BƏHRAM-GURUN ƏDALƏT VƏ SƏXAVƏTİ
Elə ki, bəzəndi tac Bəhram Gurdan,
Cəlal rövnəq aldı o təzə nurdan.
Yeddigöz kəməri bağlayaraq şah
Yeddipillə taxta oturdu gümrah.
Başda Çin papağı, tərlan döşütək
Rumi paltar verdi əyninə bəzək.
Rumdan gözəllikdə o bac alandı,
Yaxşılıqda Çindən xərac alandı.
Qurdu Cəmşid kimi taxtı dörd guşə,
Qaldırdı beş növbə tacı günəşə,
İnsafı gətirdi o bizim yerə,
Qalxdı ədalətin başı göylərə.
Dəydi insaflıya köməyi hər an,
Zülümkar olana vermədi aman.
O, qəm qıfılına bir açar oldu,
Səadət onunla aşikar oldu.
Təzədən başladı toyu dünyanın,
Geniş nəfəs aldı qəlbi insanın.
Qısır inəklər də törədi, doğdu,
Artdı arxlar boyu çağıldayan su.
Çatdı bar yetirən ağaclar bara,
Dirəmdə sikkələr mindi qərara.[143]
Onunla düzəldi işi varlığın,
Yıxıldı özülü riyakarlığın.
Şahlar, şahzadələr, hər yan, hər tərəf
Onun cəlalından tapdılar şərəf.
Ölkənin bilici iş adamları
Onun dərgahına axıtdı varı.
Qala qoruyanlar xəznə apardı,
Verdilər, xəznədə hər nə ki vardı.
Yeni fərman yazdı fərman yazanlar,
Şahın imzasıyla qurtardı canlar.
Ölkə işlərinə eylədi əncam,
Hər kəsi oxşadı qədrincə Bəhram.
Can verib diriltdi rövnəqsizləri,
Qaçqını qaytardı ölkəyə – geri.
Qoyunun hayfını qurdlardan aldı,
Şahin göyərçinlə dost qanad çaldı.
Məstliyi çıxartdı fitnə başından.
Təcavüz edənə vermədi aman.
Düşmənin canına saldı zəlzələ,
Dostlarla dünyada verdi əl-ələ.
Mərd oldu şahlıqda böyük hökmüran,
Mərd adam yaxşıdır mərdüməzardan.
Nə zaman versəydi cəza düşmana,
Cəfalar vermədən qıyardı cana.
Əlindən əziyyət çəkincə insan
Öldür, birdəfəlik köçsün dünyadan.
Gördü ki, bu torpaq damlardan ancaq
İnsana qüssələr, qəmlər qalacaq,
Özünü işvəylə o şad saxladı,
Gün sürüb, keyf çəkib, azad saxladı.
Dünyaya etibar yoxdur, qanırdı,
Eşqə, məhəbbətə arxalanırdı.
Həftədə çalışdı şah kimi bir gün,
Altı günü keçdi işrətdə bütün.
Kimin ki, eşqdən nişanı yoxdur,
Demək, ruhu yoxdur və canı yoxdur.
Məhəbbət sikkəsi vurdu aşikar,
Yaxın adamları oldu aşıqlar.
Bürüdü, cəlalı tutdu hər yanı,
Keçirdi hökmünə bütün dünyanı.
Güldü gül üzünə fərəhli həyat,
Səxavət göstərib, dolanırdı şad.
Axdı xəznəsinə dünyanın varı,
Arada olmadı qılınc, tatarı.
Ölkəsi münbitdi, təzəydi, tərdi,
Qəlbi günəş kimi bolluq sevərdi.
Ellər güvənərdi məhsuldarlığa
Varlığı düşməzdi əsla darlığa.
Bir gün xalq unutdu şükrü dünyada,
Mehribanlıq belə düşmədi yada.
Kim şükür etməsə nemətə hərgah,
Küsər o bəndəyə yaradan Allah.
Kəsilər başına bu gen dünya dar,
Çalışan ruzunu daşdan çıxardar.
QURAQLIQ İLİ VƏ BƏHRAMIN RƏİYYƏTƏ MƏRHƏMƏTİ
Bir il getdi bütün əməklər bada,
Qəhətlik başladı geniş dünyada.
Qıtlıq yeyintinin yolunu kəsdi,
İnsan ot otladı, titrədi, əsdi.
Dünya bu qıtlıqdan bezikdi, gerçək,
Gövhər qiymətinə satıldı çörək.
Bəhrama verdilər bu haldan xəbər
Ki, qıtlıq keçirir cahan sərasər.
Aclıqdan kəsilib vəhşi canavar,
Gah adam yeyirdi, gah leş insanlar.
Dənin qiymətindən olunca agah,
Anbarı açmağa fərman verdi şah.
Harda azuqə var, şah xəbər tutub,
Hakimlər adına göndərdi məktub:
"Yığılsın bir yerə əmin adamlar,
Açılsın anbarlar, dən dolu damlar.
Varlılarla həmən razılıq olsun,
Yoxsulun torbası havayı dolsun.
Dəndən ödənəndə o pay alanlar,
Tökülsün quşlara yerdə qalanlar.
Acından ölməsin dövründə bir fərd!"
Eşq olsun Bəhrama, odur cavanmərd.
Səxavətli şahın dən anbarından
Bol buğda apardı hər gələn insan.
Şahın karvanları yad ölkələrdən
Daşıyıb gətirdi təzə-təzə dən.
Xəznənin pulları dönmuşdü suya,
Bəhram şah qalırdı qeydə, qayğıya.
Müxtəsər, bitmədi əkinlər dörd il,
Xalq oldu xəznədən ruziyə nail.
Çatdı böyüklüyə şah bu işiylə,
Yetdi padşahlığa nəvazişiylə.
Ellər can qurtarıb bəxtəvər oldu,
Aclığından ölən bir nəfər oldu.
Bu xəbər yetişdi ölkə şahına,
Üzünü çevirib haqq dərgahına,
Üzürxahlıq edib, çəkdi dərin ah,
Dedi: "Ruzi verən, ey böyük Allah!
Sənin oxşarın yox başqalarına,
Güvənib Tanrının iqtidarına,
Hər işi dünyada saz eyləyirsən,
Azı çox, çoxu da az eyləyirsən.
Nə qədər çalışsam, gəlməz əlimdən
Çöldə bir ceyranı doyuzduram mən.
Qalibiyyət, qüdrət sahibi sənsən,
Xalqa birər-birər ruzi verənsən.
Öldüsə yurdumda aclıqdan biri,
Mənə aid deyil bunun təqsiri.
Onun həyatından mən bixəbərdim,
Öldü, bu ölümlə çoxaldı dərdim".
Durub yalvararkən Tanrısına şah,
Qəlbindən səs gəldi: Yaradan Allah
Sənin xəbərdardır xoş niyyətindən,
Götürdü aclığı məmləkətindən".
Öldüsə bəndəsi əgər acından,
Sən ki, şad olmadın, gülmədin bundan.
Belə əmr eylədi o qadir hakim:
Elindən ölməsin dörd ildə heç kim.
Dörd il, var xəbərim, düşmədi dərdə,
Ölkədə ölmədi heç bir nəfər də.
Xoşbəxt o şahdır ki, nemətlə, nazla
Ölümü ölkədən qovdu niyazla.
Doğulan yaşadı, bara yetişdi,
Ellər bir çıxarsız vara yetişdi.
Artdı insan nəsli, çoxaldı ellər,
Döndü şəhər oldu dağlarla çöllər.
İsfahan qarışdı Reyə birbaşa,
Ev evə söykəndi, nə xoş tamaşa!
Bir kor istəsəydi, dam üstü, əgər,
Reydən İsfahana edərdi səfər.[144]
Şubhə etsən, demə, günah səndədir,
Günah məndə deyil, nəql edəndədir.
Nemət yeyəndənsə boldu məmləkət,
Nemət yeyənlər artıqdı nemət.
Cavan olsa xurma ağacı, barı
Daha bol gətirər güclü şaxları.
İnsan az olduqca ruzi olar dar,
İnsan çoxaldıqca gəlir də artar.
Camaat arxayın çölə gedirdi,
Dağda, çəmənlikdə keyf-naz edirdi.
Əldə incə bərbət, rübab, çənglə dəf
Çalıb oynayanlar oturdu səf-səf.
Hər çay kənarında bir hovuz çaxır,
Hər tərəfdə işrət, məclis, çal-çağır.
Çoxları mey alıb, qılıncı satdı,
Zərxara geyinib zirehi atdı.
Camaat silaha, iti xəncərə
Əlvida eyləyib, qoymuşdu yerə.
Kimin keyf etməyə vardı imkanı,
Nemətlə, naz ilə keçdi zamanı.
Yoxsula yol açdı; razıydı hər an
Tacidar bəxtindən, camaat ondan.
Hərəyə verdirdi layiq bir peşə,
Onlar üçün imkan yaratdı eyşə.
Əmr etdi bölsünlər günü ikiyə,
Biri kəsbə məxsus, biri içkiyə.
Bac nədir bilmədi, yeddi il aləm,
Kökündən qazıldı yetmiş illik qəm.
Altı min sənətkar, dastan söyləyən,
Çalğıçı, oynayan, məzhəkə deyən,
Çağırıb topladı həmən bir yerə,
Ayırıb göndərdi tez hər şəhərə,
Dedi: – Hansı yana getsəniz əgər,
Çalıb çağırın ki, sevinsin ellər.
Sur bəxti tapmışdı onda zamana;
Zöhrə sahib idi onda dövrana.[145]
Dövrün kəndxudası Zöhrə olanda,
O zamana handa, kədər, qəm handa?
вернуться
143
Dirəm – dirhəm sözunün müxəffəf şəkli. Dirhəm gümuş pul deməkdir, yəni pul dəyərə mindi, öz qiymətini tapdı.
вернуться
144
Yəni o qədər abadanlıq saldılar ki, Rey (indiki Tehran) şəhərindən İsfahana qədər korlar damların üstü ilə gedə bilərdilər.
вернуться
145
Zöhrə (Venera) – çalğı, rəqs və şənliyin hamisidir. O, Sur (Öküz) bürcündə qərar tutanda Yer üzündə həm sabitlik, firavanlıq, həm də çalıb-oynamaq, şənlik, ziyafət məclisləri, eyş-işrət bərqərar olur.