Выбрать главу
Onu öldürənin əlindən öpər. Leyligil tərəfdən məhv olanlara Göz yaşı tökərdi bu bəxti qara. Bu yandan o yana nizə tutardı, Düşmən nizəsinə duası vardı. Bəzən öz qoşunu gələndə üstün Atardı kamanı, oxu büsbütün. Elə ki, yar tərəf qalib gələrdi Şir kimi nərəsi dağlar dələrdi. Bir nəfər soruşdu: «Niyə, ey cavan, Döyüşdən çarx kimi kənar qaçırsan. Biz sənin uğrunda can qoyuruq bil, Düşmənlə dostluğun heç insaf deyil». Dedi: «Sevgilimdir dediyin əğyar, Mənim qılınclarla nə işim aşar. Düşməni qanına qərq etmək olar, Dostla vuruşmağın mənasımı var? Döyüşdən su kimi qanlar çağlayır. Canansa o tayda yara bağlayır. Məşuqə verdikcə aşiqə nəfəs, Aşiq də verməli ona bir əvəz. Yar sürmə göndərir ayaq tozundan, Mən ona daş atsam, qıyarmı vicdan? Mənə bal vədəsi vermişdir o yar, Mən sirkə göndərsəm layiqmi olar? Yarın əli varsa o yanda əgər, Kim canan tərəfi zəlil istəyər? Ordadır istəyim, qəlbim, həvəsim, Qəlbim hardadırsa orda nəfəsim. Canana can vermək xoşdur əzəldən, Canmı əsirgəyim mən o gözəldən? Mən ki, öz canımdan keçmişəm belə, Yazığım gələrmi sizlərə, söylə! « Soruşan bir ona, bir yerə baxdı, Göz yaşı torpağa sel kimi axdı. Məcnunsa döyüşdən uzaq düşərək, Tozların içində oynayırdı tək.
Nofəl qılıncını çəkib dörd yana, Bir sərxoş fil kimi girib meydana, Hər oxda bir nəfəs, bir can alardı, Hər bir həmləsində cahan alardı. Qan arxı çəkirdi gəzdiyi yerdə, Qan yeyib-içməkdən doymuşdu yer də. Qılınc oynadırdı şöhrət gəzənlər, Axşam qaranlığı çökənə qədər. Canan zülfü kimi qaraldı göylər, Gündüzün üzünə töküldü ənbər. Siyah tellərini düzdükcə gürcü, Qaraldı get-gedə göylərin bürcü. Bu zaman ayrıldı düşmən qoşunlar, Döyüş meydanında yatışdı onlar. Elə ki, o qara ilan büküldü, Ağ nəfəsli Zöhhak-günəş də güldü. Qalxdı hər pəhlivan, hər igid əsgər, Zöhhak ilanına döndü nizələr, Qoşunla dolmuşdu Leylinin yurdu, O yerdə dağ kimi ordu dururdu. Düşməni qarşıdan, arxadan səf-səf Oxlara tutmuşdu Leyligil tərəf. Nofəli qorxutdu o daşğın ordu, O artıq, sülh üçün dayanıb durdu. Öz adamlarından tapıb bir nəfər, Tapşırdı: «Sülh üçün bir tədbir göstər. De ki, qan tökməyə gəlməmişik biz, Yalnız bir könüldür istədiyimiz. Divanə bir gəncə söz vermişəm mən, Yalnız bir gözəldir istəyim sizdən. Öz dövlətimdən də keçirəm bu dəm, Sizə xalvar-xalvar qızıl verirəm. Məsləhət görsəniz bu sövdanı siz, Qəlb açan bir cavab verməlisiniz. Şəkər satmasanız bu yerdə bizə, Sirkə də tökməyin istəyimizə.
Yaxşılıq gəlməsə əllərinizdən, İntiqam almayın qılıncla bizdən…» Elçi bu sözləri verincə xəbər, Qızmış orduları geri çəkdilər. Hamıya xoş gəldi bu gözəl dilək, Ordular döyüşdən geri dönərək, Barışıq nəğməsi çaldıqca, çənglər, O qanlı döyüşdən qalmadı əsər.

MƏCNUNUN NOFƏLƏ ACIQLANMASI

Sülhün qoqusunu duyunca Məcnun Kinlə qəzəbləndi ürəyi onun. O igid Nofələ acıqlanaraq, Rişxəndlə dedi ki: «Qəhrəmana bax! Sən, ey qucaq-qucaq vədlər verən, Yaman başa vurdun öz vədini sən. Buydumu sözündə möhkəm durmağın? Bir də at oynadıb qılınc vurmağın? Danış, qəribliyə salma sorğumu, Vəhşini ram edən əfsunun bumu? Buydumu meydanda at oynatmağın? Havada ox tutub kəmənd atmağın? Zidmiş iradəmə sənin iradən, Nə yaxşı bir hünər göstərmisən sən?! Salam düşməniydi o canan mənə, Indi sən döndərdin tamam düşmənə. Vəfaya açılmış o qapıya sən Min qıfıl vuraraq bağladın nədən? Ey dost, köməyindən əlim üzüldü, Işimi korladın, belim büküldü. Bu dostluq telləri qırıldı nədən? Çox şahlar yıxılmış bir süvaridən. Qurda ox atdısa dağlarda çoban, Gedib itə dəydi aldığı nişan. Hünərin aləmə səs salan zaman Əfsus ki, əhdini ayaqlayırsan.
Bu acı sövdaya düşməmişkən mən Sənə bel bağlardım bəlkə ürəkdən. Bu yazıq aşiqdən niyə vaz keçdin? Əkmədiyin yeri nə üçün biçdin? Sən ki, başlamışdın bu böyük işi, Hünəri yarımçıq qoyarmı kişi? Qaranlıq könlümə işıq verənsən, Bu xəstə ömrümün dərmanı sənsən.» Döyüş qalxanını ataraq, əvvəl Şirin dilə tutdu Məcnunu Nofəl; Dedi: «Qoşunsuzam, köməksizlikdən Siyasət işlədib sülhə girdim mən. Qayıdıb yurdumdan qüvvət alaram, Yenə qılıncımı işə salaram. Qoşun toplayaraq qəbilələrdən, Daşdan keçirərəm poladımı mən. Qılıncla basmasam o qudurğanı». Kor olsun Nofəlin qəlbi, vicdanı». Sonra Mədinədən Bağdada qədər Qoşun toplamağa getdi elçilər. Nofəl hiddətindən yandı bir zaman, Qoşun tələb etdi bir çox diyardan. Nəhayət, topladı böyük bir ordu, Dağlara döş gərib üz-üzə durdu. Birinci hücumda sərhəddi aşdı, Düşmənlər kor olub qorxudan çaşdı.

NOFƏLİN İKİNCİ MÜHARİBƏSİ

Bu söz gövhərini tapıb kəşf edən Dastan qapısını açır sinədən: Nofəlin başına toplaşan ordu Heyrətə salmışdı böyük bir yurdu. Nərədən torpağın bağrı söküldü, Buqəbis zirvəsi yerə töküldü. Onun nərəsindən titrəyən düşmən