Выбрать главу

YEDDİ GÜNBƏDİN TƏRİFİ VƏ

BƏHRAMIN ORADA İŞRƏTƏ DALMASI

Nə zaman Keyqubad taclı, cəsur şah Keyxosrovluq tacı qaldırdı, nagah Yerdən bir Bisütun ucaldı göyə, Fərhadın etdiyi döndü kölgəyə. O yeddi sütunlu bir Bisütundan Yeddi günbəd tikdi, sanki asiman. Göylərlə birləşən imarətdə şah Gördü ki, fələyi ötmüş bu dərgah. Şah baxdı hasara, yeddi qülləyə, Hər qüllə oxşardı bir səyyarəyə. Ulduzlar tanıyan sənətkar Şidə Ulduz rəngi vermiş hər bir günbədə. Keyvan taleyində günbəd ki, vardı, Qaraya bürünmüş müşkə oxşardı. O ki, Müştəriylə həmahəng idi, Bəzəyi, düzəyi, səndəl rəng idi. O günbəd ki, Mərrix adını aldı, İncə naxışlıydı, sərasər aldı. O bürc ki, Günəşdən verirdi xəbər, Saraltmışdı onu üstündəki zər, Onu ki, şux etmiş göyün Zöhrəsi, Ağdı Zöhrə kimi onun çöhrəsi. Ona ki, Ütarid vermişdi nemət, Firuzə rəngindən yetmişdi zinət. O günbəd ki, ona ay yol salardı, Şahın taleyindən yaşıl çalardı. Dediyim bəzəkdə qalxdı göylərə, Oxşayıb yeddisi yeddi ülkərə. Yeddi el almışdı öz öhdəsinə, Yeddi şah qızına açmışdı sinə. Hər qız maraq saldı ev ahənginə, Əşyanı döndərdi günbəd rənginə, Belə gündən-günə xoşbəxt olan şah Hər gündə bir evi etdi qərargah. Gündə bir gözəllə söhbət edərdi, Gündə bir günbədə varıb gedərdi. Gündə bir otaqda o sahibkamal Məclis düzəldərək qurdu cah-calal. Harada keyf edib, içib yeyərdi, Haman ev rəngində paltar geyərdi. Otağın xanımı vuraraq bəzək, Bəhramın önündə oturardı tək Ki, füsun eyləsin şahın könlünə, Yesin halvasını şah dönə-dönə, Eylərdi məhəbbət açan söhbəti, İstərdi qızdıra qızğın şəhvəti. Belə hasar çəkdi adil hökmüran, Əcəlsə əlini çəkmədi ondan. Tərk et, ey Nizami, gəl bu cənnəti Ki, gülu tikandır, tikanı iti. Beşgünlük dünyada, gəl düşün bunu, Gör necə oldu bir Bəhramın sonu.

BƏHRAMIN ŞƏNBƏ GÜNÜ QARA GÜNBƏDƏ GETMƏSİ VƏ

BİRİNCİ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

Elə ki, büsatla coşdu, çağladı, Yeddi nazəninə könül bağladı, Şəmmas məbədindən çıxıb kənara, Abbasilər kimi geyinib qara,[183] Müşki günbəd – deyə yönəldi Bəhram Ki, hind banusuna yetirsin salam. Keçirdi gününü orda keyf ilə, Ud yandırıb ətir gətirdi ələ. Şahlar qaydasınca, qalxaraq gecə, Ağ ipək üzünə müşkü səpincə, Kəşmir biharından, Bəhram Gur – o şir İstədi nəsimi andıran ətir: Gövhər sandığından qıfıl açılsın, İncələrə məxsus inci saçılsın, Desin bir nağıl ki, sulansın ağız, Sərxoşu yuxuya aparsın o qız. O türk gözlü, hindu nəsilli ceyran Açdı xəznəsini müşkünün haman: "Şahın beş növbəti, – söylədi gəlin, – Dörd balışı üstdə ayın səslənsin.[184] Bu dünya durduqca canı sağ olsun, Başlar kandarında bir torpaq olsun. Könlündən nə qədər keçsə arzu, kam, Uğurlu taleyi yetirsin müdam". Qapandı səcdəyə sevimli birdən, Sonra ud ləzzəti saçdı şəkərdən.

HEKAYƏ

Həyadan dikildi yerə gözləri, Saçdı deyilməmiş bakir sözləri: – Uşaqdım, kamallı, incə düşünən Qohumlarımızdan eşitdim ki, mən, Behişt sarayının xanımlarından Varmış bir zahidə, lətif bir insan. O hər ay gələrmiş bizim saraya Başdan-ayağadək girib qaraya. Ondan soruşublar: ey gümüş heykəl, Bu qara geyməyin sirrini aç, gəl. Kədərmi, qorxumu əzir ruhunu? Bizə yardım eylə, öyrənək bunu. Qoy ağarsın qara, gəl, imdada yet, Ey xeyirxah qadın, bizə yardım et! Bu qara geydiyin əbəs deyildir, Aç bu əlaməti, sən bizə bildir. Qadın doğruluğun minib atını, Danışdı qaranın əhvalatını, Dedi ki: – Dinməsəm əl çəkməzsiniz, Deyim, sözlərimə inansanız siz. Mən bir kənizəm ki, padşahım filan, O ölübsə də, mən razıyam ondan.
вернуться

183

Şəmmas – hərfi mənası günəşə qulluq edən deməkdir, rəvayətə görə, atəşgah tikən atəşpərəst olmuşdur.

Şəmmas məbədi – atəşgah.

Abbas – Məhəmməd peyğəmbərin əmisi (653-cü ildə vəfat edib), Əbbasilər xilafəti onun adı ilə bağlıdır və həmin sülalənin şüarı qara rəng olmuşdur. Abbasın qara diyarı – qara günbəd.

вернуться

184

Beş növbət – şah sarayının qabağındakı meydançada gündə beş dəfə çalınan şeypur və nağara nəzərdə tutulur, əzəmətli şahlığın rəmzi olub.

Dörd balış – dörd ünsür. Qədim təsəvvürə görə, dörd ünsür Ayın yerləşdiyi sferada dörd balış şəklində yerləşir və Ay da onlara dirsəklənir.

Beytin mənası: Qoy Ay həmişə dörd ünsürə yox, şahın beş növbəsinə arxalansın, yəni şah əbədi yaşasın.