Выбрать главу

BƏHRAMIN XƏVƏRNƏQDƏ YEDDİ QIZIN ŞƏKLİNİ GÖRMƏSİ

Səfərdən qayıdıb bir yol bizim şah, Xəvərnəq içində nəşəli, gümrah Gəzirdi, gördü ki, xeyli maraqlı Bir hücrə var, qalıb qapısı bağlı. Olmamış orada, sözümün düzü, Nə yad, nə xəznədar, nə Bəhram özü, Soruşdu: "Bağlamış kim bu xananı, Bunun qapıçısı, açarı hanı?" Açarçı tez gəlib gətirdi açar, Şah açdı qapını, gördü büsat var. Gördü xəzinədir ev başdan-başa, Sənətkar gözüylə etdi tamaşa, Nə çəkmiş divarda, gör ki, ustanı, Çinin o yüz gözəl nigar nigarıstanı.[128] Çatmazdı heç buna, əldəki qüdrət İşlədib divarda bir incə sənət, Rəsm etmişdi gözəl yeddi şux pəri, Hər biri bir elin parlaq ülkəri:[129]  Hind şahının qızı sevimli Furək, On dördlük ay kimi dilbər bir mələk. Çinin xaqanının qızı Yağmanaz,[130] Gözəllər afəti, misli tapılmaz. Bir kəklik yürüşlü, şux, solmaz pəri, Xarəzm şahzadəsi gözəl Nazpəri. Slavyan şahının rumi geyimli Gözəl Nəsrinnuşu, türktək sevimli. Məğrib padşahının Azəryun qızı, Nurə qərq eləyən günü, ulduzu. Şanlı qeysər qızı, şöhrəti Humay, Humayun gözəli, surəti humay, Keykavus nəslindən dilli, diləkli, Kəsranın Dürsəti tavus bəzəkli. Bir həmail üstə çəkmişdi ustad, Yeddi şux gözəldi, yeddi pərizad. Hər incə təsvirdə min gözəllik var, Gövhərtək hər biri gözə nur saçar. Ortada çəkilmiş sevimli bir can, Gözəllər qabıqdır, içdir o cavan. Dürlə nişanlıdır gözəl kəməri, Müşki xətdən almış, zinət qəməri.[131] O, baş ucaltmışdı sərvtək hündür. Gümüş tac, kəmərdə parlayırdı dürr. Sənəmlər göz dikib gül surətinə, Könül vermişdilər məhəbbətinə Baxdıqca onlara şirin gülümsər, Pərəstiş eylərdi ona gözəllər, Başının üstündə yazmışdı rəssam: Bu cavanın adı Bəhramdır, Bəhram. Belə hökm eyləmiş o Yeddi qardaş:[132] "Bu dünya fatehi qaldıranda baş Yeddi iqlim gəzib bitirəcəkdir, Özüylə yeddi qız gətirəcəkdir. Zənn etmə, tum əkib, yoldan azmışıq, Ulduzlar deyəni bizlər yazmışıq. Əqlin dediyini eylədik əyan, Söz bizdən, düzəltmək işi Tanrıdan". Bəhram bu yazıya daldıqca daldı, Fələk füsununa heyrətdə qaldı. O gözəl surəti şux sənəmlərin Şahın ürəyində yer saldı dərin. Qızğın ayğır ola, bir dəstə madyan, Yeddi gəlin dura, şir kimi oğlan, Baxdıqca artmazmı könüldə istək? İstəməzmi kama çatmağı ürək? Kəsdisə Bəhramın yolunu yazı, Ancaq ürəyinin güldü al yazı. O sözlər ömrünə bir dayaq oldu, Murada yetməkçün ümidlə doldu. İnsan arzusunda pərvəriş tapar, Mətləbinə yetər, olsa ümidvar. Qapını açarla bağlayaraq şah. Dedi qapıçıya: "Yaxşı ol agah. Həmən bu qıfılı xəlvət bir nəfər Açaraq otağa girərsə əgər, Alaram bir anda şirin canını, Bu evdə tökərəm qızıl qanını". O gündən baxmadı otağa sarı Xəvərnəqdə olan kişi, qız, qarı. Xumarlansa idi gözü nə zaman Gedərdi otağa ulu hökmüran, Açardı, baxardı gözəl cənnətə, Hər şəkil önündə gəlib heyrətə, Suyu seyr eləyib susuz qalardı, Onun arzusuyla mürgü çalardı.
вернуться

128

Çin nigarıstanı – Çindəki budda və Mani məbədləri. Nigarıstan – bütxana deməkdir, bu sözun kökü nigaştən – "al-əlvan cizgilərlə" bəzəmək, şəkil çəkmək felindən əmələ gəlmişdir. Nigar – al-əlvan cizgilərlə bəzənmiş deməkdir.

вернуться

129

Aşağıda adları çəkilib təsviri verilən gözəllər yeddi elin – ölkənin gözəlləri deyil, dünyanın yaşayış məntəqəsini təşkil edən yeddi iqlimin (hər iqlimə onlarca ölkə daxildir) gözəlləridirlər.

вернуться

130

Nizami poeziyasındakı Çin müasir çoğrafi Çin demək deyildir. Çin deyərkən şair Şərqi Türküstanı nəzərdə tutur, türk sözü isə Nizami luğətində gözəllik, ağlıq, nəciblik rəmzidir. Təraz (indi Talas), Yağma, Xotən həmin Türküstan Çinində yerləşmiş şəhərlərdir və öz gözəlləri ilə məşhur olublar.

вернуться

131

Yəni onun qəmər – ay üzündə müşkə bənzər xətlər – tüklər yenicə çıxmışdı.

вернуться

132

Yeddi qardaş – yeddi planet.