Выбрать главу

Haqqında uydurar min cürə böhtan.

Uzaq olmaq üçün tikanlı sözdən,

Qəlbən sərt olsan da, xoş görün üzdən.

141

Gözlərim nifrətlə zillənir senə,

Bütün günahların görünür bir-bir.

Qəlbim gözlərimin gedir əksinə,

Səni çox istəyir, səni çox sevir.

Səsin oxşamayır qulaqlarımı,

Əlin toxunanda əsmir bədənim.

Nəfəsin, dodağın hissdən kənarmı?

Heç biri kefimi açmayır mənim…

Beş hissim bir olub tutdular dilə,

Qəlbim nə dinlədi, nə də eşitdi.

Sənin qulluğuna can atdı elə,

Axırda özünü bədbəxt qul etdi.

Bununla təsəlli tapıram ki mən;

Mənim günahım da, cəzam da sənsən.

146

Ey günah mərkəzi, mənim qəlbim, din,

De, aclıq çəkirsən nə üçün, nədən?

Kirayə qaldığın dünya evinin

Haqqını verirsən öz ömrünlə sən.

Bu az müddət üçün nədir bu qiymət?

Hər vaxt qəbahətdən uzaq gəz, dolan.

Varlığın — bu böyük, əvəzsiz sərvət

Miras qalacaqdır qurdlara, inan.

Mənən bu dövləti artır hünərlə,

İztirab oduyla az yan, az qovrul.

Əbədiyyət qazan qalan günlərlə,

Daxilən varlı ol, zahirən yoxsul.

Olsan tamahına, nəfsinə hakim,

Ölümü öldürüb yaşarsan daim.

147

Eşqim qızdırmadır, od tutub tamam;

Ona əlac gərək xəstəlik kimi.

Davayla, dermanla keçinir müdam,

Əzab-əziyyətdir həbi, məlhəmi.

Ağlım bir təbibdir, loğmandır, ancaq

Onun sözlərinə baxmayır eşqim,

Ağlım atıb məni acıqlanaraq,

Xəstə sağalarmı olmasa həkim?

Ümidsiz, çarəsiz qalıb o gündən,

Batıb qərq olmuşam kədərə-aha.

Daim düşünürəm dəli kimi mən,

Gözümdə həqiqət görünmür daha.

Baxıram gözəlsən, parlaqsan, fəqət

Cəhənnəmdən bədsən, gecədən zülmət.

148

Eşqim gözlərimi dəyişib, nədir?

Həqiqəti yalan göstərir onlar.

Yoxsa ağlım məni tərk etməkdədir,

Çıxarır səhv qərar, verir səhv qərar.

Gördüyüm gözəlsə, nədir şübhələr,

Niyə inanan yox bəs məndən qeyri?

Həyat könül açan deyilsə əgər,

Demək, yanlış görür eşqin gözləri.

Axı, necə görüm mən düzü düz tək.

Göz yaşı gözümü tutmuş, bağlamış.

Hiyləgər məhəbbət, aydındır kələk,

Günəş də tutulur yağanda yağış.

Mənə tökdürdüyün göz yaşıyla

Sən çirkin əməlini pərdələyirsən.

149

İnsafsız, eşqimə edirsən şübhə,

Təkcə xətrin üçün, şahiddir hamı,

Unudub özümü, səninlə birgə

Mən özümə qarşı vuruşmurammı?

Nə vaxt dost sanmışam sənin yağını,

Nə vaxt həmdəminə olmuşam düşmən?

Hərdən tökən zaman qaş-qabağını

Suçlu tək önündə durmurammı mən?

Sehrkar gözlərin — mənim kralım,

Hökmünə baş əymək şan-şöhrətimdir.

Gərək mən əyilim, gərək alçalım,

Hanı ləyaqətim, şax dayanım bir?

Aydındır, sevirsən gözlüləri sən,

Mən koram, bunun üçün nifrət edirsən

150

Bu qədər qüvvəti haradan alıbsan?

Könlümə hökm edir sendəki qüsur.

Yalan danışıram gözümə, yalan,

And içib deyirəm: Günəş nursuzdur.

Çirkin əməlində cazibəyə bax,

Sehrlə saflığı salıbdır tora.

Haqdan, həqiqətdən uzaqdır, uzaq,

Pisliyi güc gəlir yaxşılıqlara.

Artdıqca nöqsanın, eybin günbəgün,

Köksümdə daha çox odlanır ürək.

Nifrətə layiqi sevdiyim üçün

Mənə kin bəsləmə başqaları tək.

Dəyərsiz bir kəsi sevirəm deyə,

Daha çox haqqım var mənim sevgiyə.

151

Ağıl məhəbbətdən yaranır, fəqət

Məhəbbət dərk etmir ağlın sözünü.

Açma qüsurumu, ey gözəl afət,

Günahkar edərsən özün özünü.

Sən məni ataraq etdin pərişan,

Axır sövq elədin bu xəyanətə.

Ruhum bədənimi çıxardı yoldan,

Qurşandım ən çılğın eyşə-işrətə.

Adın çəkiləndə, can atıram mən

Baxım zəhmətimin gözəl bənna.

Yazıq bir qul kimi durub yenidən

İstəyirəm düşüm ayaqlarına.

Sevən gah alçalar, gah da yüksələr,

Ağıl məhəbbətə neyləyə bilər?!

152

Bilirəm, eşqimdə günahkaram mən,

Ancaq günahkarsan sən də ikiqat:

Ərinə xəyanət eyləməklə sən

Əhdini, vədini pozmusan, heyhat!

Dinib danışmağa, de, haqqım varmı?

Pozdum öz andımı iyirmi dəfə.

İtirdim yanında etibarımı,

Peymanım, ilqarım döndü hədəfə.

And içib, eşqini bənzətdim gülə,

Əhdinə saf dedim, vədinə düzgün.

Kor etdim gözümü öz əllərimlə

Sənin günahını görməmək üçün.

And içib söylədim: — Safsan, təmizsən,

Düzlüyü yalanla ləkələdim mən.

153

Eşqin məşəlini yanına qoyub,

Kupidon' uzanıb getdi yuxuya.

Bir pəri gördü ki, tanrı uyuyub,

Məşəli tulladı buz kimi suya.

Alov keçən kimi su vurdu fantan:

Çoxaldı, köpürdü, qızdı bir anda.

Xəstələr çimməyə gəldi hər yandan,

Bir ağrı, bir illət qalmadı canda.

Yarının gözündən od alıb o gün

Kupidon məşəli yandırdı yenə.

Od vurdu qəlbimə təcrübə üçün,

O suyun bir xeyri olmadı mənə.

Yanan ürəyimə bir çarə ancaq

Yanan gözündəki atəş olacaq.

154

Eşqin məşəlini qoyub yanına

Bir gün eşq Allahı yenə yatırdı.

Bu vaxt ilahələr gəldi yan-yana,

Saflıq könül alıb, kədər satırdı.

Allaha yavaşca yanaşıb bu an

Onlardan birisi məşəli aldı,

Təmiz ürəkləri yandırıb-yaxan