Выбрать главу
Dayanma, gəl, məni sən zəncirə çək Divanə olmadan zəncirlilərtək. Səhər ulduzunu gördü gözümüz, Lakin qurtarmadı əsla sözümüz. Öldür, istəyirsən, bu can sənindir, Bu qılınc, bu başım, fərman sənindir, Belə baş qaçırmaq nədəndir, nədən? Bulud ağlamasa, gülərmi çəmən? Sən arx olsan əgər, mən arxın suyu, Torpaq olsan, suyam, əllərini yu![193] Boğazım qurumuş, gəl, su ver mənə, Mən də əvəzini verərəm sənə. Su verməsən belə, canın sağ olsun, Həyatım yolunda qoy torpaq olsun. Su torpaq oğlunu qoynunda boğdu, Susuzu öldürdü bu çağlayan su. Dayanma, qətrəni susuz qoyma, dur! Bir qətrə su verib yananı doydur. Elə bil ki, südə bir xurma düşdü, İpək parçasını bir iynə deşdi. Başqa fikir varsa, sənindir höküm, Arzunun gözünə torpaqlar töküm. Elə bil qondu quş, açdı balü pər, Nə motal yırtıldı, nə yıxıldı xər. Qız dedi: – Bu gecə qayğın azalsın, Şəbdizin nalı qoy alovda qalsın.[194] Daşın niyyətindən bu axşam, daşın, Nur olar daima yarın, yoldaşın. Satma bir çeşməni, gəl, bir qətrəyə, Kim ki neştər görər, gərək bal yeyə, Bir arzu üzünə sən qapı bağla! Sevin illər boyu, su kimi çağla! Saç oynat, qucaqla, şirin öpüş vur, Gedib kənizlərlə nərd oyunu qur. Bağın var, qarğaya məhəbbət etmə, Quşun var, quş südü ardınca getmə. Ürəkdə arzun var, çatarsan əlbət, Qoyma ki, qarışsın işə xəyanət. Bu gecə səbr eylə, ağır otur gəl, Eylə dünənkinə bu gün də əməl. Nə zaman enərsəm bu mərtəbədən, Gələrəm əlinə geç də olsa mən. Hovuzdan balığı dərhal tutarsan, Ay əldə edilməz tezliklə, inan. Gördüm ki, oyunda ağır davranar, Mən də yavaşladım, pozulmasın yar. Oruç açmaq günü çatmamış, deyə, Könül verdim ancaq şəkər busəyə. Bax, yenə qızdırma tutdu xəstəni, Şərablar, öpüşlər çoşdurdu məni. Görüncə sevgili, o nazəndə yar, Qövr edir qəlbimdə odlar, alovlar, Dedi yanındakı bir şuxa: – Dur, get, Söndür atəşini onu təskin et. O, gözəldi, könül yaxşı yar istər, Hər şeyi mötədil arzular, istər. Xoş ona ki, gözəl bir yarı ola, Olsa, gərək belə nigarı ola. Yenə adət üzrə getdim bu gecə, Arzuma daha çox yetdim bu gecə. Şəkər yeyə-yeyə açdım səhəri, Mənimlə qol-boyun oldu o pəri. Gündüz ki paltarı yudu, ağartdı, Gecə boyaqçıtək küpünü atdı. Tamam göz aldadan rənglər yoxaldı, Zinətlər bilmədim hayanda qaldı. Arzulardım gecə tez gəlsin ələ, Çin, Təraz şuxuyla vuraq piyalə. Bir gözəl sacından dolayım kəmər, Yatsın ağuşumda sevimli dilbər. Gah bir bal dodaqdan arzu, kam alım, Gah bir gülüzlüylə ələ cam alım, Gecəylə, arzum da yerinə gəldi, Taxtım Sürəyyatək göyə yüksəldi. Keçdi gecələrim min calal ilə, İşrətlə, keyf ilə, çalhaçal ilə. Axşam eyləyirdim nura tamaşa, Gecə dost olurdum bir qələmqaşa. Gündüz yerim bağdı, gecələr cənnət, Torpağı müşk olan qızıl imarət. Şahlıq eyləyirdim belə bir halla, Gündüz günəşləydim, gecə hilalla. Arzum yarıdırdı hər zaman məni, Taleyim eylərdi kamiran məni. Çünki şükr etmədim mən o nemətə, Başladı nemətin haqqı şiddətə. Vərəqdən əlimlə silindi şadlıq, Çünki artıqlıqdan istərdim artıq. Nə zaman ay gəlib otuza çatdı, Dünyanı ulduzçun gecə qaraltdı. Ətirli saçları uca sarayın Nəvazişlə çəkdi telini ayın. Gəldi hər zamankı bulud, küləklər, Daha təravətli, daha tazə-tər, Doldu bir şurişlə bu cahan yenə, Oynadı səslərlə asiman yenə. Gəldi qaravaşlar hey qatar-qatar, Əllərində alma, döşlərində nar. Uca taxt ortada yenə göründü, Nəğmə səslərinə ətraf büründü. Sallana-sallana müşkün telləri Gəldi gün nişanlı, ayüzlü pəri. Dalda, qabaqda şam yanırdı par-par, Arxaya baxma, şam qabaqda olar, O min bəzək ilə, o min naz ilə Başa keçdi neçə şux tənnaz ilə. Xanəndələr coşub avaza gəldi, Çalğıçı qadınlar pərvaza gəldi, Saqilər mey verib, coşub daşdılar, Gözəl musiqiylə ayaqlaşdılar. Söylədi baldodaq qızların şahı: – O hərifçin gəzin bu seyrəngahı. Gözəllər naz ilə gəzdilər yenə, Yetirdilər məni böyüklərinə. Görərkən o məni ayağa durdu: – Sağ yanımda otur, – deyə buyurdu. Mən təzim eylədim, təzim aldı yar, Oyandı qəlbimdə keçən arzular. Açıldı süfrələr yenə çiçəklə, Yenə keçdi dəmim ləziz yeməklə. Sonra nur saçmağa gəldi piyalə, Mey sunan saqilər döndü hilalə. Dərya ovçuları hey gəzə-gəzə Dürr səpdilər sədəf camlarla bizə. Mən yenə xumardım, yenə heyrandım, Zülfünü ip kimi tutub dayandım. Divlərim ip qırdı, baxın onlara. Tutub mən yazığı saldılar dara. Hörümçək eylədi əyləncə məni, Canbaza döndərdi o gecə məni. Döndüm arpa görən uzunqulağa, Aygörən səritək durdum donmağa, Xəznə düşən kimi oğru əlinə, Titrək əllərimi atdım belinə. Əlimi sürtdüyüm saya gümüşdü, Özum bilməyirdim bu necə işdi? Mən hey yumşaldıqca o döndü daşa; Ay üzlü mehriban düşərək başa, Uzatdı əlimə şümşad əlini, Öpdü əllərimi göylər gəlini, Çəkim bəlkə onun xəznəsindən əl; – Bağlı bir xəznəyə, – dedi, – o gözəl – Əl uzatmaqdan sən, gəl, çəkin bir az, Əli uzun olan murada çatmaz. Alınmaz mədəndir möhrüm, yaxşı bil, Möhrü açmaq sənin qüdrətin deyil! Səbr eyləyib, gözlə, sənindir xurma, Ona çatmaq üçün tələsən olma! Sən hələ şərab iç, kabab yetişər, Günəş çıxanacan aya sal nəzər. Dedim: – Səndən alır işıq gülşənim, Ey gözümün nuru, günəşim mənim! Üzün sübhü bənzər gül açmış bağa, Mən necə sönməyim dönüb çırağa. Göstərib susuza sən şirin çeşmə, Sonra da deyirsən, amandır, içmə! Üzündə cilvələr oynayan zaman Pəri görmüş kimi huş getdi başdan. Parladıqca sırğan qulaqlarında Nalım yandı atəş ocaqlarında. Ayın şəbxunuyla olarmı cidal, Günəşi zərrəylə bürümək mahal!
вернуться

193

Burada torpaq – qul, müti mənasındadır.

вернуться

194

Nalı atəşdə (kürədə) qoymaq – qədimdə bir növ cadu olub ki, onun vasitəsi ilə məşuqu əfsunlamaq və ram etməyə çalışarmışlar.