Выбрать главу

Elə quş kimi ki, qızcığaz onun

Ayağını ipək sapla bağlayıb,

Əlində saxlayır onu hər zaman.

Ayağı zəncirli bədbəxt dustağı

Əlindən buraxır azca kənara,

Qısqanaraq onun azadlığına

Yenə ipək sapı çəkir geriyə.

Romeo. Sənin quşun olmaq istərdim, gülüm.

Cülyetta.

Mən də sənin quşun, ancaq, sevgilim,

Səni öldürərdim nəvazişimlə.

Hələlik, hələlik, di get, yaxşı yol.

Ayrılıq şirin qəm, qəmlə yaşardım.

Səninlə sübhəcən vidalaşardım.

Gedir.

Romeo.

Sənə şirin yuxu, dinclik, əzizim!

Kaş yuxun, dincliyin olaydım özüm!

Rahibin yanına mən gedəm gərək,

Sevincimi deyib, istəyəm kömək.

Gedir.

Üçüncü səhnə

Rahib Lorensonun hücrəsi. Rahib Lorenso əlində bir səbət daxil olur.

Lorenso.

Gülür nurlu səhər zülmət gecəyə,

Dönür şərq buludu əlvan qönçəyə.

Gündüzün yolundan sərxoş olmuştək

Qaranlıq çəkilir səndələyərək.

Neçə ki, gözündən saçıb od, atəş

Büllur şəbnəmləri içməyib Günəş,

Doldurum səbəti mən ehtiyatla:

Şəfalı çiçəklə, zəhərli otla.

Torpaq anasıdır bu təbiətin,

Beşiyi, qəbridir bütün xilqətin.

Qoynuna uşaqtək sığınıb hamı,

Əmir döşlərindən həyat ilhamı.

Qucağı doludur min nemət ilə,

Paylayır hamıya səxavət ilə.

Məzarı beşikdir, beşiyi məzar,

Hər gülü, hər daşı sirli, ecazkar.

Dünyada pisin də faydası vardır,

Yaxşının da yolu, qaydası vardır.

Vaxtında, yerində olmasa məlhəm,

Başa ağrı verər, ürəyə dərdqəm.

Yaxşı pisə dönər pisliklə, şərlə,

Pis yaxşıya dönər yaxşı işlərlə.

Yoxlasaq bu zərif, bu tər çiçəyi,

Zəhərdir, şəfadır hər bir ləçəyi.

Yeyəndə susdurur ürəyimizi,

Qoxlayanda ətri coşdurur bizi.

Vuruşur düşməntək bu cür, bu təhər

İnsanın qəlbində xeyir ilə şər.

Şər qalib gəldimi, məhv olur həyat,

Çiçəyi qurd yeyir sanki o saat.

Romeo daxil olur.

Romeo. Sabahınız xeyir, hörmətli ata!

Lorenso.

Allah amanında, çatın nicata! Kimdir bu tezlikdə axtaran məni?

Gənc oğlum, pərişan görürəm səni.

Belə tez durmağın sübutdur buna,

Nəsə haram qatıb şirin yuxuna.

Qocalıq belədir, adətdir bizdə:

Qayğı keşik çəkir gözlərimizdə.

Qayğı qalan yerdə heç yuxu qalmaz,

Cavanlıq başqadır, qayğısı olmaz.

Harda gənc uzanır, bir qaydadır bu,

Orda taxta çıxır zər taclı yuxu.

Odur ki, gəlişin bildirir mənə:

Nəsə bir fəlakət üz verib sənə,

Yox, belə deyilsə, deməli, onda

Gecə olmamısan öz yatağında.

Romeo.

Düzdür, yatmamışam, getdi möhnətim,

Yuxudan şirindir istirahətim.

Lorenso.

Özün keç günahdan, Allahtaala,

Rozalina ilə olmusan, bala?

Romeo.

Rozalina ilə? Yox, əziz atam,

Unutmuşam onun adını tamam.

Lorenso. Nədir o yuxudan şirin möcüzə?

Romeo.

İndicə hər şeyi deyərəm sizə.

Düşmənimlə birgə kefdə idim mən,

Ah, o yaraladı məni qəfildən.

Mən də yaraladım onu eləcə,

Ölümcül bir yara aldıq biz gecə.

Mənə də, ona da çarə gərəkdir,

Müqəddəs əlacın bizə köməkdir.

Görürsüz, nifrətim yox qənimə də,

Əlac axtarıram düşmənimə də.

Lorenso.

Oğlum, açıq danış, aydın de, nə var?

Tapmaca dərdə həb tapmaca olar.

Romeo. Fikrim həqiqətdir, sözlərim yəqin,

Sevirəm qızını Kapulettinin.

Sevgiylə bağlanıb ürəklərimiz,

Nikahla bərkidin bu sevgini siz.

Biz necə, nə zaman, harada pünhan

Görüşüb, danışıb kəsmişik peyman –

Yolda danışaram, ruhani ata,

Mən ona butayam, o mənə buta.

Sizə yalvarıram, güldürün bizi,

Elə bu gün kəsin kəbinimizi.

Lorenso.

Müqəddəs Fransisk!

Işlər var nə cür!

Bu nə dəyişiklik, nə dönüklükdür?

Sən nə tez unutdun Rozalinanı?

Bəs sən olmamışdın onun heyranı?

Gənclərin sevgisi görəsən nədir?

Eşqi könlündə yox, gözlərindədir.

Bu solmuş, saralmış yanaqlarından

Nə qədər göz yaşı axdı bir zaman?!

Nalən duman kimi tutdu səmanı,

Günəş qurutmayıb o ahfəğanı.

İniltin səslənir qulaqlarımda,

Göz yaşın iz salıb yanaqlarında.

Hanı o məhəbbət, o sevgi hanı?

Dəyişdin, unutdun Rozalinanı?

Əgər kişilərdə yoxsa dəyanət,

Neçin qadınları edək məzəmmət?

Romeo. Məni bu eşq üçün danlayırdınız.

Lorenso. Həddini keçirdin, bununçün yalnız.

Romeo. Dediniz: dəfn elə məhəbbətini.

Lorenso.

Dedim: unudasan qəmmöhnətini.

Demədim bir eşqi yerə gömüb, sən

Başqa birisini çıxar qəbirdən.

Romeo.

Məni danlamayın, bu canlı aftab

Veribdir sevgimə sevgiyle cavab. O mənim eşqimlə açılan güldü,

Axı, o əvvəlki belə deyildi.

Lorenso.

Rozalina yaxşı bilirdi ki, sən

Sevgi sözlərini əzbərləmisən.

Yaxşı, di gəl gedək, gənc hərdəmxəyal,

Köməyə hazıram mən sizə dərhal.

Sizin bu eşqiniz qoy açsın çiçək,

Ədavət dostluğa çevrilsin gərək.

Romeo. Tez gedək, tez gedək mümkünsə əgər.

Lorenso. Tələsmə, tez qaçan tez də büdrəyər.

Gedirler.

Dördüncü səhnə

Küçə Benvolio ilə Merkusio daxil olurlar.

Merkusio.

Görən, bu Romeo harada qaldı?

Deməli, bu gecə evə gəlməyib?

Benvolio. Gəlməyib. Öyrəndim mən nökərindən.

Merkusio.

Ah, o Rozalina, qəlbi daş gözəl

Ona ki bu qədər işgəncə verir,

Biçarə, yəqin ki, dəli olacaq.

Benvolio.

Kapulettinin o qardaşı oğlu

Tibalt Romeoya məktub göndərib.

Merkusio. Meydan oxumaqdır bu, vicdan haqqı.

Benvolio. Romeo da ona cavab verəcək.