Diri-diri dərisi soyulan həllac Mənsurla dara düşən, İbrahim Xəlil peyğəmbərlə oddan keçən, tövratı yazan Musayla bərabər Allah təala ilə danışmaq üçün Turi-Sə’na dağına qalxan zamanın sahibinin bu sözlərindən sonra hər bir qazi, hər bir mürid təkbaşına Fərrux Yasar qoşununa qalib gələcəyinə əmin idi. Yenə də nidalar ucaldı və bu nidalar Nağaraxanada eşidiləndə zurnaçılar da, nağara çalanlar da əllərini bir anlıq saxladılar. Aşıq şe’rin arxasını oxudu:
Xətaiyəm, ağ atlıyam, Sözü şəkərdən dadlıyam. Mürtəza Əli zatlıyam, Qazilər, deyin, şah mənəm.
– Qurban olduğum, sadağa olduğum, pirim, mürşüdüm, şah Xətaim!
Döyüşün başlanmağına bir xeyli qalmış Səfər gördü ki, Cəbani kəndinin yanından bir dəstə atlı yuxarı qalxır. O, toz arasındakı adamları saydı. Beş nəfər idi. Tez xəbər verdi və on atlı ilə onlar bu beş atlını yolun düzə qalxdığı yerdə gözlədilər. Bu beş nəfər qoşunun arxasından göndərilən düşmən qatilləri də ola bilərdi, düşmən casusları da.
Oxlar kamana qoyuldu, qılınclar qından siyrildi. Amma Səfər qabaqdakı atlının qoç buynuzuna oxşayan, çallaşmış bığlarını görəndə sevincindən bərkdən qışqırdı.
– Murad bəy, sən sağsan?
Murad Səfəri qızılbaş libasında görəndə əvvəl tanımadı, sonra göy gözlərini, seyrək dişlərini görüb onun Səfər olduğunu yəqinləşdirib tullanıb atdan düşdü.
– Mənəm, Səfər, mənəm.
– Sən hara, bura hara! Quş gəlsə qanad salar, qatır gəlsə dırnaq salar.
– Ay zalım, mənim qanadım, dırnağım səninkindən boşdu, niyə? Onlar qucaqlaşdılar. Oxlar kirişdən götürüldü, qılınclar qına girdi.
– Köməyə gəlmisən?
– Əgər buna kömək demək mümkündüsə. Ayrı bir işim də var. Məni Lələnin yanına apara bilərsənmi?
– İndi dava başlayacaq, Lələnin başı qarışıqdı.
– Mən onu döyüşdən qabaq görməliyəm. – Murad onun qulağına pıçıldadı:
– Əbih Sultanı gətirmişəm.
Səfər başını döndərib qarnı üstündə yəhərə bağlanmış adamı gördü.
– Onda məni gözlə, – deyə atına mindi, çapıb üzüyuxarı getdi. Bir azdan Lələ bəyin özü gəldi. Muradla görüşdü, atın üstünə sarınmış Əbih Sultanın başını qaldırdı. Tozdan onun sir-sifətini tanıya bilmədi.
– Elə bildin qaçacaqsan. Yox. Zamanın sahibinin heç kimdə heyfi qalmayacaq.
– Mənim alnıma da belə yazılıbmış, – deyəsən zəif səs eşidildi və o öskürdü.
Lələ Əbih Sultanın gətirilməyindən də istifadə eləmək fikrinə düşdü. Onları İsmayılın çadırının yanına gətirdi, özü çadıra girib əhvalatı danışdı, məsləhətləşəndən sonra çıxdı, keşikçilərə nəsə dedi, Səfəri də, Muradı da yanına çağırıb Əbih Sultanı əli-qolu bağlı saxlamağı onlara tapşırdı.
– Allah bu döyüşün taleyini bizə tapşırıb. İşdi tanrı bizdən üz döndərsə, onu haqqına yetirməyi sənə tapşırıram, – deyə Murada baxdı. Özü isə atına süvar olub qoşunun qabağına çapdı. Aşığa dayanmağı tapşırıb, özü atını dikdirə sürdü.
– Ya qazilər, Allah bizim tərəfimizdədir. O, özü elə indicə Şeyx Heydər ocağının Fərrux Yasar kimi qəddar bir düşmənini, Sultanəlinin, İbrahimin qatili Əbih Sultanı əli bağlı, qolu bağlı Zamanın sahibinin hüzuruna göndərir. Döyüşdən sonra atasının qatili də hüzura gətiriləcək. İki qatı düşmən bir zamanda e’dam olunacaq.
Bu xəbər də qoşunun heyrətini, inamını bir pillə daha artırdı.
Zamanın sahibi xəbər göndərdi ki, aşıqların heç biri döyüşə girməsin. Onların hər biri neçə müridin əvəzidir. Onları təhlükəsiz yerə göndərsinlər.
Onlar oxuyanda İsmayılın yadına Səkinə düşmüşdü. Onun cürə sazı, çaldığı “Misri”, “Dübeyti”, “Ruhanı” düşmüşdü və o elə kövrəlmişdi, elə kövrəlmişdi ki, dindirən olsa bəlkə də ağlaya bilərdi. Onu qəhərləndirən, kövrəldən təkcə aşıqların oxumağı deyildi. Səkinənin Borçalı ellərinə gedən bağlı, kilidli yolları açmaq onu kövrəldirdi. Birinci kilid burada qırılacaqdı. Lap Tiflis yanındakı Borçalı çökəyinə qədər yollar açılsa o bundan da betər kövrələrdi. Yollar açılacaqdı, Səkinə xala isə artıq yoxdur. Onun sazı da, çalğısı da yoxa çıxıb. Təkcə İsmayılın qəlbində aşığa, sözə-saza məhəbbət qalmışdı.