Выбрать главу

BƏHRAMIN İKİ ŞİR ARASINDAN TAC GÖTÜRMƏSİ

Səhər qızıl taclı, sabah xeyli şən, Bir taxt yaratmışdı fil sümüyündən, Rəy deyən, iş görən qolu güclülər, Amirlər, hakimlər, kimdə var hünər, Ərəblər, əcəmlər hey atlandılar, Şirlər meydanına qanadlandılar. Şirbanlar gətirdi şirləri gəldi, Açıb buraxdılar, meydan düzəldi. Qızğın həmlə etdi şir üstünə şir, Qazılırdı sanki Bəhrama qəbir. Şirlər arasına o şir saxlayan Gətirib tac qoydu tamam qızıldan; Arasında o tac qara şirlərin Bir aydı ağzında iki əjdərin[136]. Teştin səsiylə ay buluddan çıxar, Boş deyil, bu teştin qılıncı da var. Kinli şirlər dönüb qızğın əjdərə, Döyüb quyruğunu qəzəblə yerə, Sanki deyirdilər: "Kim qarət eylər, Əjdərdən tac alar, şücaət eylər?" Dəmir ciyərlidən yox xəbərləri Ki, şiri ovlayar, vurar əjdəri. İki ox mənzili cürət etmədi, Kimsə o şirlərə yaxın getmədi. Dedilər: "Edilsin bu şərtə əməl, Şirlərə yönəlsin Bəhram ilk əvvəl. Şirdən alsa tacı, şah olsun Bəhram, Onundur səltənət, bir də qızıl cam. Güvənməsə əgər Bəhram baxtına, Əlvida eyləsin İran taxtına". Sanma şah qərardan imtina etdi, Şirlərin ustünə yönəldi, getdi. Bahramın əliylə hər dağ, hər dərə Məzar kəsilmişdi azğın şirlərə. Bitirib iyirmi iki yaşını, Yüz şirin bədəndən üzmüş başını. Belə qalib çıxan yüz-yüz aslana İki şir əlində batarmı qana? Bəhram ətəyini sancdı belinə, Həmlə etdi dönüb sabah yelinə. Nərəsi şirlərə vəlvələ saldı, Onların əlindən tac vurub aldı. Şirlər gördü şahın məharətini, Onun şirliyini, cəsarətini. O bıçaq pəncəli, qızğın aslanlar, Dişləri qılıncdan, qoç pəhləvanlar Vəhşi hücum çəkdi o tacidara, Dünya fatehini salmaqçın dara. Bəhramdan aslanlar yaxşı dərs aldı, Baş-başa çırparaq ayağa saldı. Pəncələr qırdı şah, diş əzdi tamam, Tacını, başını qurtardı Bəhram. Qoydu öz başına tacı bəxtiyar, Oldu, görün, ona necə bəxti yar. O qalib çıxdı o azğın şirlərə Saldı tülküləri taxtından yerə.

BƏHRAMIN PADŞAHLIĞI

BƏHRAMIN TAXTA ƏYLƏŞMƏSİ

Bəhram sevdiyindən xeyirxahlığı Uğurlu, mübarək oldu şahlığı. Münəccim rəsəddə açıb min düyün, Taxta oturmağa ayırmışdı gün. Əsəddə qurmuşdu taleyi taxtı, Sabitdi, möhkəmdi olduqca baxtı.[137] Ən uca nöqtədə o bir günəşdi, Ütarid ülkəri ona bir eşdi.[138] Zöhrə Surə keçdi, Müştəri Qovsə, Bu ev ziynətlənib, döndü Firdovsə,[139] Hilal onda idi, altıda Bəhram,[140] Məclisi bəzədi qılınc ilə cam. Uzadıb əlini Zühəl Mizana, Toplamışdı xəznə yerdən Keyvana.[141] Belə bir mübarək gün idi durdu, Gözəl xislətli şah taxta oturdu. Bol mirvari səpdi, ləl etdi şabaş, Bəxtinin gəmisi doldu başabaş. Xəznə saxlayanlar bol xəznə açdı, Saçdı ətrafına qaş-daş, nə saçdı! Əvvəl şah taxtında əyləşən insan, O beyətlər görən eldən, qoşundan, Bəhramın görüncə səltənətini, Taxta, taca olan ləyaqətini, Adlı-sanlılardan, şöhrətlilərdən İlkin o yeriyib irəli: – Sənsən Geniş üfüqlərə bir soltan – dedi, Möbidlər: – Dünyaya hökmüran, – dedi. – Şahlar şahı, – dedi xosrovlar ona, Hamı gizli ona, aşikar ona Afərin üstündən afərin dedi: – Əhsən olsun sənə birə min, – dedi. O qədər yüksəldi, Bəhram yüksəldi Ki, başı ən uca göyləri dəldi. Ədl xütbəsini adil hökmüran Oxuyub, mirvari saçdı yaqutdan. Dedi: "Tacı mənə Allahdır verən, Tanrı vergisini şad elərəm mən. Ona şukrüm mənim birə min olsun, Allahı duyana afərin olsun. Tanrı kərəminə dal çevirmərəm, Ondan yetdi mənə bu nemət, kərəm! Şirdən tac götürmək sanma asandır, Qılıncdan deyildir, bu Tanrıdandır. İndi ki, taxtü-tac verilmiş mənə, Elə işlərəm ki, Tanrı bəyənə. Allah qoysa, gərək çalışam elə Məndən inciməsin bir insan belə. Mənim dərgahımın xas olan qulu Mənim kimi gərək düz getsin yolu. Doğruluq yaxşıdır, uymayın yada, Bircə düzlükdədir nicat dünyada. Sağ qulaq düzlükdən eyləsə həzər, Bir çox sol qulaqlar çəkəcək zərər. Keçər bir neçə gün, mən istirahət Eyləyib saçaram elə ədalət. Vəzifəm, sənətim bu olsun gərək, Zülmkara zülüm, adilə kömək. Durduqca asiman, fələk, təbiət Yerdə yatanlara olsun min rəhmət... Qaradan, ağdan çox, nə ki yaşayan Var, məndən görəcək ədalət, aman.[142] Ədalət olacaq işim hər zaman, Şad olmasın bundan dilşad olmayan". Elə ki, xütbəsi şahın qurtardı, Eşidən şükr ilə səcdəyə vardı. Bir saat oturdu şah səltənətə, Çəkildi, sonra da getdi xəlvətə. İnsaflı olmağa fərman verdi şah, Ondan razı qaldı rəiyyət, Allah. Yığdı böyükləri, yığıncaq etdi, Dövlətin hər işi kamala yetdi.
вернуться

136

Qədim təsəvvürə görə, Ay tutulanda guya onu əjdaha udurmuş, odur ki, əjdahanı qorxudub Ayı onun ağzından çıxarmaq üçün mis teşti, ləyəni döyərək səs-küy salarlarmışlar.

вернуться

137

Yəni Bəhramın taleyi öz taxtını Əsəd (Şir) bürcündə qurmuşdu, bu isə qüdrət rəmzidir.

вернуться

138

Ütarid (Merkuri) planeti Günəşə yaxınlaşmışdı, bu isə qədim astroloqların nəzəriyyəsinə görə səadətə dəlalət edir.

вернуться

139

Zöhrə (Venera) planeti Sur (Öküz) bürcü, Müştəri (Yupiter) isə Qövs bürcünə yaxınlaşmağı şənlik, çalıb-oynamaq, nemət bolluğu, rifah əlamətidir. Firdövs behişt, cənnət deməkdir.

вернуться

140

Hilalın – təzə ayın onuncu bürcdə, Bəhramın (Marsın) altıncı bürcdə olması həm ziyafət, şənlik, xoş güzəran, həm də müharibə əlamətidir.

вернуться

141

Zühəl (Saturn) planetinin Mizan bürcündə olması varlıq əlamətidir. Odur ki, Bəhramın var-dövləti sanki yerdən Keyvana (Saturna; Zühəl ərəbcə, Keyvan isə farsca Saturn deməkdir) qədər ucalırdı.

вернуться

142

Qara və ağ – gecə və gundüz, dünyanın rəmzi, yəni gecə və gündüzdən ibarət olan bu dünyada nə qədər adam var, məndən ədalət görəcək.