovhaqovda.

İti dəryazınla hədələmə sən,

Sadiqəm, qaçmaram heç vaxt sözümdən.

124

Sevgim doğulsaydı adi uğurdan,

Olardı taleyin bic bir övladı.

Onu ya gül kimi oxşardı zaman,

Ya da alaq kimi yolub atardı.

Yox, yox, təsadüfdən uzaqdır sevgim,

Dəbdəbə qoynunda qalmayıb dustaq.

Zülmün pəncəsində kölə, müttəhim,

Zamanın əlində deyil oyuncaq.

Yoxdur xəyanətdən heç bir qorxusu,

Vaxtın hökmü ilə dəyişmir, dönmür.

Olub bir əbədi yolun yolçusu,

Günəşlə alışmır, yağışla sönmür.

Zamanın təlxəyi olsa məhəbbət,

Ölümü həyatdır, ömrü cinayət.

125

Taxtını çiynimdə tutmaram, yəqin,

Hörmətli olmaqçün şahın yanında.

Qoyub özülünü əbədiyyətin

Viran eylərəmmi onu bir anda?

Zahiri bəzəyə səcdə qılanlar

Bir azdan itirər bu səcdəgahı.

Adi səadəti unudub onlar,

Dumana bürüyər aydın sabahı.

Saçır sədaqətlə sevgim nur, işıq,

Kasıbdır, yoxsuldur, azaddır fəqət.

Nə bir biclik bilir, nə də alçaqlıq,

Yeganə arzusu: təmiz məhəbbət.

Ey iblis, şərini artırma nahaq,

Zülmət çoxaldıqca nurlanar çıraq.

126

Mənim əziz dostum, gəncliyinlə sən

Zamam əks edən təmiz güzgüsən.

İllər qovuşdurur kamala səni

Alırəvəzində gözəlliyini.

Xaraba içində hakim təbiət

Sənin gül hüsnünü qoruyur fəqət.

İstəyir saxlasın təravətini,

Dəyişsin zamanın bəd niyyətini.

Onun hər zövqünü oxşasan da, bax,

Səni axıradək qorumayacaq.

Elə ki, yetişdi ömrün son anı,

Tamam kəsəcəkdir haqq-hesabını.

127

Gözəl sayılmazdı əvvəl qara rəng,

İndi gözəlliyə tək odur varis.

Sünilik hər yerdə adlanır qəşəng,

Təbii boyadan qalmayıb bir iz.

Əsl gözəlliyi süni boyalar

Gizlədib, gözəllik dustaq olubdur.

Onun nə adı var, nə ünvanı var,

Bütün gözəllərdən uzaq olubdur.

Qarğa qanadıdır yarın qaşları,

Gözləri gecədən heç cür ayrılmaz,

Geyinib əyninə matəm paltarı,

Gözlər gözəlliyə sanki tutur yas.

Bunu hər gördükcə qəmlənir ürək;

Qara rəng gözəllik olaydı gərək.

128

Sən hava çaldıqca, musiqim mənim,

Həyat bəxş edirsən cansız taxtaya.

İncə barmaqlarla dil açıb hər sim,

Çevrilir şəfqətli ruhi qidaya.

Zərif əllərini öpür klaviş,

Qibtə atəşində qovruluram mən,

Dodaqlarındakı həsrət, titrəyiş

Dönür od-alova hərarətindən.

Klaviş tək məsud dünyada hanı?

Canlıdan canlıdır, xoşbəxtdən xoşbəxt.

Öpür dönə-dönə barmaqlarını!

Onu öpüşlərdən ayırma heç vaxt.

Ona ver, ona ver barmaqlarım,

Mənəsə, mənəsə dodaqlarını.

129

Qəddardır, zalımdır, quduzdur

şəhvət, Mənliyi, həyanı itirir tamam.

Nə etibar bilir, nə də sədaqət,

Saxtadır, kobuddur, qabadır müdam.

Elə ki, soyudu, dönür nifrətə,

Əvvəlki halından qalmayır nişan.

Bir azdan qərq olur dərdə, möhnətə,

Yenidən tilsimə düşür nagahan.

Görüş məqamında olur dəli tək,

Varlığı tamahla-atəşlə dolu.

Həsrəti əzablı, ümidi kövrək,

Əvvəli fərəhli, sonu yuxulu.

Bu bir cəhənnəmdir, dönür sevincə,

Bilmirik biz ondan qurtaraq necə?

130

Günəşə bənzəmir yarımın gözü,

Mərcan tək al deyil al dodağı da.

Zülfü də sünbülə oxşamır, düzü,

Yoxdur sinəsində qar ağlığı da.

Qızılgül görmüşəm al, zərif, incə,

Onun yanağında açmaz heç biri.

Bahar mehi deyim, axı, mən necə,

Yoxdur nəfəsində çiçəyin ətri.

Səsi musiqi tək deyildir qəşəng,

Fəqət danışanda gülür ürəyim,

Hələ görünməyib göydə bir mələk,

Gəzir yer üstündə mənim mələyim.

O heç geri qalmaz, inanıram mən, —

Yalan təşbehlərlə bəzənmişlərdən.