Выбрать главу

Uzun Həsənin kefi kök idi. Yeməyin ətri ona çox xoş gəldi.

– Bəh-bəh, – deyə aşbazları tə’riflədi.

Süfrəyə yumşaq ağ lavaş qatlanıb yığılmış, şüşə qabda nar, heyva, sinidə qarpız kəsilib düzülmüşdü.

O, çox vaxt yeməyi tək yeyərdi. Aşbazlar gedəndən sonra iri qara gözlü, kirpikləri əyilib sifətinə kölgə salan rumlu qız şüşə qabdan kasaya şərbət süzdü.

Hökmdar yeməyə girişdi. Bir azdan qoyundan yalnız sümüklər qalmışdı. Qız aftafa-ləyən gətirdi. Su tökdü, o əllərini yudu.

– Şükür sənə, ilahi – dedi – Qıza iri bardağı göstərdi. O, bardaqdan böyük çini parça su süzdü. Uzun Həsən suyu da içəndən sonra qalxıb alaçıqdan çıxdı. Rumlu kəniz süfrəni yığışdırmaqla məşğul oldu.

O, qapıda görünən kimi xidmətçilər, sərkərdələr, ə’yanlar onun ətrafına yığıldılar.

– Yağış kefinizi pozmayıb ki?

– Nur yağır, nur.

– Kimin üçün nurdu, kimin üçün cəhənnəm odu. Yaxşı, mənə at gətirəcəkdilər...

– Hazırdır, – deyə Əmiraxur dilləndi. Bir ilxı at sizin ixtiyarınızdadı, böyük hökmdar.

Atları yəhərləmişdilər. Yüyən vurmuşdular. Birinci atı gətirdilər. Bu uzun boyunlu, nazik ayaqlı, sivri sağrılı türkmən atı idi.

Uzun Həsən yüyəni yalın üstündən keçirdi, ayağını üzəngiyə qoymamış tullanıb yəhərdə oturdu. Amma yəhər yatdı, atın ayaqları qabağa sürüşdü, dal ayaqları çökdü. O, tullanıb yəhərdən yerə düşdü. Sara xatun da dayanıb oğlunun özünə at seçməsinə baxırdı. Atın beli oğlunun ağırlığına tab gətirməyib az qala qırılmışdı. Uzun Həsən günahkar-günahkar anasına baxdı.

– Ana, məni tutsa bu bədbəxt atların ahı tutacaq.

Atın gözləri irilmişdi. Əmiraxur yaxınlıqda dayanan əsgərin nizəsini alıb türkmən atının qabırğaları arasına sancdı. Atın başı yerə gəldi.      

– Ay oğul, Allah o heyvanları belə yaradıb, sənin nə günahın.

Atın cəsədini sürüyüb apardılar.

Mehtərlər ikinci bir köhləni çəkib gətirdilər.

– Ərəb atıdır.

Ağ rəngli bu köhlənin ağ yalı, ağ quyruğu vardı. Uzun Həsən köhlənin duruşuna, gözəlliyinə baxıb heyran qaldı. Onun belinə qalxıb şikəst eləməyə heyfi gəldi.

– Bunun da beli sınar, heyifdi.

Əmiraxur güldü.

– Dünyanın bütün ilxıları sənə qurban olsun. Hökmdarımızın atı gərək onun adına layiq...Bütün cinslərdən gətirmişik. Harada bir adlı-sanlı at varsa onun balalarını tapmışıq, almışıq.

Uzun Həsən nə qədər ucaboy, ağır olsa, bir o qədər də yüngül, cəld idi. Ayağını üzəngiyə keçirib, yəhərə qalxmağı xoşlamazdı. Bir dəfəyə ayağını yerə vurmaqla qalxırdı. Ona görə də yəhərə ağırlıq birdən-birə düşür, atların çoxusu dözmür, beli qırılırdı.

O, ərəb atını da belə mindi. Yox, bunun beli sınmadı. Deyəsən onu yaxşı əhliləşdirməmişdilər. Dəlilik eləyirdi. Yüyəni dartanda şahə qalxır, süvarini belindən salmağa çalışırdı. Uzun Həsən atın yüyənini buraxdı. Kövşənlə ox kimi uçurdu. Düşərgədən çox uzaqlaşmadı. Aralıdan başını döndərdi, dövrə vurub gəldi. Amma birdən-birə köhlənin başı aşağı getdi, ayağı horraya dönmüş palçıqda siçan yuvasınamı, nəyəsə keçmişdi. Həsən atın boynundan uçub qabaqda yerə düşdü. Hələ göydə ikən özünü düzəltmişdi. Ayaq üstündə düşdü və topuğa qədər palçığa batdı.

Ə’yanlar ona tərəf qaçmaq istədilər, amma hökmdar qamətini düzəltdi, qırmızı məstlərinin topuqdan yuxarı palçığa batmağına fikir verməyib iri addımlarla onlara tərəf gəlməyə başladı. Narın yağış onun qara, gödək saqqalına qırov kimi qonmuşdu. Börkü, libası da su içində idi. Bu yağış birdən-birə deyil, yavaş-yavaş isladırdı, həm də sümüyə, iliyə qədər keçirdi.

полную версию книги