Выбрать главу

DASTANIN BAŞLANĞICI

BƏHRAMIN ANADAN OLMASI

Sirlər xəznədarı xəznəni açdı, Saçdı ətrafına gövhər, nə saçdı. Asılmış tərəzi göyün üzündə, Gövhər bir gözündə, daş bir gözündə. İki rəngli olan bu dünya ki var, Ondan gah daş alar, gah gövhər alar. Şahların nəsli də belədir, belə, Uşaq daş, ya gövhər gələr əmələ. Elə vaxt olar ki, gövhər daş doğar, Kəhrəba rənglidən yaqut qaş doğar. Gövhərlə daşdakı nisbətə misal Olmuş Yəzdigirdlə Bəhramdakı hal.[103] O vurar, bu oxşar; nə uçün? Sorma! Daşda yaqut olar, tikanda xurma. O şikəst etsəydi kimi nə zaman, Bundan yetişərdi xəstəyə dərman. O gün ki, Bəhramın sübhü açıldı, Qaranlıq gecəyə işıq saçıldı.[104] Kimya kürəsini göyün yandıran, Günəşdən, qəmərdən daim dəm vuran Münəccimlər düşdü dərin heyrətə Baxdıqca göyləri ölçən alətə, Qəlp gümüş yerinə qızıl gördülər, Dənizdən dürr çıxdı, daşdan da gövhər.[105] Yəqin etdilər ki, təzə doğulan Olacaq hünərli, şöhrətli insan. Taleyi Hut idi, Müştəri Hutda,[106] Zöhrə bir ləl idi sanki yaqutda. Ay Surda, Cövzada Tir tutmuş qərar, Mərrix də Əsəddə oldu aşikar. Möhkəm iradəylə Dəlv dən Zühəl Düşmənə həd verib qovdu əlbəəl. Gəlib Zühəlinə Zənəb yanaşdı, Günəş Həməlinə yaxın dolaşdı. Bir Müştəri kimi hər parlaq ülkər O xoşbəxtdir deyib verdi xoş xəbər. Bəhramın taleyi belə düzəldi, Xoş bir iqbal ilə dünyaya gəldi. Görüb taleyini, öz iqbalını Atası tərk etdi xam xəyalını. Bildi bişirdiyi çiydir ya boyat, Zulmün toxumundan göyərməz nabat. İyirmi ildi ki, onun övladı Olantək ölərmiş, qalarmış adı. Münəccimlər baxıb gecə göylərə, Gəldilər qərara belə bir kərə. Dedilər: – Şahzadə gərək İrana Vida edib getsin Ərəbistana. Səadət bəxş edər ömrünə bəlkə Ərəb məmləkəti, o qədim ölkə. Hər kəsə bir diyar şərafət verər, Bəlkə o yurd ona mal, dövlət verər. Hərçənd el içində belə məsəl var: "Ölkə şah əlindən var-dövlət tapar". Ata öz övladı yaşasın deyə, Razı oldu getsin başqa ölkəyə. O zaman ki, Süheyl ulduzu durdu, Yəmən ölkəsində taxtını qurdu, Şah xəbər yolladı dərhal Nemana, Laləni tapşırdı bağa, bostana. Neman güllər səpsin, daim keyfi çağ, Laləyi-Nemani olsun o yarpaq.[107] Xosrov qaydasını ona öyrətsin, Şahlıq ədəbini qoy təlim etsin. Neman şahzadəni apardı, getdi, Aya öz qoynunu kəcavə etdi. Dənizlərdən məşhur çeşməni, bilsən, Saxladı çox əziz iki gözündən. Dolandı dörd bahar, ötdü dörd xəzan, Bəhram dönüb oldu bir gur, bir aslan. Dedi ürəyini Neman bir kərə, Sevib xoşladığı oğlu Mənzərə: – Bəhramın yolunda ürəyim dustaq, Bu torpaq istidir, bu hava quraq, Nazikdir, incədir bizim şahzadə, Bir elə yer gərək ona dünyada, Ucalsın göylərə başı, qəlbi şad, Açsın asimanda ta ki qol-qanad, Şimal nəsimindən pərvəriş alsın, Bir lətif havada yerləşib qalsın. Rahatlıq içində yaşasın hər an, Nə quru torpaqdan, nə də buxardan Qoy fitrət gövhəri zərər görməsin, Daim təmiz qalsın, xətər görməsin.
вернуться

103

Yəzdigird – Bəhramın atası daşla, Bəhram isə gövhərlə təşbih edilir. Yəni qiymətli gövhər göy daşdan çıxan kimi, bəzən pis adamdan da dünyaya gözəl oğul gəlir.

вернуться

104

Burada Bəhram – Mars deməkdir.

вернуться

105

Bəhram anadan olan sübhçağı qaranlıq gecəyə bənzəyən Yəzdigirddən bədnamlığı apardı. Münəccimlər tez üstürlablarını götürüb ulduzları təftiş edərək Bəhramın taleyini axtarmağa başladılar. Onlar elə bilirdilər ki, onun taleyi yarı qızıl, yarı mis, aşağı əyarlı Yəzdigird kimi bir adamın taleyinə rast gələcəklər. Lakin gördülər ki, Bəhram yüzdə-yüz qızıldır və gələcəyi də saf qızıl kimi parlaqdır.

вернуться

106

Bəhram Hut bürcündə doğulmuş, Müştəri səyyarəsinin isə Hutda olmağı Bəhramın xoşbəxt və qüdrətli olmağına dəlalət edir.

вернуться

107

Laləyi-Nemani – anemon – qızıl lalə, əsməgülü.