Axırda utanıb üzr istəyəsən.
Kamanın boşsa da, bərksə də əgər,
Ehtiyatsız çəksən bəla gətirər.
Boş olsa məlamət gətirər kaman,
Bərk olsa xəcalət gətirər kaman.
Bağlı bir qıfılı açmaq istəsən,
Əvvəlcə sınaqdan keçir onu sən.
Harda quyu varsa, ipsiz iş olmaz,
Ayaqsız bir yol da başa vurulmaz.
Məcnun ilə Səlam bağlayıb ilqar,
Bir neçə günlüyə yoldaş oldular,
Şirin qəzəllərin axırdı səsi —
Məcnunun qonağa buydu töhfəsi.
Məcnun şerləri dedikcə bənd-bənd,
Onları döşünə yığırdı o mərd.
Çox zəif düşmüşdü Məcnun bu zaman,
Büsbütün qalmışdı yeyib yatmaqdan.
Səlamsa bunlara heç dözməyirdi,
Yeməkdən yatmaqdan əl üzməyirdi.
Elə ki, buxçası boşaldı, yenə
Qayıtmaq istədi o öz evinə.
Axır vidalaşıb atdı Məcnunu,
Vəhşilər içində tək qoydu onu.
Bağdada üz tutub yola düzəldi,
Yadında bir neçə qəsidə gəldi.
Harda bir qəsidə çıxsa ağzından,
Bütün dinləyənlər olurdu heyran.
MƏCNUNUN ƏZƏMƏTİ HAQQINDA
Məcnunu sərsəri zənn etmə ki, sən.
Deyildi gördüyün divanələrdən.
Oruclu, namazlı, nurlu bir çıraq,
Əqlə yad deyildi, ədəbdən uzaq,
Vaxtının ən böyük bir alimiydi,
Aləmi şərh edən Loqman kimiydi.
Gizli mənalara o yol açardı,
Qəlbində göylərin min sirri vardı.
Qızıl sikkəsi tək hər sözü gözəl,
Lələ bənzəyərdi dediyi qəzəl.
Dəlinin ağlına bələddir hər kəs,
Ondan bu incilər saçıla bilməz.
Dünyanın qeydini tamam ataraq,
Qeydsiz bir həyat sürürdü ancaq.
Onda ölüm fikri aşıb daşırdı,
Köç tədarükünə hazırlaşırdı.
Deyirdi: «Can evim alışır dərddən,
Ölüm qurtaracaq məni möhnətdən».
Kim ki, düz gəlməsə dünyayla, inan,
Çətin can qurtarar bu dar dünyadan.
Dünyanı dörd əllə tutsa bir nəfər,
Çətinliklə köçüb dünyadan gedər.
Məcnun yol yoldaşı gəzmədən bir an,
Açırdı zənciri öz varlığından.
Taki can ovuna çıxsa yaradan,
«Gətir» dediyi vaxt, desin: «Budur can».
Ömür gəmisində can qorxusu var,
Bu qorxu ucundan geyməzdi paltar.
Xörəyi olmuşdu acı tikələr,
Yeməzdi dünyada o heç bir bəhər.
Dünyadan əl üzüb, düşmüşdü uzaq,
Leyli bəhanəydi bu yolda ancaq.
Nə vaxt ki, arzusu bir yol vurardı,
Dünyadan qaçacaq yeri də vardı.
Onun da qəlbində yaşardı dilək,
Qında saxlayırdı onu qılınc tək.
Visal gəzməyirdi bizim pərizad,
Taki… eşqin evi yaşasın abad.
Bir alim ustaddan soruşdum ki, mən:
Aşiqin halını şərh et bizə sən.
Onu ki, visalə çağırırdı yar,
Möhlət verməyinin nə mənası var?
Neçin muradına yetmədi o da?
Ömründən otuz il o verdi bada?
Dedi ki: — Yetsəydi murada bir an,
Əbədi çıxardı nəşə canından.
Uymadı bir anlıq kefə dünyada,
Otuz il nəşəni vermədi bada.
Bir qədəh alsaydım o şərabdan mən,
Təmənnam qalmazdı iki aləmdən.
ZEYDLƏ ZEYNƏBİN SEVGİSİ HAQQINDA
Başqa bir aşiq də o zaman varmış,
O da bu dərd ilə zəncir qırarmış.
Dağ kimi durmuşdu ürəyində dərd,
Yazığı dağlara salmışdı möhnət.
Onu qurtarmışdı dəlilik, bilsən,
Bu divdən törəmiş cinsi-bəşərdən.
Təmiz bir gənc idi, vardı hünəri,
Dürrə bənzəyirdi xoş qəzəlləri.
Eşqin acısını dadıb dünyada,
Başını qoymuşdu bu yolda o da.
Öz adı Zeyd idi, sövda gəzərdi,
Xisləti Əmr ilə Zeydə bənzərdi.
Könül yuvasını zülmət sarmışdı,
Onun var-yoxunu eşq aparmışdı.
Əmisi qızına o vurulmuşdu,
Qız da bu oğlana aşiq olmuşdu.
Onların qəlbi də, fikri də birdi,
Onlar bir-birini candan sevirdi.
O gözəl camallı, o qəşəng nigar,
O divanə üçün tutmazdı qərar.
Oğlan da sevərdi öz cananını,
Bir tükdən asılı qalmışdı canı.
Qız ay camallıydı özü də xoşram,
Təmiz xilqətliydi o nazik əndam.
Şümşad nəfəsliydi, rəngi ərğəvan,
Baldırı civə tək, qəddi xeyzəran.
O bütdə hamının nəzəri vardı,
Dünyaya qiyamət şuru salardı.
Şən idi, şux idi, həm də füsunkar,
Gözəllər gözəli, o nazlı nigar.
Min səfra başını gicəlləndirən,
Min sövda səfrası qırardı hərfdən
Tük kimi incəydi beldən o dilbər,
Ağzı xırdacaydı qarışqa qədər
Şəki alması tək çənəsi vardı
Məkkə qumundan da çox yandırardı.
Öpüşü bal kimi, hüsnü bəxtəvər,
Dadına çatmazdı nə qənd, nə şəkər.
Dodağı nabatla şəkərdən şirin
Nabat-meyvəsiydi öpüşlərinin.
Hər kəs camalında bir su görərdi,
O dirilik suyu, həyat verərdi.
Uca bir sərv idi onun vüqarı,
Gülabla şəkərdi bu sərvin barı.
Camalı günəşlə bir asimanda,
Ətri də ənbərlə bir karivanda.
Hüsnünün şövqiylə əsirdi ruzgar,
Zeynəb adlanırdı o gözəl nigar
O nazənin qızın qəmiylə yanan
Zeyid axtarırdı bu dərdə dərman.
Neyləsin, hayandan bir çarə bilsin
Ki, ləli qart daşdan qopara bilsin.
Zeydin qohumluqda bir aybı vardı
Ki, dünya malından kasıb yaşardı.
Varlı əmisini yoxsul Zeyiddən
Bircə dövlət idi yaxşı göstərən.
Zeyd öz əmisindən dövlət görmədi,
Ondan qız istədi, qız da vermədi.
Hər işdən soyudub xəyala daldı,
Əmisi yad oldu, o yazıq qaldı.
Canan arzusuyla o axşam, səhər
Natəvan gəzirdi qəlbində kədər.
Ağlar nəğmələri bir dəfə gülməz,