Bu xəyali surət özünsən, inan!
Madam ki, mən sənəm, ikilik nədir?
Birliyi qırmağa nə bəhanədir?
Heykəl ikidirsə, binövrə birdir,
«Lam əlifla» ki, ayrı deyildir.
Orda ki, mən varam, sən nigar da var,
Orda ki, sən varsan, bu qubar da var.
Yox, yox, yanılıram can birdir, canan,
Ikilik qovğası çıxmış ortadan.
Necə birləşirsə bir bəm ilə zil,
Birləşən canımız ayrılan deyil.
Zillə bəm olmasa, çəng çalan bir kəs
O çəngdən sədalar çıxara bilməz.
Bir xəzinədəndir ürəyimiz bax,
Arada ikicə sifət var ancaq.
Xoş olar bir hərəm seçsək ikimiz,
Xoşdur bir addımda qərar tutsaq biz,
Cüt ağız qılıncın qını bir olar,
Badam cüt məğzli, bir qabığı var.
Yumurta sarısı cüt olsa, belə,
Sərmayəsi birdir, bir hesab elə.
Iki həmcins hərf düşsə bir yerə,
Onlar bir yazılar səhifələrə.
Nişanımız birdir, cinsimiz də bir,
Yuvamız ikidir, gəl də birləşdir.
Gəl iki hərf yaz bir adda, ey yar,
Iki damla tutsun bir camda qərar.
Incəsən, ikiyə vurma biri sən,
Gəl təki-təkə vur, əgər hərifsən».
Məcnunun göz yaşı tufanlar açdı,
Min belə dürrlər, incilər saçdı.
Leyli can yandırıb ülfətlə, nazla,
Məcnunu oxşadı minbir niyazla.
Hoqqanı doldurdu o ixtilatla,
Dodaqlarındakı abi-həyatla…
Xətər saçılırdı qara saçından,
Ağzı da zərifdi ətir qabından.
Qızın ay üzündə o incə dodaq
Şəkər paylayırdı ətir saçaraq.
Məcnunun başına xalvarla şəkər,
Batmanla ənbərlər saçdı o dilbər.
Xəyali Misirdən min bac istədi,
Hümməti həbəşdən xərac istədi.
Kim ki, bu dünyada sükuta dalar,
Öz ətri gül kimi ağzında qalar.
Onun söz yaradan bir ağzı vardı,
Bunun da çənəsi sözlə oynardı.
Mənim düşüncəmə, zənnimə görə,
O ağız layıqdı belə sözlərə.
Dünyadan bir qismət alır hər bəşər,
Biri ciyər yeyir, o biri şəkər.
Sövdalı adamlar uyuşmaz ayla,
Şəkər saziş etməz çoxlu səfrayla.
Qızıl gül ətrindən doysa bir nəfər,
Ona haram olur başqa ətirlər.
Məcnun seyr etdikcə gözəl yarını,
Cırmağa başladı öz paltarını.
Hissizlik şərabı çox təsir etdi,
Ayaqdan düşərək, əldən də getdi.
Könlünü üzrlə eləsə də pak,
Taqətsizlik onu etmişdi həlak.
Gördü ki, sümüyə dayanmış bıçaq.
Aldığı zərbədən həlak olacaq.
Qılıncı başından, başını teştdən
Götürüb çöllərə yollandı birdən.
Onun kəsilmişdi səbri, qərarı,
Sızlardı yanında çöl heyvanları.
O öz aynasını verərək yara,
Başqa bir ayinlə, çıxmış yollara.
Yarının zülfünü qucaqlayaraq,
O öz varlığından düşmüşdü uzaq.
Özünü öz yarı sayaraq, bəzən,
Özünə müştəri olurdu səhvən,
O öz varlığını unutmuşdu, bax,
Varlığı, mənliyi Leyliydi ancaq.
O, gülər baharı görəndən bəri
Birə min olmuşdu eşqin qəmləri.
Xəyal aləmində xoşbaxtlığından
Bir visal dastanı deyildi hər an.
Gah dost vəfasından söhbəti vardı,
Gah da bir qabıqdan məğz çıxarardı.
Zeyd o beytləri dinləyib hər an,
Asıb sırğa kimi qulaqlarından,
Ona pak ruh ilə deyirdi əhsən,
Deyirdi: «Insanlıq elmində təksən!
Müqəddəs bir eşqi vermədin bada,
Sənə səcdə qılmaq borcdur dünyada.
Əgər məhəbbətdə olmasa ismət,
O şəhvət hissidir, deyil məhəbbət!
Saf eşqin nurlu bir güzgüsü vardır.
Eşqin hesabından şəhvət kənardır.
Qərəzli bir sövda yaşamaz, inan!
Eşq ilə qərəzi bir tutmaz insan.
Düz gəlməz eşq ilə qərəz, müxtəsər,
Qərəz olan yerdən eşq qalxıb gedər.
Düzü, səndən başqa aşiqlər tamam
Qərəzə sitayiş edirlər müdam.
Saf eşq səninkidir, başqası nədir?
Onlar eşq adına bir bəhanədir»,
Bir eşq doğruluqda tutarsa qərar,
Dostun yaxşılığı birə on olar.
Sevgi bu kəmala çatarsa bir an,
Yaxşı ad qazanar özünə insan.
Nizami, nə gözəl bir dövlətin var,
Hər zaman, hər yerdə o rəvac tapar.
PAYIZIN YETİŞMƏSİ VƏ LEYLİNİN ÖLMƏSİ
Qaydadır yarpaqlar tökülən zaman
Qanlı sular axar o yarpaqlardan.
Hər bir budağın ki, içində qan var,
Axır, deşiklərdən süzüb damcılar.
Suyun şüşəsi də soyuyub donar,
Bağların üzünə sarılıq qonar.
Ölüm zərbəsilə qabarar budaq,
Torpağa pay olar hər qızıl yarpaq.
Nərgiz öz köçünü dəvəyə çatar,
Şümşad taxtdan düşüb, tacını atar.
Yasəmən siması saralar yenə.
Gül də qan məktubu alar əlinə.
Zöhhak ilanı tək hey qıvrılaraq,
Çəmənin başına sarılar torpaq.
Qaydadır acı bir külək əsəndə,
Tökülər yarpaq da, solar çəmən də.
Dəniz tufanına düşən adamlar
Qorxudan saxlamaz əynində paltar.
Solar yaşıl otlar, bənzəyər yenə
Sarılıq tozundan xeyri gülünə.
Tülkü əldən düşüb yolda dolaşar,
Tülkü tükü kimi qana bulaşar,
Ciyəri naziklər bağda naxoşlar,
Meyvə gözəlləri nazlanmaq xoşlar.
Bağa bağban olan hindli bir nəfər
Zənci balasının başını kəsər.
O kəsik başları götürüb bağban
Budaqlar üstündə asar eyvandan.
O gözəl çənəli almaya bax bir,
Nardan soruşar ki: «Kefin necədir?»
Parça-parça olan ciyərindən nar
Yaralı qəlbinə qan damızdırar.
Püstənin ağzı da yırtılan zaman
İnnab dodaq büzər ona uzaqdan.
Narınc üzünün də girdəliyi var,
Turuncdakı ətri çəkib aparar.
Muğan şərabının küpündən dehqan
İçib, sərxoş olar, düşər ayaqdan.
Payız bu tufanı qurduğu anda
Qəlbən yaralandı bir gülüstanda…
Ucalıq taxtından Leyli düşərək,
Bir dərd quyusuna endi o mələk.
Sızladı bağının baharı tel-tel,
Onun çırağına sillə vurdu yel.
Başına bağlarkən qızıl çalmalar,
Başqa bir çalmaya düşdü o nigar…
Zərli ipək geyən o nazik bədən
Qamış teli kimi incəldi birdən.
Bədirlənmiş ayı döndü hilala,
Sərv qaməti də döndü xəyala.
Könlünün sövdası başına keçdi,
Başının ağrısı könlünə köçdü.
Təmuzun istisi şehi apardı,
Lalə yarpağını yellər qopardı.
Yardan ayrılalı yanıb sönmüşdü,
Sərvi də incəlib çöpə dönmüşdü.
Qabaqlar da vardı bu dərd, bu möhnət,
Birə yüz olmuşdu indi məhəbbət.
Leyli aşiqini görüncə darda,
Gördü öz könlünü min intizarda.
Elə ki, ayrılıq zamanı çatdı,
O köhnə sövdası birə on artdı.
Iş gəlib o yerə çatdı ki, birdən
Düşüb xəstələndi o nazik bədən.
Qara qızdırmaya düşdü o canan,
Dodaqlar qaysıdı bu qızdırmadan.
O sərvin balınca həvəsi düşdü,
Onun qırqovulu sərvdən düşdü.
Sünbüldən torpağa danə düşən tək,
İpək örpəyini üzə çəkərək,
Anaya sirrini açdı balası,