Выбрать главу

Belə bir sual verilə bilər: bəs eyni mənalı sözlərdən 'qapkoh', 'kuh-qaf', 'qaf dağı' ifadələri necə yaranır?

Bir sıra dillərdə indi də işlənilən bəzi mürəkkəb sözlərin tarixini və formalaşma qanununu bilən dilçi üçün burada anlaşılmayan sirli bir şey yoxdur.

Tamamilə aydındır ki, erməni mənbələrində 'qapkoh' fonetik tərkibində yazılan bu sözün birinci hissəsi 'qaf' sözünün erməni tələffüzünə uyğunlaşdırılmış şəklidir. Bu sözün ikinci hissəsi isə 'kuh' sözündən başqa bir şey deyildir: 'kuh' sözü isə yeni fars dilində "dağ" deməkdir. Buradan da azəri dili mənbələrində işlənən 'qaf dağı' tərkibi tərcümə yolu ilə yaradılmışdır. Buradakı 'qaf' sözü, yuxarıda qeyd etdiyimiz kimi, parsi dildə, yəni qədim farscada "dağ" mənasına işlənilmiş olan 'qaufa' sözünün müxtəsərləşmiş şəklidir: 'Qafqaz' sözündə özünü saxlayan bu sözün qədim mənasını başa düşməyən və "dağ" mənasına 'qaufa' deyil, artıq 'kuh' sözünü işlədən, eləcə də 'qas' ('kas') adlı bir tayfanı görməyən və tanımayan sonrakı iranlılar 'Qafqaz' sözünün birinci hissəsini dağın xüsusi ismi kimi saxlamışlar, ikinci hissəsini isə özlərinə məlum bir sözlə əvəz edərək, özlərinə məxsus dildə mənalı bir tərkib yaratmışlar. Bunun nəticəsində "dağ" mənasına işlənən qədim farsi sözlə yeni farsi söz birləşməsi alınmışdır. Bu birləşmə əslində "dağ dağ" mənasını versə də, bunu yenidən düzəldənlər və işlədənlər bu sözü belə bir əcaib mənada işlətmirlər və belə də başa düşmürlər. Əslində belə əcaiblik nümunələrinə müasir azəri dilində də rast gəlmək olur, məsələn:

1) 'qızıləhmədi' (alma) əslən "qızıl + əhməri"-dir, mənası isə "qırmızı + qırmızı" deməkdir;

2) 'uzundraz' əslən "uzun + draz"-dır, mənası isə "uzun + uzun" deməkdir;

3) 'hoqqabaz' əslən "hoqq + baz"-dır, mənası isə "qanun + qanun" və ya "oyun + oyun" deməkdir.

Beləliklə aydın olur ki, 'Qafqaz' sözü "dağ" mənasına olan 'qaf' sözü ilə tayfa adı 'qaz' ('qas') sözlərinin "qaslar dağı" mənasına birləşməsindən başqa bir şey deyildir.

Məhz buna görə də "Kitabi Dədə Qorqud"-da adı çəkilən 'Qazlıq dağı' da "Qafqaz" dağından başqa bir şey deyildir. Burada məzmun azəri dilinə tərcümə edilmişdir; yəni "qazlar dağı" mənasını vermək üçün 'qaz' sözünə "çoxluq", "el" və ya "məkan" mənası bildirən '-lıq' şəkilçisi bitişdirilmiş, 'dağ' sözü isə bu 'qazlıq' ifadəsinə qoşulmuş və beləliklə də 'Qafqaz' sözünün mənası azəricə dürüst ifadə edilmişdir. 'Qafqaz' sözünün belə tərcüməsi isə bir daha isbat edir ki, 'Qafqaz' adında "dağ" mənası və "qas" tayfasının adı var və burada heç bir "metal döymə" və ya "qar" məzmunu yoxdur.

Midiya

Vətənimizin və babalarımızın adı ilə üzvi surətdə bağlı olan sözlərdən biri də 'Midiya'-dır. Müasir dilimizdə bu söz yer adı — ölkə adı kimi işlənir və bu ölkənin qədim sakinləri də ümumiləşmiş halda 'midiyalılar' adlanır.

Qədim mənbələrdə 'Midiya' sözü əsasən 'Mada' şəklində yazılmışdır. Qədim mixi yazılarda, xüsusən Bistun qayaları üzərindəki elam dilində olan mixi yazılarda "midiyalılar" mənasına 'madape' sözü işlənilmişdir. Bu sözün sonuncu hissəsini təşkil edən '-pe' həmin dildə cəm şəkilçisidir və yerinə görə '-pe | -pi | -p' kimi də işlənilmişdir.

Bu sözün qalan hissəsi 'mada' isə əsasən iki sözün çarpazlaşmasından düzəlmiş mürəkkəb bir sözdür. Məşhur dilçilərdən N. Y. Marr bu sözün birinci hissəsinin sonundan müəyyən samitin düşmüş olduğunu nəzərə alaraq 'ma' hecasındakı 'a' saitinin uzadılmış halda tələffüz olunduğunu inandırıcı dəlillərlə əsaslandırmışdır. Dərindən yoxladıqda aydın olur ki, doğrudan da birinci hissəni təşkil edən sözün əsli 'ma' deyil, 'mağ'-dır və bu söz, yəni 'mağ' sözü isə qədim midiyalıların ən böyük qəbilələrindən birinin adıdır. Bu qəbilə müəyyən tarixi dövrdə digər qəbilələri də öz ətrafına toplayaraq 'Midiya' adı ilə tanıdığımız ölkəni-dövləti yaratmışdır.

Buna görə də bu adın birinci hissəsi həmin tayfanın  adı ilə, yəni 'mağ' sözu ilə bağlıdır və bu ölkə adının birinci hissəsi ilk dövrlərdə 'ma' deyil 'mağ' olmuşdur.

Ümumi mənadan belə bir nəticəyə gəlmək olur ki, bu sözün birinci hissəsi qəbilə adı əsasında yarandığı kimi, ikinci hissəsi də, yəni 'da' ünsürü, bir çox yer, ölkə və tayfa, xalq adlarında olduğu kimi, ya məkan məfhumunu, ya da çoxluq — cəm məfhumunu ifadə edən bir söz ilə, bir şəkilçi ilə bağlıdır. Əlbəttə, bu sözün 'madape' şəklində işlənilməsi faktı buradakı 'da' ünsürünün cəm məfhumunu ifadə etmədiyinə bir işarədir, çünki burada cəm məfhumunu bildirən xüsusi şəkilçi '-pe' şəkilçisi vardır. Buna görə də bu sözün tərkibindəki 'da' ünsürünün "məkan", "ölkə" anlayışı ilə əlaqədar bir vahid olması ehtimalı daha da güclənir. Məhz belə bir baxımdan Bistun qayalarındakı mixi yazıları diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, burada "ölkə", "əyalət" mənasına elam dilində 'dayyos' | 'dayyaos' sözü, pars dilində 'dahyuş' sözü işlənilmişdir. Buradan isə belə bir nəticəyə gəlmək olur ki, 'mada' sözünün də ikinci hissəsini təşkil edən 'da' ünsürünün prototipi — ilkin əsası 'day' | 'dah' olmuş, sonralar, yəni mürəkkəb sözün formalaşması prosesi ilə əlaqədar olaraq, birinci hissədən 'ğ' samiti düşdüyü kimi (mağ → ma), ikinci hissədən də 'y | h' samiti düşmüş (day → da) və nəticədə "mağ ölkəsi" mənasına işlənilmiş 'mağ + day' tərkibindən düzəlmiş bu söz əvvəllər 'maday', sonralar isə ayrı-ayrı mənbələrdə 'mada' | 'meda' | 'mediya' | 'midiya' kimi müxtəlif fonetik tərkibdə işlənilmişdir. Ən qədim mənbələrdən sayılan Tövratda və qədim assur yazılarında bu söz əslinə uyğun olaraq 'maday' şəklində işlənilmişdir ki, bu da həmin sözün doğrudan da "mağ ölkəsi" mənasına 'mağ-day' tərkibindən düzəlmiş qədim bir söz olduğunu təsdiq edir.

Muğan

Burada belə bir cəhəti xüsusi qeyd etməliyik ki, 'Midiya' sözünün "mağ ölkəsi" mənasına formalaşmış bir söz olması heç də 'Muğan' sözünün qədim 'mağ' adlı tayfanın yaşadığı ərazini bildirən bir yer adı kimi işlənilməsi ilə ziddiyyət təşkil etmir. Ümumiyyətlə 'Muğan' sözü İran dillərinə məxsus '-an' cəm şəkilçisi vasitəsilə 'mağ | muğ' qəbilə adından "mağlar" və ya "mağ eli" mənasına düzəldilmiş bir sözdür ki, uzun müddət təkrar-təkrar işlədildikdən sonra 'mağ' tayfasının yaşadığı ərazinin adı, yəni indiki 'Muğan' adı kimi sabitləşmişdir.

Cəm şəkilçisi ilə yer adlarının düzəldilməsi isə, demək olar ki, qanuni bir hal olmuşdur və bir çox sözlərin formalaşması bunu təsdiq edir. Bu cümlədən yuxarıda izah etdiyimiz 'Qaspi', 'Xəzər' sözlərinin də belə formalaşdığını yada salmalı. Bizim qonşuluğumuzda olan İran ölkəsini bildirən 'Iran' sözünün də əslində "arilər" mənasına olaraq tayfa adı 'ari' sözü ilə cəm şəkilçisi '-an' birləşməsindən düzəldilmiş bir söz olduğu indi hamıya məlumdur.

YAXINLIQ, QOHUMLUQ, QANUN VƏ VERGİ MÜNASİBƏTLƏRİNİ BİLDİRƏN BƏZİ SÖZLƏR