– Yaxşı, bu boyda qələbə qurbansız olmazdı, ruhu şad olsun. Mən sizi buraya bir məqsəd üçün çağırmışam. Gecə babam cənabi Əmir yuxuma girmişdi.
Onlar hamısı salavat çevirdi.
– Mübarək olsun, mübarək olsun.
– Həzrət Mürtəza Əli, yaranmışların ən gözəli dedi ki, ya zamanın sahibi, niyə oturub bu Gülüstan qalasının yanında qalmısan. Təbriz taxtı səni gözləyir. İndi mən sizdən soruşuram: bizə hara lazımdı? Gülüstan, ya Azərbaycan?
– Azərbaycan, – deyə hamı bir ağızdan dilləndi.
Şamaxıdan çıxanda Qızılbaş qoşunu tək bir əsir aparırdı. – Əbih Sultanı. Zamanın sahibi əsir düşən şirvanlıları pulla alıb azad eləmişdi. Bu qədim adət idi. Döyüşdə əsir düşənləri kənar adamlar da savab qazanmaq üçün alıb buraxırdılar. Amma bu dəfə İsmayıl heç kimə bu icazəni verməmiş, hamını özü azad etmişdi. Pullar isə qızılbaş qoşunlarına çatmışdı. Azad edilən qulların xeyir-duasından əlavə camaat arasında hörmət qazanmaq üçün bu böyük xeyirxahlıq sayılırdı. Əbih Sultanı isə hələ də aparırdılar. Vaxtında yemək-içməyini verir, amma əllərindən, ayaqlarından kündələri açmırdılar.
Qoşun Naxçıvana çatmışdı. Şəhərə daxil olmadılar. Əlvənd Mirzənin ordugahının günbatan tərəfdə, Şərur düzündə, Arpa çayın kənarında salındığı xəbərini alan kimi sür’ətlə buraya yola düşdülər. Bütün yol boyu qoşundan qabaq Qara Piri bəyin atlıları gedir, onların qaldırdığı toz qızılbaşlara nişangah olurdu. Ona görə də İsmayıl Qara Piri bəyə “Tozqoparan” ləqəbi vermişdi.
Qızılqanadın yəhərində oturan İsmayıl qəribə fikirlərə dalmışdı. “Elə bilirdim bəs Şirvanşahı bassam, atamın intiqamını alsam, məndən xoşbəxt adam yoxdur. İndi elə bil heç nə etməmişəm. İstəyirəm Təbrizi tutam, taxtı ələ keçirəm. Bundan sonra nə olacaq? Acgözlük eləmirəm görəsən? Yox, bu acgözlük deyil, tayfaları birləşdirmək, möhkəm ölkə yaratmaq üçün hələ nə qədər işlər görmək lazım gələcək”.
Onlar dərədən qalxdılar. Dikin üstünə çıxanda başı qarlı, nəhəng, bir az da qozbel görünən Ağrı dağı onun gözləri qarşısında dayandı. Göyçə gölünün yanından enəndə görməmişdi, qayıdanda Ağrı dağı dumanda olmuşdu. İndi onu apaydın görürdü. Zirvədən yuxarıda bir dilim ay, başı üstündə günəş vardı.
– Lələ, bu əlamətlərə fikir verirsənmi? Günəş mənim başımın üstündə dayanıb, ay isə Əlvənd Mirzədən də o tərəfdə.
– Bəli. Bu gözəl əlamətdi. Əlvənd Mirzə də heç özünə yaxşı yer seçməyib. O görünən Ağrı dağıdı, bu yerə Şərurdan başqa Şəril də deyirlər. Yəqin ki, Şər el deməkdi. Quzeydəki dağlar Əyircə yaylaqlarıdı. Ağrı, şər, əyricə...
– Hələ Arpa çayını demirsən. Arpanın aşan-daşan, qan-qan deyən vaxtları keçib. Qızılbaş qoşunu Əlvəndi süpürüb Araza tökəcək.
Qabaqda bir-birinə söykənən səkkiz dairədən ibarət türbə, türbənin qarşısındakı iki uca minarə göründü. Türbənin kaşı naxışları uzaqdan oxunurdu. Orada “Allah” yazılmışdı. Minarələrin birinin üstündə isə leyləklər yuva qurmuşdu. O quşlar qoşunu da görüb uçub getmədilər. Biri dimdiyini şaqqıldadırdı.
– Bu hansı kənddir?
– Qarabağlar. Görünür bu türbədə yatan kimdisə onun ruhunu əziz tutub kənd əhli həmişə qara geyinib, qara bağlayıb. Kəndin də adı belə qalıb.
Uzaqdan toz qalxdı. Atlılar çapa-çapa gəlirdilər.
– Tozqoparan gəlir.
Doğrudan da gələn Qara Piri bəyin özü idi.
– Şahım, mürşüdüm, gürcü bəyləri öz qoşunları ilə Çuxur Səəddə dayanıb, sənin mübarək qədəmlərini Şərur torpağına basmağını gözləyirlər.
İsmayıl Şirvandan tərpənəndə Axalsxa knyazı Gorquram bəyə (Kvarkvareyə), Axalkala knyazı İsgəndər bəyə (Aleksandr bəyə), bir də Mirzə bəyə məktub göndərib yazmışdı ki, əgər Əlvəndlə vuruşmada mənim tərəfimdə olsanız, onda padşah keçəndən sonra sizi vergilərdən azad edəcəyəm.
O, hələ Ərzincandan qayıdanda o knyazlara öz gücünü göstərmişdi, amma köməyə gələcəklərinə ümidi yox idi. Budur gəliblər. Demək bu knyazlar Əlvənd Mirzədən çox onun uğuruna inanırlar.
– Qüvvələri nə qədərdir?
– Hər biri üç min atlı ilə gəlib.
– Lələ bəy, eşidirsənmi?
Lələ bəy bütün məsələlərə ehtiyatla yanaşırdı. Bu doqquz min atlı döyüşdə böyük bir qüvvəyə çevriləcəkdir. Amma bilmək olmaz. Hazırda hakimiyyət Əlvənd Mirzənin əlindədir. Əgər o, bu knyazlara məktub göndərib İsmayıl kimi təklif etsə, vergiləri almayacağını desə, onlar öz fikirlərindən dönməzlərmi? Bəlkə də artıq Əlvənd Mirzə öz işini görüb, bu bir hiylədir. Doqquz min atlı yeddi mindən az qızılbaş müridinə qarışandan sonra onları qılıncdan keçirməzmi. Alınan mə’lumata görə Əlvənd Mirzənin yaxşı silahlanmış otuz minə yaxın qoşunu vardı. Ona qalib gəlmək bir o qədər də asan iş deyildi.