Выбрать главу

Əbu Səid vəziri bayaqkı ə’yanla pıçıldaşdı. Bundan sonra Sultan qalın, uca səslə danışmağa başladı.

– Biz Yuluk Osmanın nəsilləri Bayandurlar, Ağqoyunlularla dost idik, onların ata-baba mülkü Diyarbəkrdə. Onlar bizə tərəf yaxınlaşanda, böyük bir ölkənin hökmdarını öldürəndə, bizim də sümüyümüz sancır. Ona görə də vuruşmağımız labüddür. Çıxın gedin Diyarbəkrə, siznən həmişə dost olarıq.

– Yaxşı dostluqdur, – deyə Sara xatun öz-özünə deyindi.

– Ana, bu yerlər heç vaxt Ağqoyunluların olmayıb. Qaraqoyunluların torpaqlarını niyə tutmaq istəyirsiniz?

– Bu il Diyarbəkrdə quraqlıq keçib, mal-heyvanımızı bu tərəfə qovmuşuq. Əgər İranın, İraqi Əcəmin, İraqi Ərəbin, Rey mülkünün qəhrini çəkirsinizsə, onlarda bizim gözümüz yoxdur.

– Bəs Azərbaycan?

– Öz yurdumuzdan da çıxaq?

– Azərbaycan əmim Miranşah Mirzənin mülküdür.

Sara xatun Əbu Səidə güzəşt etməyə gəlmişdi. O, Ağqoyunlu nəslini bu çətin anda xilas etməli, döyüşdən çəkindirməlijdi.

– Yaxşı, onda Sultan razılıq versə bu qışı Qarabağda qalar, yazda Diyarbəkrə qayıdarıq. Yəqin ki, buna e’tirazınız olmaz.

Əbu Səid çiynini çəkdi. Dejəsən bu fikirlə razılaşmağa hazır idi. Amma vəzir qalxıb yenə onun qulağına nəsə pıçıldadı. O, danışdıqca Əbu Səidin gözləri qıyılır, bir-birinə yaxınlaşan göz qapaqları arasında qonur göz bəbəkləri parıldayırdı. Qızıl, daş-qaşla bəzənmiş tac qoymuş başını tərpədib razılığını bildirdi. Sonra üzünü Sara xatuna döndərdi:

– Köhnə, babaların dostluğu naminə mən Həsənlə vuruşmaqdan vaz keçirəm. Ancaq baba ruhu əziz olur. Əmir Teymur həmişə qışı Qarabağda keçirərdi. Mən də bu qışı Qarabağda keçirmək istəyirəm. Hələ ki, yağışlar başlamayıb, çıxın kedin Diyarbəkrə. Sonra gec olar.

Sara xatun ürəyinin dərinliyində bu danışıqdan razı qaldı. Oğlu sağ-salamat idi. Gəlinləri üzüklərdən istifadə etməyəcəkdilər. Azacıq qoşunları da dağılışmayacaqdı. Demək heç olmasa fürsət gözləməyə ümid var. Ölümün pəncəsindən qurtarırdılar.

Sara xatun Sultandan icazə alıb getmək istədi.

– Bu saat sizi yola salarlar.

Sultan işarə verdi. Açıq qolları və əzələli çiyinləri yağlanmış kimi parıldayan qara həbəş əllərində üstünə zərxara örtük salınmış bir nimçə gətirdi. Sultanın qarşısında diz çökdü.

Sultan örtüyü qaldırdı. Qızıl nimçədə incilərlə dövrələnmiş, iri firuzə qaşlı nəfis bir qolbaq vardı. Sultan onu götürdü.

– Ana, bu hədiyyəni kişilərin işini boynuna kötürən Sara xatuna mənim anam göndərib. Bu ona görə qiymətlidir ki, onu Əmir Teymur özü Təbriz ustalarına düzəltdirib.

Sara xatun hədiyyəni kötürüb Sultana öz təşəkkürünü bildirdi.

İkinci qara qul ovcunda yanaşı tutduğu qılıncı Sultana uzatdı.

Bu qılınc da qızılla işlənmişdi. Qəbzəsində almaslar da parıldayırdı.

– Bu qılıncı isə biz dostlara bağışlarıq. Mənim hədiyyəm kimi Həsən bəyə verərsiniz.

O, “bəy” kəlməsini xüsusi bir vurğu ilə deyirdi. “Bəy” ləqəbi Sultandan sonra gələn altıncı-yeddinci dərəcəli titul idi.

Sultan Əbu Səid Şeyx Heydəri də yaddan çıxarmamışdı. Qabaqda cavan, saqqalından, əmmaməsindən və libasından ruhaniyə oxşayan şəxs qara örtüyə bürünmüş bir əşya gətirdi. Sultan Əbu Səid onu aldı, örtüyü açdı, qızıl qabda dəri cildli kitab vardı.

– Ya şeyx, yaxına gəl.

Heydər yaxına getdi. Sultan Əbu Səid dəri cildli kitabı dodaqlarına yaxınlaşdırandan sonra onu Şeyx Heydərə uzatdı.

– Qahirə Abbasi xəlifəsinin babama göndərdiyi Qurani şərifin bir mübarək nüsxəsidir. Bu nüsxə Darül İrşada nəzirdir, onu sənə verməklə özümü xoşbəxt bilirəm. Cəd-diniz köməyimizdə olsun.

Şeyx Heydər də, Quranı öpüb gözünə qoyandan sonra qızıl qabına saldı, qara örtüyə büküb götürdü.

Onlar mürəxxəs oldular.

Uzun Həsən anası və bacısı oğlu ilə bərabər alaçığında oturmuşdu. Sara xatun danışığın gedişini olduğu kimi danışdıqca oğlu əsəbiləşirdi. O, iri barmaqlarını dodaqlarına dayamışdı. Hirsləndikcə yumruğunu gürz kimi dizinə endirirdi.