Выбрать главу

SİMNARIN TƏRİFİ VƏ XƏVƏRNƏQ QƏSRİNİN TİKİLMƏSİ

Dolanıb ətrafı hey qarış-qarış, Mənzərlə atası etdi axtarış, Axırda səfalı bir yer tapdılar, İstilikdən uzaq, kədərdən kənar. Elə bir yerdi ki, bütün ölkədə Yoxdu bərabəri onun bəlkə də. Sarayı tikməyə gəzib vardılar, Mahir bir ustanı çox axtardılar. Hər gələn duruxdu, döndü bir daşa, Vurula bilmədi imarət başa. Nəhayət yetişdi xəbər Nemana: "Dolanma dərbədər, düşüb dörd yana, Sənin axtardığın qadir sənətkar Olsa, ola bilər Sam oğlu Simnar, Zirəkdir, od kimi iti əllidir, Dünyaya hünəri, işi bəllidir. Çox binalar tikib Misirdə, Şamda, Yaşayır hər biri bir ehtişamda. Olmuş sənətinin qulu rumlular, Çinli tişəsinin tozunu yığar. O bənna olsa da, məşhurdur adı, Odur min nəqqaşın böyük ustadı. Onuntək qiyaslı sənətkarmı var? Ucalıqlar ölçər, rəsəd qaldırar. Fələkə üstürlab ənkəbutunun Telindən tor hörmüş nəzəri onun.[108] Rumlu Bəlinastək hünərlər saçar, Rəsədxana tikər, tilsimlər açar. Vaqifdir göylərin hər bir sirrinə, Ayın şəbxununa, günün şərrinə. Bu işin tək odur mahir bənnası, O, yalnız toxuyar belə libası. Palçıqdan tikdiyi bəzəkli tağı Ulduzun gözündən qapar çırağı". Onun tərifini eşitdi Neman, Simnarın oduna qızışdı haman. Tez adam yolladı o Ruma sarı, Qızılla aldatdı usta Simnarı. O gün ki Nemanın yanına gəldi Simnar nə istədi, dərhal düzəldi. Çoxaldı arzusu işə Simnarın, Hümmət Nemanınkı, peşə Simnarın. Qəsrə lazım olan hər şeyi Neman Dərhal layiqincə eylədi sahman. Dəmirölçən oldu Simnarın əli, Binada işlədi tamam beş ili. O qızılbarmaqlı usta nəhayət Tikdi daşla gəcdən gümüş imarət... Toxundu göylərə uca qübbəsi, Ağın, həm qaranın oldu qibləsi.[109] Qızıl bəzəkləri atəş saçardı, Simnar naxışlıydı, könül açardı. Sanki bardaş quran bir fələkdi tək, Uçurdu başında düz doqquz fələk. Gözəllik qütbüydü cənub-şimalın, Təngülüşasıydı yüz min xəyalın.[110] Yorğun yuxu tapdı baxışlarından, Susuz sirab oldu naxışlarından. Düşsəydi üstünə günəşin nuru, Yumardı gözünü cənnətdə huru.[111] Bayırı bəzəkli bir göy aləmi, İçərisi rahat bir behişt kimi. Südlə, sirişümlə edilmiş suvaq,[112] Baxanı əks edir güzgülər sayaq. Bəzənib-düzənən gəlinə bənzər, Üç rəngə boyanar hər axşam, səhər. Üç rəng ona gözəl bəzək verərdi: Göy, sarı, bir də ağ rəngə girərdi. Səhər asimandan göy rəng alardı, Çiyninə mavi bir örtü salardı. Günəş baş verəndə üfüqdən yenə, Saray da dönərdi günəş rənginə. Bulud baş vuranda günə əlbəəl Olardı buludtək ağ, lətif, gözəl. Havayla yekrənglik həvəsi vardı, O gah qaralardı, gah ağarardı. Simnar nə zaman ki, ruh verib daşa, Gözəl imarəti yetirdi başa, Calalı, şöhrəti aşdı göyləri, Gün ondan nur içdi o gündən bəri. Simnar xələt aldı, deyim əslini, Gözlədiyi haqqın iki mislini. Çuvalı mirvari, müşk ilə dolu, Tutdu qızıl yüklü dəvələr yolu. Saysız zər verildi o sənətkara, Lazım olsa yenə o gəlsin kara. Oddan əsirgəsən kömürü əgər, Sanma ki, çəkdiyin kabablar bişər. Səxi əl versə də qızıla ziyan Bəxşiş dərgahına olur pasiban. Bu mehribanlığı görüncə Simnar Duyub səxavəti, dedi: "Xəbərdar Olsaydım verilən bu nemətlərdən, Bilsəydim əvvəlcə, inanın ki, mən Bu yolda bəsləyib özgə bir əməl, Bir bina tikərdim gözəldən gözəl. Bəlkə daha artıq zəhmət çəkərdim, Bundan xeyli gözəl saray tikərdim. Şah artıq verərdi mənə neməti, Dünyanı tutardı qəsrin şöhrəti". Neman dedi: "Çoxlu pul versəm, de, sən Daha yaxşısını tikə bilərsən?" Simnar dedi: "Bəli, istəsən əgər, Bir saray tikərəm, bu heçə dönər. Bu üç rəngsə əgər, o yüz rəng olar, Hər daşı yaqutla həmahəng olar. Görürsən, var bunun bircə günbədi, Onun göytək olar qübbəsi yeddi". Bu söz alışdırdı, yaxdı Nemanı, Yandı mehribanlıq, mərdlik xırmanı. Yanar bir atəşdir hər hakim, hər şah, Ondan uzaq olan çəkməz aman, ah. Şahın odu güldür, gövhərlər saçan, Qarşıda gül olur, qucaqda tikan. Şah dediyin ki var, tənəkdir, tənək, Kim uzaqsa ona ilişməyəcək. Yüz dostluqla kimə sarılsa, inan, Kökləri, meyvəsi görər yüz ziyan. Neman dedi: "Onu buraxsam, əlbət, Tikər özgəsinə gözəl imarət". Dərhal əmr eylədi yaxın kəslərə: "Simnarı tullayın qaladan yerə!" Yazıq sənətkarı qan içən torpaq Gör necə endirdi yerə, bircə bax! Bir saray qaldırdı uzun zamanda, Yıxıldı torpağa ondan bir anda. Bir tonqal qaladı, oduna düşdü, Dama gec çıxdısa, çox tez sürüşdü. Xəbərsizdi özü yıxılmasından, Yüz gəz ucalıqda qaldırdı eyvan. Bilsəydi belədir ömrünün sonu Üç qarış elərdi tikərkən onu. Taxtın payəsini o qədər yüksəlt Yıxıldığın zaman çəkmə əziyyət. Bu yüksək binadan Nemanın adı Göydəki ay kimi qalxıb parladı. Cadugər çağırdı adını torpaq, Xəvərnəq Allahı saydı onu xalq.
вернуться

108

Üstürlab – astrolyabiya. Qədimdə ulduzların yerləşdiyi yüksəklikləri və s. bu alət vasitəsi ilə ölçərdilər.

Ənkəbut – hörümçək – üstürlabın əsas hissələrindən biri.

вернуться

109

Ağ və qara – gecə və gündüz.

вернуться

110

Təngluşa – Luşanın kitabı. Babil münəccimi Tevkr Babilini (I ə.) farsca Luşa adlandırıblar. Luşa günəşin (ekliptika) və ulduzların (zodiak) hərəkəti haqqında məşhur kitabın müəllifidir. Nadir miniatür, nəqş, ulduz və bürclərin şəkilləri ilə bəzədilmiş həmin kitab Şərqdə böyük şöhrət qazanmış, əsrlər boyu gözəllik xəzinəsi sayılmışdır.

вернуться

111

Günəşin şüaları qəsrin hamvar, cilalanmış divarlarında əks olub, düz cənnətə çatır və hurilərin gözlərini qamaşdırırdı, hurilər də məcbur olub gözlərinə örtük salırdılar.

вернуться

112

Sirişüm – yumurta sarısından düzəldilmiş yapışqan.