Выбрать главу
Bəxtiyar yaşardı şahım cahanda, Qoyunu saxlardı qurddan amanda. Çalışıb, qatlaşıb o əzablara, Zülmlər əlindən geymişdi qara. Fələk taleyini görüb də bərbad, Qara geyənlərin şahı vermiş ad. Onun vardı əvvəl bəzək paltarı, Bəzən al geyərdi, bəzən də sarı. Bağ qönçəsi kimi qonaq sevəndi, Yanağı gül kimi gülürdü, şəndi. Vardı işrət üçün mehman otağı, Göydə Sürəyyaya dəyərdi tağı. Süfrələr salmışdı, döşənmiş yerə, Ədəb öyrətmişdi xidmətçilərə. Gəlsəydi bir nəfər uzaqdan əgər, Cilov tutub, qonaq eyləyərdilər. Süfrə salardılar otağa layiq, Yemək verərdilər qonağa layiq. Sorardı şah onun hekayətini, Buraxıb gəldiyi vilayətini. Qonaq bildiyindən edərdi agah, Söylədikcə onu dinləyərdi şah. Ömrü beləliklə keçərdi gözəl, Əsla götürməzdi əməlindən əl, Günlərin birində o qaçdı bizdən, Simürğ quşu kimi yox oldu gözdən, Xeyli zaman keçdi bu hadisədən, Ondan tapılmadı bir xəbər verən. Kömək oldu ona taleyi nagah, Qayıtdı taxtına yenə bizim şah. Baxsaydı əynində hər kim paltara Başdan ayağadək qaraydı, qara. Şahlıq eylədikcə göstərdi hünər, Qaralar geyindi duymadan kədər. Yaşardı zülmətdə həyat suyutək, Sormadılar: "Nədir bu qara geymək?" Bir gecə sərf edib mən öz şahıma, Qulluq eyləyirdim qibləgahıma. Dizimin üstünə o qoyub ayaq, Göydən şikayətlə dedi: "Nə sayaq, Gör, taladı məni uca fələklər, Başımda oynadı necə kələklər. İrəm diyarından aldırdı məni, Qələm qarasına saldırdı məni. Sormadı bir kimsə: bu zülmət nədir? Gümüş üzərində qara xətt nədir?" Düşündüm, demədən şaha sözümü, Sürtdüm ayağına dərhal üzümü, Dedim: – Ey dərdlilər halına qalan, Ey adil şahların yaxşısı olan, Kimin qüdrəti var külüngü alsın, Yerdə dura-dura göylərə çalsın, Gizli sirlərdən özünsən agah, Bizi xəbərdar et özün də, ey şah. Məni şad görüncə şahım əlbəəl Açdı düyünləri, düzdü gövhər, ləl. Dedi: – Şahlığımda eyləyib adət, Qonaq saxlamaqdan alardım ləzzət. Hər kəsi görəndə bundan, gah ondan Hal-əhval tutardım yaxşı-yamandan. Bir səhər evimə gəldi bir qərib, Paltarı qapqara, özü müztərib. Yeməklər verdirib sordum halını, Dəvətlə artırdım cah-calalını. – Ey qərib, – söylədim – de, niyə, nədən Başdan-ayağadək qara geymisən? Dedi: – Bu sirdir, soruşma, vaz keç, Simürğdən olmamış xəbər verən heç. Söylədim: – Bəhanə gətirmə, danış, Qaranın sirriylə məni et tanış![185] O dedi: – Gəl, məni üzürlü tut sən, Deyilməz, bu sirri sorma, unut sən. Tapılmaz dünyada onu deyənlər, Ondan xəbər tutar, yalnız geyənlər. Gizli çox yalvardım, dinmədi mehman, Mən İraqdan oldum, o Xorasandan. Yalvardım, yaxardım, yola gəlmədi, Pərdə açılmadı, iş düzəlmədi. Arzum yatağını uçurdu, daşdı, Qonağım utandı, sirrini açdı. Söylədi: – Çində bir köhnə şəhər var, Oxşayır behiştə o qədim diyar. "Bihuşlar şəhri"dir adı o yerin, Yas evidir qara geyinənlərin. O yerlilər üzdən qəmərə bənzər, Bürünmüş qaraya sanki bir qəmər. Kim o məmləkətə bir gedim deyər, Gedib çatan kimi qaralar geyər, Oranın bir belə əlaməti var, Oxunmamış, qərib hekayəti var. Ey şahım, başımı vurdursan da sən, Sirrin dalısını söyləmərəm mən. Deyib sular kimi çağladı, getdi, Arzu qapısını bağladı, getdi. Xəyal dağlarını hey fikrim aşdı, Bu zaman qonağım tez uzaqlaşdı. Sirr qaldı sirr kimi, mehman yoxaldı, Dəlilik qorxusu könlümü aldı. Nə qədər oldumsa bu işdən agah, Hər yana piyada sürdümsə də, ah, Fərzin yolu kəsdi, düşdüm bəlaya, Kəmənd də çıxartmaz oldu qalaya. Səbrə, təsəlliyə apardım pənah, Sakit olmayırdı ürəyim də, ah. Sordum gizli, aşkar nə qədər, yenə Tapılmadı verən bir xəbər mənə. Axırda tərk edib məmləkətimi, Verdim qohumuma səltənətimi. Azacıq, sanma ki, bol var götürdüm, Cavahir götürdüm, paltar götürdüm. Soruşdum, o şəhrin bildim adını, Getdim, könül tapdı öz muradını. Şəhər gözəllikdə bir baği-İrəm, Adamları çəkmiş müşkidən ələm.[186] Süd kimiydi hamı, elə bil aydı, Əyin paltarları qırdan qaraydı, Bir evdə düşərək, yığıb varımı, Üst-üstə cəmlədim pal-paltarımı. Gəzib bütün bir il, tutdum hal-əhval, Sirri açmadılar, hey verdim sual. Qapılar gəzdiyim gəlməz hesaba, Rast gəldim axırda mən bir qəssaba. O çox mehribandı, çox həlimdi, bil, Böhtana, qeybətə bağlamışdı dil. Çox yaxşı adamdı, coşdum, çağladım, Onunla dostluğa könül bağladım. Tez onu özümə həmsöhbət etdim, Varlı olmağına min hümmət etdim. Ona pullar verdim bol, təzə-təzə Mal verdim, bilmədim nədir əndazə. Sayını artırdım hər gün bir qədər, Suvadım qızılla, dəmir oldu zər. Bəzən ipək ilə, bəzən pul ilə Onu ovlayaraq gətirdim ələ. Səpdim qızıl-gümüş, sevmədim hesab, Qurbanlıq öküzə çevrildi qəssab. Qızılla gətirdim elə halətə Ki, düşdü xəznədən yazıq zəhmətə. Bir gün öz evinə apardı məni, Məclis qurub, açdı gözəl süfrəni. Yeməklər gətirdi, söhbət eylədi, Mənə layiqincə xidmət eylədi. Vardı süfrəsində hər nazü-nemət, Yalnız istəyimdən yoxdu əlamət. Onda ki, yeməklər yetişdi sona, Söz saldıq bir yandan, keçdi bir yana. Elə ki, qonaqçı yığdı süfrəni, Saysız töhfələrə qərq etdi məni. Verdiklərimi də onlara qatdı, Qarşımda əyləşib üzrə əl atdı. Söylədi: – Verdiyin gövhəri, ləli Ölçməmiş heç zaman sərrafın əli. Mən ki az faydaya qənaətkaram, Söylə, nədir bunca peşkəşdən məram? Bu şahanə lütfə əvəz nə, söylə? Hazıram əmrinə, buyur, hökm eylə! Mənim bir canım var, olsa min canım Sənin qurbanındır, əziz mehmanım. Söylədim: – Ey ağa, qulamlıq nədən? Qarşıma bişmiş çıx, bu xamlıq nədən? Düşünən kəslərin tərəzisində Bunların çəkisi, söylə, nədir, nə?
вернуться

185

Mətndə: "Mənə qır və Qeyruvandan xəbər ver" yazılmışdır.

Qeyruvan – Afrikanın qədim şəhərlərindən biridir, VII əsrdə salınmışdır, indiki Tunisdə yerləşmişdir. Lakin burada sözün lüğəvi mənasında işlədilmişdir – qır ölkəsi deməkdir, "Qır və qır ölkəsindən xəbər ver" – zərb-məsəldir, əsl mətləbə keç deməkdir. Mətndə çox yerində işlədilib, qara geyinənlər və qaralar ölkəsi nəzərdə tutulur.

вернуться

186

Yəni evlərin qabağında qara rəngli bayraq sancmış və qara geyinmişdilər.