Выбрать главу

Romeo.

Məhəbbət, məhəbbət köməkçim oldu. O məsləhət verdi aydın, səmimi,

Mən də ona verdim öz gözlərimi.

Dənizçi deyiləm, fəqət yenə də

Olsaydm dünyanın o başında sən,

Bu nadir inciyə qovuşmaq üçün

Sonsuz ümmanları üzüb keçərdim.

Cülyetta.

Qaranlıq üzümü gizlətməsəydi,

Mənim sözlərimi eşitdiyinçün

Od tutub yanardım xəcalətimdən.

Sözümü danardım ədəb naminə,

Ancaq riyakarlıq nəyə gərəkdir?

Məni sevirsənmi? İnanıram ki,

«Bəli» deyəcəksən. Bilirəm bunu,

And içib, yalan da deyə bilərsən.

Axı, deyirlər ki, Yupiter özü

Sevgiyçün içilən andlara gülür.

Ah, əziz Romeo! Doğrusunu de,

Məni sevirsənmi? Əgər düşünsən,

Könlümü çox asan almısan ələ,

Tökərək inadla qaşqabağımı,

Sənə «yox» cavabı verərəm ki, mən

Xeyli yalvarasan, ancaq dünyanı

Mənə versələr də, etmərəm bunu.

Ah, gözəl Montekki, həqiqətən də

Bütün varlığımla sevirəm səni.

Bəlkə, buna görə, sən buna görə

Mənim əxlaqımı yüngül sanırsan.

İnan ki, öz saxta hərəkətiylə

Abırlı, ismətli görünənlərdən

Mən daha namuslu, daha sadiqəm.

Mən daha təmkinli ola bilərdim,

Lakin sən eşitdin etirafımı.

Bu işimə görə bağışla məni.

Qaranhq gecənin açdığı bu saf,

Bu coşqun sevgimi yüngüllük sayma,

Romeo. Barlı ağacların başına göydən

Gümüş səpən xoşbəxt Aya and olsun.

Cülyetta.

Ah, hər ay şəklini bir yol dəyişən

Sən o etibarsız Aya and içmə,

Etibarsız olar məhəbbətin de.

Romeo. Bəs nəyə and içim?

Cülyetta.

Heç nəyə heç vaxt; Ya da istəyirsən,

Allah bildiyim, Bakir varlığına özünə and iç.

Onda inanaram sənə ürəkdən.

Romeo. Əgər ülvi sevgim…

Cülyetta.

Dayan, and içmə!

Səni gördüyümə şad olsam da mən,

Bu gecə bu əhddən könlüm şad deyil.

O çox tez, çox ani, çox nagahandır –

Biz şimşək sözünü hələ deməmiş

Çaxan bir şimşəyə yaman bənzəyir.

Gecən xeyrə qalsın, mənim əzizim.

Biz bir də yenidən görüşən zaman

Qoy yayın bu həyat nəfəsi ilə

Bu eşq tumurcuğu qəşəng gül olsun,

Gecən xeyrə qalsın, xeyrə qalsın.

Mənim könlümdəki dinclik, rahatlıq

Sənin də könlündə hökm etsin artıq!

Romeo. Ah, məni beləcə qoyub gedirsən?

Cülyetta. Əzizim, bu gecə nə istəyirsən?

Romeo. Sevgi, vəfa andı andıma qarşı.

Cülyetta.

Bu andı içmişəm mən səndən əvvəl.

Heyf, olan oldu, keçən də keçdi.

Romeo.

Götürmək istərdin andını geri?

Bəs bunun səbəbi nədir, sevgilim?

Cülyetta.

Sənə bildirməkçün sədaqətimi

İstərdim təzədən and içim sənə.

Mənim nəyim varsa, nə arzum varsa,

Səndən də tək onu istəyirəm mən.

Mənim soxavətim sahilsiz dəniz,

Mənim məhəbbətim dərya tək dərin.

Nə qədər bəxş etsəm sənə eşqimi,

O qədər çoxalır ümmanlar kimi.

Dayə içəridən çağırır.

Evdən səsküy gəlir; di get, yaxşı yol.

Sevimli Montekkim, əhdə sadiq ol.

Gəldim, əziz dayə! Mənim sevgilim,

İndi qayıdıram, dayan bir azca (Gedir).

Romeo.

Oh, müqəddəs gecə, müqəddəs gecə!

Qorxuram, gördüyüm bir yuxu ola.

Belə həddən artıq şirin əfsanə,

Belə bir möcüzə həqiqət olmaz.

Cülyetta eyvana qayıdır.

Cülyetta.

Üç kəlmə söz deyim, sonra gedərsən.

Əzizim Romeo, əgər doğrudan

Mənimlə evlənmək istəyirsənsə,

Sübh tezdən yanına göndərəcəyim

Adama bildir ki, harda, nə zaman

Sən kəbin kəsdirmək niyyətindəsən.

Ayağın altına atıb bəxtimi,

Arxanca gəzərəm bütün dünyanı.

Dayə (içəridən). Göyərçin!

Cülyetta.

Gəlirəm, gəlirəm indi.

Yox, əgər niyyətin yaxşı deyilsə,

Xahiş eyləyirəm səndən…

Dayə (içəridən). Göyərçin!

Cülyetta.

Bu saat, bu saat. Gəlmə bir daha,

Məni öz dərdimlə sən yalqız burax.

Sabah mütləq adam göndərəcəyəm.

Romeo. O zaman könlümdə arzufer çiçək…

Cülyetta. Gecən xeyrə qalsın sənin min kərə!

Romeo.

Min yol bu həsrətdir nurlu gözlərə.

Görüşə gedirik üzü gülər, şən,

Elə bil məktəbli qayıdır dərsdən.

Görüşdən gəlirik kədərlə ancaq,

Elə bil məktəbə gedir bir uşaq.

(Yavaşyavaş getməyə başlayır).

Cülyctta yenidən eyvana qayıdır.

Cülyetta.

Sss, Romeo, sss! Ah, sən hardasan?

Əgər ovçu səsi olsaydı məndə,

Səsləyərdim geri öz tərlanımı.

Köləlik tutqun səs, bağıra bilməz.

Mən azad olsaydım, dönədönə hey

Elə qışqırardım, Romeo adı

Yayılardı bütün bu kainata

Dünyanın ən böyük əkssədasıtək.

Romeo.

Yenə mənim ruhum məni çağırır.

Aşiqlərin səsi gecə saf, şirin,

Səslənir ən incə musiqi kimi.

Cülyetta. Romeo!

Romeo. Əzizim!

Cülyetta.

Saat neçədə

Sabah mən yanına adam göndərim?

Romeo. Düz saat doqquzda.

Cülyetta.

Mütləq, əzizim.

Ah, o vaxta kimi dözmək dəhşətdir,

İyirmi ilə qədər görünər mənə.

Unutdum, nə üçün çağırdım səni?!

Romeo. Yaxşı, yadına sal, mən oturum burda.

Cülyetta.

Sən burda yenə də durasan deyə,

Yenə də hər şeyi unudacağam.

Yadımda, fikrimdə tək bu qalacaq:

Necə də gözəldir səninlə olmaq.

Romeo.

Gülüm, sən hər şeyi unutmaq üçün

Hər şeyi unudub qalaram burda.

Cülyetta.

İşıqlaşır. Kaş ki, sevimli quştək

Uzaq getməyəydin yanımdan heç vaxt.