Выбрать главу
Qalır öz işinin qeydinə hər kəs. Hamı öz işinə pasiban olur, Əvvəl mələk, sonra bir şeytan olur. Hamının rahatlıq oldu adəti, Unutdular şaha rəsmi xidməti. Boya görə olar atılan qədəm, İsti çörək olmaz hər mədəyə yem. Dəmir bərkliyində bir mədə hanı, Yesə, dayanmasın can dəyirmanı? Şux kişi görəndə su kimi axar, Qadın gah özünə, gah ona baxar. Hər qadın bir saman çöpünə bənzər: Hər yana istəsə, çəkər küləklər. Oxşar tərəziyə hər şux qələmqaş: Bir arpa qədəri zərə əyər baş. Mirvarıyla dolu gülöyşə bir nar Yetişmiş düşəndə dönər ləl olar. Qadın dedikləri küdü misaldır: Kalı dəymiş olur, dəymişi kaldır. Ərin zinətidir qadın isməti, Gecə, ay tapanda boğar zülməti. Qaravaşlarıma mən baxdıqca hey, Bəzənməkdən başqa görmədim bir şey. Bir səni görmüşəm sözündə duran, Hər gün xidmətini daha artıran. Müxtəsər, nə əlim çatır murada, Nə sənsiz yaşamaq mümkün dünyada". Nə qədər dedisə şah bu sözləri, Lakin heç olmadı zərrə əsəri. Gətirdi müttəsil o şux bəhanə, Dəymədi atılan oxlar nişana. Diltənglik yukünə dözüb dururdu, O daşlıq yoxuşu başa vururdu. Şah suyun önündə susuz qalaraq, Səbr etdi; tələsdi zəmanə ancaq. Cadugər qarı ki, bir qədər əvvəl Qovlatmışdı onu xoş qədəm gözəl, Oldu tacidarın səbrindən agah, Bildi arzusuna yetişməyib şah. Gördü ki, hökmdar aciz qalıbdır, Kəniz taqətini əldən alıbdır. Düşündü: zamandır, min dona girim, Pərinin başına oyun gətirim. Günün beşiyinə rəxnə salım qoy, Ayın qələsini tutum, alım qoy, Kimsə bundan sonra qoy ox atmasın, Qarının yayına atsa çatmasın.[204] Tutdu tacidarı o xəlvət dilə, Onu ələ alıb, işlətdi hiylə. Dünya nurladana bir əvəz deyə, Başladı əfsunu təkrar etməyə. Dedi: – İstəyirsən xam atın əgər Dalına minməyə qoyasan yəhər, Ram olmuş dayçanı iki yol, üç yol Yəhərlə, önündə tumarla bol-bol. Soruş atçılardan tərs atı, xamı, Belə ram eyləyər, öyrədər hamı. Belə bir hiyləyə şah məhəl qoydu, Kərpici belə bir qalıba uydu.[205] Baldodaq, alyanaq bir kəniz aldı, O, möhrə oynadan şux mahcamaldı. Gözəl dərs almışdı əsir satandan, Mülayim xilqətdi əslən o canan. Şahla nə zaman ki, qarşı durardı, Yüz mayallaq vurub oyun qurardı. Şah ürəksiz getdi onunla yola, Könlü istəmədən yetdi vusala. Keyfdə həmdəmiydi birinci gözəl, Ehtiyac zamanı buna atdı əl. Orada ciyəri qəmdən şişərdi, Burada mirvari gəlib deşərdi. Gördu bu yatmağı, coşdu hiddəti, Qızın durr deşməyə artdı rəğbəti. Şahın toxundusa ona rəftarı, Qondusa üzünə qeyrət qubarı, Ancaq əməlindən o gözəl pəri Bir tük qədər belə dönmədi geri. Duydu səbəb nədir belə tufana, Qarının təndiri baisdir buna.[206] Dinməyib səbr etmək oldu qaydası, Səbrin eşq əhlinə yoxdur faydası. Axırda mehriban gözəl, bir gecə Münasib fürsəti əldə edincə, Dedi ki: "Ey mələk ədalı padşah, Yurdun ədalətə, dinədir pənah. Doğru danışansan, doğru görənsən, Dönmə bu halından mənimlə də sən. Ay, Günəş ki, süzər bu göydə mudam, Əvvəli günduzdür, axırı axşam. Gundüzün tapmasın görum heç zaval, Yetirsin ömrunə hər gecə vüsal. Sabah kimi şərbət verirdin mənə. Sirkə satmağına şamtək səbəb nə? Tutaq ki, yeməmiş doydun məni sən, Atdın şir ağzına, söylə, bəs nədən? Dərdə salıb məni o gündən bəri, Önümdə saxladın qorxunc əjdəri. Məni öldürməyə nədir bu şahmar? Özün kəs başımı, ixtiyarın var. Kim sənə bu işdə yollar göstərib? Söylə, kim öyrədib, kim təlim verib? Deyiləm özümdə, mənə ver xəbər, Can quşu uçmağa açmış bəlü pər. And olsun Allaha, and olsun sənə, Ürək sirlərini söyləsən mənə, Gövhər xəznəsini mən də açaram, Alar istəyincə şahım arzu, kam". Tacidar sevirdi gözəl cananı, Ondakı qəsəmi, əhdi, peymanı Görüncə sirrini açdı hər nə var, Birbəbir söylədi, etdi aşikar. Dedi: "Vüsalınçın düşdüm odlara, Alışdım, köz oldum mən bəxtiqara. Dərdə yataq oldu səbirsiz canım, Əridi, qalmadı tabım, tavanım. O qarı yetişib dada bu zaman, Qarılartək etdi dərdimə dərman. Mənə müzəvviri göstərdi tədbir, Yemədən xeyir etdi mənə müzəvvir.[207] Od yaxdıq, olasan, dedik, od gərək, Səni yumşaltmaqçın işlətdik kələk. Yalnız od üstündə qızar soyuq su, Dəmiri yumşaldar atəş, doğrusu. Haqqında bu rəydə olmaq çətindir, Ən gözəl dərmanım məhəbbətindir. Eşqin ürəyimə saldı odları, Gətirdi ortaya əfsunu qarı. Düz oldun mənimlə şamtək, ey nigar. İndi nə qarı var, nə əfsunu var. Həməl bürcü etdi günəşimi şad, Bərdi-əcuzi, de, necə edim yad?"[208] Şah söylədikcə bu şirin sözləri, Naz ilə dinlədi o gözəl pəri. Görüncə işləri belə, mahcamal Süsən iyli sərvə yol verdi dərhal. Qönçənin taxtına oturdu bülbül, Məst oldu, önündə açılınca gül. Bir tuti süfrədə gördü bol şəkər, Şəkərəfşanlığa başladı yeksər. O sanki balığı hovuza saldı, Xurması tez südün içinə daldı. İncəydi, şirindi o nazlı pəri, Xurmaya artırdı dadı, şəkəri. O, naxşın tülünü çəkib də haman, Zər qıfılı açdı qənd sandığından, Qızıl ləyaqətli bir xəznə gördü, Dövrəsinə zərli bəzəklər hördü. Ürək açan olur sarı hər zaman, Halvaya təm verər ancaq zəfəran. Zəfəran sarıdır, aldırma, burax, Onu yeyənlərin şadlığına bax![209] Sarı bir örtüyün dalından axşam, Yaxşı işıq verər yaxılanda şam. Sarıydı Musanın danası, əlbət, Çox verdilər ona, odur ki, qiymət,[210] Sarıdır, şənliyin mayasıdır zər, Sarı gil ən baha qiymətə gedər.[211] Nə zaman bu nağlı padşah eşitdi, Qucaqlayıb qızı kamına yetdi.
вернуться

204

Yay (kaman) – donqar bel. Yəni heç kimin oxu qarının donqar belinə dəyib onu yaralaya bilməsin.

вернуться

205

Şah başa düşdü ki, həmin hiylə vasitəsilə onun qurduğu tədbir qalıbı onun istədiyi kərpici verəcəkdir. Yəni o, öz məqsədinə nail olacaqdır.

вернуться

206

Əsatirə görə, Nuh tufanı bir qarının təndirindən başlayıb.

Beytin mənası: Kəniz öz-özünə fikirləşdi ki, Nuh tufanı qarının təndirindən başladığı kimi onun başına gələn müsibətin səbəbi də onların evinə gəlib-gedən qarıdadır.

вернуться

207

Müzəvvir – xəstələr uçün əvəlik və kududan hazırlanan xüsusi şorba.

Beytin mənası: Qarı mənə dedi ki, başqa bir kənizdən özünə yalançı bir müzəvvir hazırla, yəni başqa bir kənizlə yalandan eşqbazlıq et. Mən də hazırladım və o müzəvviri – xəstə xörəyini yeməmiş (yəni o kənizə əl vurmamış) sağaldım.

вернуться

208

Günəş Həməl bürcündə bahar fəslində qərar tutur.

Bərdi-əcuz – qarı şaxtası – qışın axır ayındakı şiddətli şaxta, boz ay şaxtası. Yəni indi mənim Günəşim sənin vüsalının Həməl bürcündə – bahar fəslində şadlanan bir zamanda qışın şaxtasından nə qorxum ola bilər?

вернуться

209

Qədim təbabətə görə, zəfəran gülmək gətirir və bütün dərdlərə dərmandır.

вернуться

210

Musanın danası – Tovratdakı "Qızıl dana", Musa peyğəmbər öz icmasını – yəhudiləri Misirdən xilas edib Fələstinə gətirdikdən sonra onun ümmətinin bir hissəsi tövhidi (monoteizmi, tək ilahiliyi) unudub, qızıldan bir dana düzəldib ona bir büt kimi sitayiş edirlərmiş. Musa o bütü məhv edib.

вернуться

211

Sarı gil – qədimdə sabunu əvəz edən, hamamda yuyunmaq üçün istifadə olunan gülabda yoğrulmuş əla növ gil.