Выбрать главу

 Bu dəfə mən qız litseyinə getməyi qərara aldım.

 Qızlar qar kimi təmiz, ağ döşlüklü mavi uniforma donlarını geymiş, iki-iki, üç-üç bağçada gəzişirdilər. Xalam qızı Aişə məni görüb əl elədi. O, Nino Kipiani ilə əl-ələ verib gəzişirdi. Nino dünyanın ən gözəl qızlarından biri idi.

 Mən son coğrafiya dərsində müəllimimlə Asiyaya mənsub olduğumuz barədə mübahisəmi qızlara söylədikdə dünyanın ən gözəl qızlarından biri olan Nino burnunun ucundan yerə baxıb, dedi:

 - Əli xan sən düz demirsən. Şükür Allaha ki, biz Avropada yaşayırıq. Əgər Asiyada yaşasaydıq mən gərək doğulduğum gündən çadra örtəydim, sən də mənim üzümü görməzdin.

 Mən məğlub olduğumu başa düşdüm. Doğru sözə nə demək olar? Gerçəkdən Bakının qərarsız tikilmiş coğrafi durumu sayəsində də dünyanın ən gözəl gözlərinə baxa bilirdim.

 Qızlardan ayrıldım. O gün məktəbə daha getmədim. Şəhəri dolaşıb dəvələrə tamaşa etdim, dənizə baxdım. Avropa ilə Asiyanı və Ninonun son dərəcə gözəl gözlərini yada salıb fikrə daldım.

 İçimə bir kədər çökmüşdü.

 Arada üzü ilə əlləri cüzam xəstəliyindən çürümüş bir dilənçi mənə yaxınlaşdı. Ona sadağa verdim, əlimi öpmək istədi, lakin onun halı məni o qədər ürkütmüşdü ki, iyrənərək əlimi çəkdim. Bir az sonra isə zavallını təhqir etmiş olduğumu düşündüm. Səhvimi düzəltmək üçün düz iki saat şəhəri ələk-vələk edib onu axtardım. Lakin onu tapmadım. Ondan sonra vicdan əzabı çəkərək evə tərəf getdim.

 Bütün bu əhvalatlardan beş il keçmişdi. Bu illər ərzində çox şeylər baş vermişdi. Bizə yeni bir müdir təyin olunmuşdu. Gimnaziya tələbələrinin döyülməsi qəti qadağan olduğu halda, yeni müdir ikidə bir yaxamızdan tutub bizi silkələməkdən həzz alırdı.

 Həmin beş il ərzində şəriət müəllimimiz, bizə müsəlman olaraq dünyaya gəlmək imkanı verdiyi üçün allahın bizə böyük nemət bəxş etmiş olduğunu izah etmişdi. Sinfimizə iki erməni və bir rus tələbə gəlmişdi. İki müsəlman tələbə isə məktəbi tərk etmişdi. Onlardan biri oxumağı buraxıb on altı yaşında evlənmiş, digəri isə məktəb tətili zamanı qan davasının qurbanı olmuşdu.

 Mən Əli xan Şirvanşir də, bu beş il ərzində üç dəfə Dağıstanda, iki dəfə Tiflisdə, bir dəfə Kislovodskda, bir dəfə də İrandakı əmimin yanında oldum. Bir dəfə də Gerundiyum ilə Gerudiviyum arasındakı fərqli bilmədiyim üçün az qala sinifdə qalmışdım.

 Atam bu barədə məsciddəki imamla danışmaq üçün onun yanına getdi. İmam onu dinlədikdən sonra latın dili ilə əlaqədar qoparılan bu hay-küyün mənasız, boş şey olduğunu bilirdi. Sonra türk, iran, rus medal və ordenlərinin hamısını yaxasına taxıb, direktorun yanına getdi. Atam məktəbin laboratoriyalarına cürbəcür cihaz və ləvazimatlar hədiyyə edirdi. Onun sayəsində sinifdən sinfə keçirdim. Bu arada məktəbdə tələbələrin iki güllə ilə doldurulmuş tapança ilə məktəbə gəlmələrinin qəti qadağan olduğunu bildirən bir elan asıldı. Nəhayət, keçən bel il ərzində şəhərə telefon xətti çəkildi və iki yeni kinoteatr açıldı. Nino Kipiani isə hələ də dünyanın ən gözəl qızlarından biri olaraq qalmaqda idi.

 Məktəblərdə dərslərin qurtarmasına az qalırdı. Yay tətilinə çıxmağımıza cəmi bir həftə qalmışdı. Mən evdə oturub, latın kurslarına getməyimin mənasız olduğunu düşünürdüm. Evimizin ikinci mərtəbəsindəki otaq çox xoşuma gəlirdi. Divarlar təmamən Buxara, İsfahan və Kəşhan xalılları ilə bəzədilmişdi. Bu xalıların naxışları bağçalar, göllər, meşə və çayların təsvirilə dolu idi. Çünki, xalıları toxuyanlar bütün meşələri, gölləri öz gözləri ilə görmüşdülər. Təsadüfi adam o xalıların üzərindəki naxışların nə olduğunu bilməzdi.

Xalılara o rəngləri verə bilmək üçün çox uzaq çöllərin köçəri tayfalarının qadınları yabanı tikanlı kolluqlar arasından min cür ot toplayardı. Sonra incə uzun barmaqları ilə o otları sıxaraq onlardan şirə çıxarırdılar. Şirəni qarışdıraraq zərif rənglər yaradırdılar. Bu gözəl rənglərin sirri yüz illər qədər qədimdir. Çox zaman bir sənət əsərinin tamamlanması üçün toxucu on ildən artıq əmək sərf edərdi. Ondan sonra xalının üstündə ov və döyüşən cəngavərlər səhnəsini təsvir edən sirli rəmzlər və işarələr toxunar, qıraqlarında isə Firdovsinin bir beyti və yaxud Sədinin bir müdrik kəlamı toxunmuş bu sənət əsəri divardan asılıdır. Onlarca xalı divara vurulduğu və yerə sərildiyi üçün otaq qaranlıq görünürdü. Otaqda alçaq bir divan, sədəflə işlənmiş iki kətil, bir çox puf yastıq və bunların aralarında da son dərəcə gərəksiz bir yığın kimya və həndəsə kitabları vardı. Bu kitabları bağlayıb evin hamar damına çıxdım. Oradan baxanda öz dünyamı lap açıq görə bilirdim: içərişəhər qalasının qala divarları ilə bayır qapısının girişində Ərəbcə yazılar olan sarayın xarabalıqlarını gözdən keçirtdim... Qıvrım ərəb saçlarına bənzər küçələrlə dəvələr gedirdi. Dəvələrin ayaq biləkləri o qədər incə idi ki, adam onları tumarlamaq istəyirdi. Ön tərəfdə də əfsanəvi Qız qalasının ətrafında turistlər dolaşırdı. Qalanın arxasında baxışları tamamən dönük qurğuşun rəngli, anlaşılmaz Xəzər dənizi yerləşirdi. Onun da arxasında kəskin qayalıqlarla kolluqlar uzanıb gedirdi. Bu mənzərə dünyanın ən gözəl mənzərəsi idi.