LEYLİ İLƏ MƏCNUNUN GÖRÜŞMƏSİ
Tezdən duran xosrov səhər vaxtında,
Sevinclə əyləşdi şahlıq taxtında.
Günəş ki, eşq ilə öpdü gündüzü,
O eşqə baş əydi bütün yer üzü.
Gözlərə nur verən bu işıqlı gün
Novruz bayramından xoş idi o gün.
Arzu kəmərini bağlamışdı baxt,
Qüssə dağılmışdı dünyadan o vaxt.
Leylinin ayağı zəncirdən azad,
Aləmi ay kimi gəzirdi dilşad.
Heç kəsdən çəkinib qorxmayan o qız
Aşkara dərd çəkib, ağlardı yalqız.
Canı qurtarmışdı ər qayğısından,
Artıq güdməyirdi onu bir insan.
Qəlbində alovlar, yanıb ağlardı,
Nə ata, nə ana qorxusu vardı.
O, evdə, sarayda, məhəllədə tək
Gəzirdi, üzünü əllə örtərək.
Hər dəmdə bir könül axtardığından,
Hər qəlbə peyam da verirdi pünhan.
O hər bir fələyə işıq açardı,
Hər bir nəfəsə də ənbər saçardı.
O kimi axtarıb yanırdı oda?
Bircə dostu vardı onun dünyada.
Ərinin yasını qurtardı, yenə
Çəkdi qəm evini ata evinə.
Səbrə qatlaşmağı buraxıb artıq,
Eşqin pərdəsini atdı apaçıq.
Şərab şüşəsini sındırıb bütün,
Suya qalxan tutdu gül kimi o gün.
Qıfılla bağlanmış o durr, o canan
Qapını qıfılsız gördüyü zaman
Çarə axtarmaqda tərpənib zirək,
Səhhət axtarırdı, çarə gəzərək.
Hicrədə əyləşib fikir eylədi,
Zeydi çağırtdırıb, belə söylədi:
«Bu gün ki, intizar günü deyildir?
Bu visal günüdür, get yara bildir.
Dünya nə gözəldir, bir oyan, az yat,
Get şəkəri gətir, qızıl gülə qat!
Sərvin qucağında yatır çəməni,
Lalənin sapına düz yasəməni!
O gözəl ahunu tapıb tora sal,
O müşk nafəsini indi ələ al.
Onun tikanından ipək tutaq biz,
Tozundan qayrılsın qoy ənbərimiz.
Qoy alım onunla könüldən nəfəs,
Həmnəfəslərimdən qalmamış heç kəs.
Pusquya gəlməmiş insafsız əcəl,
Bir onu görsəydim əcəldən əvvəl».
Leyli xəznədəki xəzlə ipəkdən
Bir paltar çıxartdı o nazik bədən.
Ona layiq olan bir neçə şey də
Şah kimi götürüb tapşırdı Zeydə.
Zeyd isə şadlanıb bu hədiyyədən,
Ucaldı dağ kimi, qalxaraq həmən,
Bütün paltarları çölə gətirdi,
Qanadsız hümaya müıdə yetirdi.
Bütün paltarları verdi Məcnuna,
Xoş xəbər danışdı Leylidən ona.
Məcnun bu xəbərdən şadlanıb o dəm,
Atlanıb düşürdü o talei kəm.
Dönüb fələk kimi hər bir tərəfə,
Yerində fırlandı o, yeddi dəfə.
Onun yeddi dəfə bu hərlənməyi,
Keçib yeddi çərxi ötdü fələyi.
Sonra da üzüylə yer süpürərək,
Şükür səcdəsinə o baş qoydu tək.
Öpüb o paltarı, yad etdi yarı,
Sonra da əyninə geydi paltarı.
Dostluq bulağında aldı dəstəmaz,
Hicran zillətindən qurtardı bir az.
Ay kimi parlayan üzünə bax sən.
Ənbər qoquyurdu xoş nəfəsindən.
Şer deyə-deyə üz qoyub yola,
Şəkər dağıdırdı o sağa-sola.
Dişili, erkəkli bütün vəhşilər
Onun arxasınca yola düşdülər.
Məcnunla bir yerdə hamsı durardı,
Onun ətrafında halqa vurardı.
Canan qapısına yetişib durdu,
Ordusu da vardı, amma nə ordu?
Elə bir ordu ki, döyüş zamanı
Pəncələr olardı qılınc, qalxanı.
Zeyd xəbər yetirdi o Zübeydəyə,
Bu qoca xəlifə yumşalmış, deyə.
Məcnun ki, çəkdiyin qəmə sirdaşdır,
O bu gün qapında torpaqdır, daşdır.
Səcdənə düşmüşdür, rəhm et Məcnuna,
Içəri gəlməyə izin ver ona.
Leyli bu müıdəni eşidən zaman
Xərabəyə döndü bu abadlıqdan.
Çadır dirəyi tək qalxaraq əvvəl,
Ip kimi sərildi sonra o gözəl.
Huşsuz vəhşilərdən tamam bixəbər,
Çadır dirəyi tək qalxaraq əvvəl,
Şümşad ayağına düşən bir od tək,
Qonaq ayağına düşdü o mələk.
Məcnun seyr elədi dərdli cananı,
Ayaq pərdəsində görüncə canı.
Naləsi titrətmə saldı göylərə,
O da huşdan olub yıxıldı yerə,
Cansız bir dirəkdi o nazik bədən,
Məcnun da canlı bir ölüydü bilsən.
Dünyanın səsindən tamam bixəbər,
Huşsuz uzanmışdı o sevgililər,
Məcnunla yol gəlmiş çöl heyvanları
Bu vaxt ortalığa alıb onları,
Iki sevgiliyə keşik durdular,
Dağ çənbəri kimi halqa vurdular.
O qədər çoxdu ki, orda vəhşilər,
Yol tapa bilmirdi onlara nəzər.
Oraya gəlmişdi iki-üç insan,
Onları vəhşilər dağıtdı haman,
Ortadan çıxaraq yerdə qalanlar,
Hərəsi bir küncdə gizləndi onlar,
Orda huşu getmiş o sevgililər
Qaldılar günorta olana qədər.
Zeyd gəlib gülabla ənbər yetirdi,
O qoşa baharı cana gətirdi.
Elə ki, huşları qayıtdı yenə
Dinməzcə baxdılar biri-birinə,
Leyli utanaraq, qızardı gül tək,
Torpaq qəribinə yaxın gələrək,
Əlindən yapışıb çəkdi iləri,
Çadrına apardı o gözəl pəri.
Onu çadırında oxşadı nazla,
Ovutdu qəlbini min bir avazla.
Zeyd məhrəm kişiydi, həm də mehriban,
Əmr-As olmağı atıb ortadan,
Qapının ağzında o da halqa tək,
Haman vəhşilərlə əyləşmişdi tək.
Hərəmi dörd yerdən tutan heyvanlar
Onun ətrafında çəkmişdi hasar.
Havada milçək də uçsaydı əgər,
Tutub parçalardı onu vəhşilər.
Orda vəhşiləri görən bir insan
Yaxına gəlməzdi can qorxusundan.
O bağlı qapını görüb bu saat,
Heyrətə düşmüşdü bütün camaat.
Həqiqi eşqdir, — deyirdi hər kəs, —
Ona bulaşmamış şəhvətlə qərəz.
Bu həqiqi sövda düşəcək dilə,
Ona ram olmuşdur vəhşilər belə.
Ona vəhşilərdən dəyməyir zərər,
Yoxdur xilqətində vəhşətdən əsər.
Qəlbində vəhşəti boğduğu üçün,
Durmuş xidmətində vəhşilər bütün.
Bu torpaq nəslinin sövdası, aşkar,
Paklıqla yaranıb tutmuşdur qərar.
Bu gün naləsini eşitdiyimiz
Hər iki aşiqə nəzər salaq biz.
Əldə içilməmiş qədəhlərindən
Bu xarab, o biri sərxoşdur, bilsən!
«Artıq qucaqlaşın» deyirkən zaman,