Axtarıb gəzdilər onu hər yandan,
Nə bir iz tapdılar, nə də bir nişan.
Dedilər: «Bəlkə də əcəl yetmişdir,
Vəhşilər əlində ölüb getmişdir».
Hər dost ürəyindən qopdu bir nalə,
Qaranlıq çökmüşdü hissə, xəyalə.
Ondan nə iz vardı, nə də yadigar,
Bütün ailəsi qalmışdı ağlar.
Eşqin halqasını qulağa taxan,
Dünyanın işinə biganə baxan,
Bir xəzinə kimi küncdə qalaraq,
Nə səs eşidirdi, nə də ki, soraq.
Belə bir ovlaqda o Məcnun yazıq
Yolun tozuna da qanedi artıq.
Şir güclü olsa da tox bir canavar,
Ondan qoçaq olar ovda çaqqallar.
Aclığı olmasa şahinin bir az,
Turacın üstünə uçub şığımaz.
Ac üçün kəpək də yağlı çörəkdir,
Tox üçün yağ-çörək sanki kəpəkdir.
Iştah qızışanda baş alıb gedər,
Çovdar çörəyini mum tək əridər.
Halva çox şirindir, şəkər kimidir,
Kəkliyi azmışa zəhər kimidir,
Məcnun dolaşdıqca o baldan kənar,
Yediyi olmuşdu tamam zəhrimar.
Başından aşdıqca aşiqin dərdi,
Kasad mətaına rəvac verərdi.
Yox, yox, əridəcək bu sövda onu,
Yoxdur bu qüssənin, bu dərdin sonu.
Məcnuna üz verən hər ölçüsüz qəm
Olmuşdu dərdini dağıdan həmdəm.
Bir yol tapmasa da o xəzinəyə,
Axtarıb gəzərdi, xəzinə deyə.
Bəni-Səd adlanan yad bir tayfadan
Bir nəfər Məcnuna rast gəldi bu an.
O gördü aşiqi xərabəzarda,
Əhvalı pozğundur, xəyalı darda.
Qalmış öz beyti tək tənha, giriftar,
Mənası genişdir, qafiyəsi dar,
Yəni ki, məhrumam yardan, yoldaşdan,
Qafiyəsiz şerdir, kimsəsiz insan.
Öz talei kimi dönmüş kamana,
Vəfada ox kimi durur mərdana.
Onun duruşunda məna gəzərdi,
Kamanla birləşmiş oxa bənzərdi.
Bir nalədən başqa yoxdu həmdəmi,
Yalnız kölgəsiydi onun məhrəmi.
O yolçu ordaca gördü Məcnunu,
Nəcib bir insana bənzətdi onu.
Sonra əhval tutub, nə soruşdusa,
Məcnun cavab verib dinmədi əsla.
Umudu kəsildi, onu tərk etdi,
Yolçu öz yoluna düzəlib getdi.
Gəldi Məcnungilin qəbiləsinə,
Qəbilə toplaşdı onun səsinə.
Dedi: «Filan yerdə, xərabəzarda
Məcnun ilan kimi qıvrılır darda.
Divanə dərdlidir, yorğundur, bilin,
Div kimi qaçmışdır gözündən elin.
Hər yetən tənədən bir yara almış,
Əriyib bir dəri, bir sümük qalmış».
Atası oğlundan xəbər tutunca,
Eldən üz döndərdi zavallı qoca.
Oğul sorağıyla o ixtiyar da
Dolaşdı div kimi mağaralarda.
O gəlib yetişdi bir viranəyə,
Daş üstə rast gəldi o divanəyə.
Məcnun sinəsindən söz bağlayırdı
Gah oxşatma deyir, gah ağlayırdı.
Ciyərinin qanı gözdən axırdı,
Bəxti tək gah düşüb, gah da qalxırdı.
Elə məst etmişdi onu bu hicran,
Nə dünya bilirdi, nə də ki, insan
Ata salam verdi yazıq oğluna,
Şirin bir dil ilə yalvardı ona.
Məcnun atasının şəklini görcək,
Onun ayağına düşdü kölgə tək:
«Ey başımın tacı, könlümün taxtı,
Üzrüm var, gəl dinlə sən bu bədbaxtı,
Soruşma halımı, üzümə bir bax,
Gəl qəzaya tapşır məni sən ancaq.
Arzu etməzdim ki, belə bir halda
Gözlərin görəydi məni, ey ata!
Doğrudur, qaradır yanında üzüm.
Ah, üzr istəməyə varmıdır sözüm.
Mənim ki, dərdimi özün bilirsən,
Çıxmış ipin ucu əllərimizdən…»
ATASININ MƏCNUNA NƏSİHƏTİ
Ata eşitdikcə onun səsini,
Alıb yerə vurdu əmmaməsini.
Bir səhər quşu tək sızladı qəlbən,
Gündüzü gecə tək qaraldı birdən.
Dedi: «Ey gözümün qarası, ağı,
Dağılmaz bir gülün solğun varağı,
Xəyalın yenəmi bir divanədir?
Yanıb külə döndü, bu halın nədir?
Kimin gözü dəydi gül camalına?
De, kimlər qarğadı sənin halına?
Kimlər öz qanını boynuna atdı?
De, kimin tikanı ətəynə batdı?
Sənə nə oldu ki, qaldın işindən?
Düşdü gözlərinə, de, hansı tikən?
Heç aşiq sən kimi bədbəxt olmamış,
Bu qədər dərd çəkib darda qalmamış.
Neçin yorulmadın, usanmadın sən,
Düşmən tənəsindən, qəm qəfəsindən?
Qəlbin doymadımı bu məzəmmətdən?
Neçin dirilmədin bu qiyamətdən?
Oğul, bu sövdanı bir dəfə unut,
Özünə rəhm elə, hörmətimi tut.
Nədir bir eşq üçün bu rüsvayçılıq?
Aləmə göstərmə bu eybi açıq.
Çox gözəl olsa da eybi gizləmək,
Dost dostun eybini örtməsin gərək.
Bu dostluq aynası göstərir ki, sən
Özündən bu eybi kənar edəsən.
Aynanın nə pisi, nə yaxşısı var,
Bu cür xasiyyətlər insanda olar.
Bu dərdi qəlbindən çıxar bir kərə,
Soyuq bir dəmiri döymə boş yerə.
Tutaq ki, ağırdır canan həsrəti,
Qalmamış könlüyün səbri, taqəti
Bari bu həsrəti arabir unut,
Gəl biz tərəfin də əhvalını tut.
Xəyal havasına at çapan olar,
Qaçmaq ayağında piyada qalar.
Bəsdir bu şərabsız, içgisiz məstlik,
Bəsdir bu arzusuz arzupərəstlik.
Oğul, sən xırmanı yelə vermisən,
Bu zalım düşmənə kam olmuşam mən.
Sən adlı, sikkəli istərsən məni,
Boşla dəliliyi, bu pis sikkəni.
Sən sazı döyürsən, mən də dizimi,
Sən paltar cırırsan, mən də üzümü.
Eşqin odlarına yansan belə sən,
Mənim ciyərimdir küllərə dönən.
Umuddan əl üzmə, gəl çarə qılaq,
Göyərmək deyildir danədən uzaq.
Umudsuz bir işdən, səbr etsən əgər,
Bir umud işığı parlaya bilər.
Hər umudsuz işdə bir çox umud var,
Qaranlıq gecədən ağ səhər doğar.
Oğul, səadətin qapısını aç,
Ayağı sürüşkən taleindən qaç.
Çalış, əllərindən çıxmasın dövlət,
Dövlətlə yaranır bütün səadət.
Dövlət, düyümləri açandır bir-bir,
Şahlıq üzüyünün firuzəsidir.
Dünya qapısının açarı hər an
Dövlətin cibində saxlanır, inan.
Sən də səbr eləsən, dayansan əgər,
Tale yavaş-yavaş əlinə gələr.
Dərinlik, sonsuzluq varsa dəryada,
Arxların suyundan yaranmış o da.
Başında bulutlar oynayan hər dağ
Torpaq zərrəsindən qurulmuş ancaq.
Sənin də səbrində qoy olsun qərar,
Gövhəri səbr ilə qazanmaq olar.
Iradəsiz olma, iradəsizlər,
Ayaqsız qurd kimi yerdə sürünər
Tülkü canavarı edirsə məğbun,
Ondan iradəsi böyükdür bunun.
Səni illər boyu yad etməyənə
Nə üçün könlünü verirsən yenə?
O, şaddır, gül kimi, sən gözü yaşlı,
O, daş ürəklidir, sən başı daşlı.
Kim ki, söhbət açır o qızdan sana,
Səni rüsvay edir, bir ayılsana.
Əqrəb çalmışlara verilsə gərfəs,
Zəhərlə məhv olub kəsilər nəfəs.
Can oğul, başqa bir iş ucundan tut,
Bu sövda işini bilmərrə unut.
Hindli fil başına döyər hər yerdə
Ki, fil Hindistanı anmasın bir də.
Canımsan, canımdan daha əzizsən,
Evə dön, evimin işığısan sən.
Bu dağda yurd salıb otursan, əgər,
Yalnız üzümüzün suyu tökülər
Bu yolda daşlıq var, quyu var ancaq,
Bir aç gözlərini, ona yaxşı bax.
Darğa pusqudadır, inad olma bir,