Выбрать главу

Benvolio.

Saxlayın qılıncı, durun, axmaqlar,

Nə iş tutursunuz, heç bilirsiniz?!

Onların silahlarını qılıncla vurub salır.

Tibalt gəlir.

Tibalt.

Necə? Vuruşursan gədəgüdəylə,

Benvolio, bəri dön, ölümünə bax!

Benvolio.

Vuruşuram yalnız barışıq üçün.

Qılıncı qına qoy, ya da qılıncla

Kömək et, onları aralayaq biz.

Tibalt.

Vuruşub, danışma, gəl, barışıqdan,

Cəhənnəmə, bütün Montekkilərə,

Bir də sənə nifrət etdiyim kimi,

Mən nifrət edirəm barışığa da.

Hazırlaş, al, gəldi, qorxağın biri.

Vuruşurlar.

Hər iki nəslin tərəfdarları gəlib vuruşanlara qoşulurlar.

Sonra şəhərlilər əllərində dəyənək və balta daxil olurlar.

Şəhərliər.

Vurun, kötəkləyin, döyün bunları, Ölsün Montekkilər,

Kapulettilər!

Kapuletti əynində xalat ledi Kapuletti ilə gəlir.

Kapuletti.

Bu nə qalmaqaldır? Ehey, cəld olun,

Uzun qılıncımı gətirin mənə!

Ledi Kapuletti.

Sənə çox yaraşar qoltuq ağacı,

Kişi, qılınc sənin nəyinə gərək?

Kapuletti.

Dedim qılıncımı, öz qılıncımı!

Bax, qoca Montekki durub həyətdə,

Mənim acığıma qılınc oynadır.

Montekki və ledi Montekki gəlirlər.

Montekki. Ey bic Kapuletti!

Qoy gedim, arvad.

Ledi Montekki.

Bir addım da olmaz! Az haray qopar,

Düşməni axtaran fəlakət tapar.

Hersoq öz məiyyəti ilə daxil olur.

Hersoq.

Dinclik qatilləri, dinsiz xainlər,

Siz ey qılıncını qonşu qanıyla

Boyayan alçaqlar, eşidirsiniz?

Ey insan cildində vəhşi heyvanlar,

Ədavət odunu al qan seliylə

Söndürən axmaqlar, sizinləyəm mən.

Salın yadınıza qorxunc cəzanı,

Bu saat ləkəli əllərinizdən

Mənfur silahları yerə atın siz.

Dinləyin Hersoqun qəti hökmünü.

Qoca Kapuletti, qoca Montekki,

Siz cəfəng, mənasız bir söz üstündə

Üç qırğın törədib, pozduz üç dəfə

Bizim küçələrin sakitliyini.

Veronanın qoca müşavirləri

Soyunub abırlı libaslarını,

Titrək əllərində köhnə silahlar

Sizin ədavəti məhv etmək üçün

Üç dəfə məhv etdi öz dincliyini.

Kim bir də bu yerdə dincliyi pozsa,

Mənə həyatıyla cavab verəcək.

Bu dəfə hamınız dağılın, gedin.

Gəlin, Kapuletti, gedək mənimlə.

Siz isə, Montekki, nahardan sonra

Əmrimi bilməkçün gəlin saraya.

Bir daha deyirəm, burda qalan kəs

Ölüm cəzasına məhkum olacaq.

Montekki, ledi Montekki və

Benvoliodan başqa hamı gedir.

Montekki.

Aranı kim qatdı yenə təzədən,

Danış, qardaş oğlu, sən görə bildin?

Benvolio.

Mən bura gələndə sizin düşmənin

Nökərləri ilə bizim nökərlər

Əlbəyaxa olub vuruşurdular.

İstədim onları aralayım mən,

Bu zaman qaçaraq qudurğan Tibalt

Gəlib başı üstə qılınc oynatdı.

Dəng etdi söyüşlə qulaqlarımı,

Qılıncla havanı kəsib doğradı

Hava da rişxəndlə fıt çaldı ona.

Elə ki, vuruşduq, səsə adamlar

Yığışdı, qızışdı qılınc döyüşü.

Bu vaxt Hersoq gəlib kəsdi döyüşü.

Ledi Montekki.

Bəs Romeo hanı?

Gördünmü bu gün?

Yaxşı ki, sovuşdu o bu davadan.

Benvolio.

Xanım, şərqin qızıl pəncərəsindən

Günəş baxmamışdan bir saat əvvəl

Darıxıb mən evdən çıxdım gəzməyə.

Şəhərdən qərbdəki o əncirlikdə

Gördüm bu tezlikdə gəzir oğlunuz.

Bir azca irəli addımlamışdım,

O bilib gizləndi sıx, qalın yerdə.

Mən özüm bilirəm, insanlar bəzən

Təsəlli tapırlar yalqız qalanda.

Onu izləmədim buna görə də,

Məndən həvəs ilə qaçan adamdan

Mən də həvəs ilə qaçdım uzağa.

Montekki.

Deyirlər o gəzir orda səhərlər,

Çoxaldır ahıyla göydə buludu,

İnci göz yaşıyla çəməndə şehi.

Şərqdə yatan işıq ilahəsinin

Qızıl yatağından qara örtüyü

Günəş şəfəqiylə götürən kimi,

Nurdan qaçır evə kədərli oğlum,

Çəkilir gizlincə öz otağına,

Tutur pərdə ilə pəncərələri

Çevirir gündüzü zülmət gecəyə.

Bunun səbəbini tapmasaq əgər,

Oğlum bu zülmətdə məhv ola bilər.

Benvolio. Buna səbəb nədir, möhtərəm əmi?

Montekki. Bilmirəm, heç nədən yoxdur xəbərim.

Benvolio. Onu heç tutmusuz sorğusuala?

Montekki.

Bəs necə, həm özüm, həm də dostlarım.

O isə dərdini eşidir yalnız,

Nə qədər haqlıdır, deyə bilmərəm.

Ancaq elə sirli, qapalıdır ki,

Müşküldür öyrənmək onun qəlbini.

İçini qurd yeyən gül qönçəsitək

Havaya yaymayır gözəl ətrini,

Günəşə göstərmir ləçəklərini.

Bu qəmin səbəbi olsaydı əyan,

Tezliklə tapardıq biz ona dərman.

Benvolio.

Bir baxın, o gəlir, çəkilin yana,

İndi mon öyrənim, nə olmuş ona.

Montekki.

Sənə tale özü eyləsin kömək,

Öyrən həqiqəti. Xanım, biz gedək.

Montekki və ledi Montekki gedirlər.

Romeo daxil olur.

Benvolio. Sabahın xeyir!

Romeo. Nə? Məgər sabahdır?

Benvolio. Vurdu yenicənə saat doqquzu.

Romeo.

Necə də uzundur qəmli saatlar!

İndi burdan gedən mənim atamdı?

Benvolio.

Bəli! Əmi oğlu, bir söylə görüm,

Hansı qəm uzadır bu saatları?

Romeo. Onları qısaldan gücün yoxluğu.

Benvolio. Sevirsən?

Romeo. Yoxluğu.

Benvolio. Sevgi yoxluğu?

Romeo.

Onun sevgisinin yoxluğu, bəli,

Mən onu sevirəm, o sevmir ancaq.

Benvolio.

Oh, sevgi zahirən nə qədər zərif,