Выбрать главу

BƏHRAMIN ATASININ ÖLÜMÜNDƏN XƏBƏR TUTMASI

Bir gün Yəzdigirdi eyləyib agah, Dedilər ki: "Oğlun igid Bəhram şah Bir qorxu bilməyən şir tutan olmuş, Köhnə qurda dönmüş, gənc aslan olmuş. Şir dönür önündə aciz köpəyə, Əjdərin tozunu verir küləyə, Kəməndlə div tutur gəlsə üz-üzə, Atını çapanda dağ dönür düzə. Almazı, dəmirdən hazırlar ipək, Dəmiri, yumşaldar daşı xəmirtək". Atası oğlunun gənclik odundan Qorxub saydı onu ömrünə düşmən. Aslan qorxan kimi oddan, o birdən Qorxdu öz oğlundan – alovlu şirdən. Sayılsa da nursuz bir nəzər nöqsan, Onu uzaq tutdu nəzərgahından. Bəhram könül verdi ova, büsata, Gah badə nuş etdi, gah mindi ata. İçkiyə, şikara o bağladı bel, Elə bil parlardı Yəməndə Süheyl, Sevərdi Yəmənin şahı Bəhramı, Onun hər hökmünə çəkib əncamı, Yüksək qiymət verib məharətinə, Hakim qıldı onu vilayətinə. Qılınc, gövhər verdi, inanın, hələ Keçərdi yolunda canından belə. Saysızdı Bəhramın hər cür daş-qaşı, Kədərdən uzaqdı ağrımaz başı. Gördü yad ölkədə bu məhəbbəti, Düşmədi yadına öz vilayəti. Bir neçə gün belə dövr etdi fələk, Nəhayət, o qurdu yeni bir kələk. Yəzdigirdin əli taxtdan sürüşdü, Onun uca işi alçağa düşdü. Atalardan ona keçən taxtü-tac Əcdadıtək oldu onunla da qac. Şahsız qalan taxta hökmüdar tapmaq Qəsdilə el, qoşun qurub yığıncaq, Qulluq etməməyi aldı qərara Yəzdigird nəslinə, qara şahmara. Əgərçi Bəhramın qüdrəti vardı, Ağlı, qılıncı var, cürəti vardı. Görmüş Yəzdigirddən ölkə əziyyət, Odur alınmadı saya bu cürət. Dedilər: Bəhrama yaxın getməyək, Ölümdən xəbərdar onu etməyək. Ərəblər olmuşdur ona pərəstar, İran torpağına olsa hökmüdar, Ərəblərə xəznə, səltənət verər, Farsa əzab verər, əziyyət verər. Padşah seçmədisə onu bir insan, Tanrı istəyilə oldu tac qoyan. Yığıncaq ayırdı bir aqil qoca: – Sən şah ol, – dedilər, – layiqsən taca. Şahların nəslindən deyildi nəsli, Bu nəslə yaxındı ancaq ki, əsli. Belinə bağlayıb yeddi göz kəmər, Təxtü-tac verdilər, təzim etdilər. Belə bir tədbiri eşitdi Bəhram, Asiman dövrünü eyləmiş tamam, Dövran təzələnmiş, rövnəqi sönmüş, İşlər keçmişlərin tərsinə dönmüş. Atası dünyadan köçüb bir zaman Olmayıb tacına sahib tapılan. Bir yadın ayağı girmiş meydana, Vermiş qarğaşalıq üz bu cahana, Əvvəlcə yas tutub, matəmə daldı, Əqiqə firuzə naxşını saldı.[133] Sonra fikr eylədi: çevrilsin şirə, Döyüşsün, əl atsın iti şəmşirə. Çalıb qılıncını nərələr saçsın, Döyüş qapısını qəzəblə açsın. Lakin, düşünərək dedi özünə: Ağıllı dolansam, yaxşıdır yenə. Çıxartdı iranlı qəlbindən bizi, Unutdu bilmərrə hörmətimizi. Mənsə qoy olmayım amansız, qəddar, Yumşaqlıq hər şeyə açardır, açar! Bu itqılıqların ovçusuyam mən, Mənimdir qoyunlar, mənimdir çəmən. Yunları olsa da onlara döşək, Öz pambıq tarlamda yatırlar, bişək. Nankor olmaları yaxşıdır, əlbət, Gün gələr ki, onlar çəkər xəcalət. Xəyanət üzündən xəcil olar mərd, Yaxşı deyil, ona sən də vermə dərd, Xəcalət çəkəni etməzlər zəlil, Bu zülmkarlıqdır, ədalət deyil. Yolundan azdısa iranlılar, mən Eylərəm onları yenə şahsevən. Ovçu səbirsizlik göstərsə əgər, Oxu nişanəyə dəyməz, yan gedər.

BƏHRAMIN İRAN TORPAĞINA QOŞUN ÇƏKMƏSİ

Ey söz düyümləyən cadugər, yetər, Bu keçmiş sözlərdən gəl vermə xəbər! Gül kimi ağzından özün al nəfəs, Ondan ətirlənsin səndəki həvəs. Bilin, bağlamışam mən əhdü-iqrar Kimlə? O kəslə ki, əhdində durar. O şey ki, başqalar demiş, yaratmış, Biz şərab içirik, onlarsa yatmış, Öz malım etməyim keçirib ələ, Pis olar eyləsəm mən hərgah belə. Uymayım köhnəni tikmək felinə, Cəhd edib oxşayım novruz yelinə. Doğrudur, şərt qoydum: dürr saçmaqda mən Olmayım deyilmiş sözləri deyən, Ancaq o xəznəyə sahmanımız bir, Oxumuz cütsə də, nişanımız bir. Etməli olsam da bir sözü təkrar, Hünərim palazdan ipək yaradar. Sözün kimyasıyla iki nəqş açan Köhnə nəqşi təzə elədi çoxdan. Misi xas gümüşə döndərmiş biri, Bu isə gümüşdən alar saf zəri. Misi saf gümüşə döndərən sənət Gümüşdən zər alar, eyləmə heyrət! Uca taxta incə bəzəklər verən Belə bəzək vurdu taxta yenidən. Xəbər tutdu Bəhram, igid şahzada Ki, tac qismət olub yad oğlu yada. Kəyanın tacını tələb etməkçin Bağladı belini ürəyində kin. Bəhram ölkəsinə şah olsun deyə, Münzər də, Neman da qalxdı köməyə. Verdilər bol xəznə, hesabsız daş-qaş, Saysız ordusuyla o qaldırdı baş. Düşmənlik alışdı coşdu sərasər Yəməndən başlamış Ədənə qədər. Atlanıb yürüdü yüz min süvari, Hamının poladdan möhkəm paltarı, Hamı div bağlayan, qələ açandı, Nərəsi bir şirdi, hünər saçandı. Hər biri ölkəyə bir istinadgah, Belə bir orduyla yürüş etdi şah. Nəm gedib balığa, toz aya çatdı, Şeypurların səsi od parçalatdı. Zərbələr yağdırdı sinc-təbil çalan, Gurultu ucaldı – nağaralardan. Düşdü sinc-təbilin səsi dağ-daşa, Göyləri, yerləri gətirdi çoşa. Sayda qarışqadan artıqdı ləşgər, Yandı intiqamla ordu sərasər. "Bəhramın olmalı öz tacı, yurdu" Deyə, yürüş etdi Yəməndən ordu.
вернуться

133

Yəni əqiqə bənzər bədəninə firuzə – yaşıl rəngli libas geyindirdi. Yaşıl, göy rəng abbasilər sülaləsi hakimiyyətdə olan zaman (750-1258) matəm rəmzi olmuşdur. Həmin rəngi şair sasanilərə də aid edir.