Выбрать главу

BƏHRAMIN DÜŞƏNBƏ GÜNÜ YAŞIL GÜNBƏDƏ GETMƏSİ VƏ

ÜÇÜNCÜ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

Elə ki, düşənbə gəldi ortaya, Şahın yaşıl çətri yüksəldi aya, Yaşıl çıraq kimi parlaq göründü, Cənnət mələyi tək yaşıl büründü.[212] Yaşıl günbəd deyə yönəldi, getdi, Qəlbini şadlığa bir məskən etdi. Saçınca göylərin ulduzlu bağı Zümrüd yaşıllığa bahar yarpağı, Yaşıl sərvə dedi böyük hökmran: "Gəl götür darlığı gül dodağından!" Şaha təzim edib əl üstündə əl, Açdı sirri belə o dilbər gözəl, Dedi: "Ey şad edən bizi dünyada, Bütün canlar sənə qoy olsun fəda. Sarayın dövlətə uğurlu baxtdır, Astanan ölkəyə tac ilə taxtdır. Başın bəzəyidir tacın hər zaman, Taxt ucalıq alır sənin qapından. Zatın məmləkətə əbədi tacdır, Sənin dərgahına dünya möhtacdır". Əvvəl uca taxta dualar saçdı, Sonra qənd çeşməsi əqiqdən açdı.

BİŞRİN HEKAYƏSİ VƏ ONUN AŞİQ OLMASI

Dedi: "Rumda əziz birisi vardı, Mumdakı bal kimi rahat yaşardı. Hünərlər sahibi bu qabil kişi Görərdi hər zaman yaxşılıq işi. O kamallı cavan, o xoş xasiyyət Təmiz əlaqəyə bəslərdi hörmət. Xalq bilir ismini, düşməzdi dildən, Almışdı pəhrizkar Bişr adı eldən. Naz ilə evindən o çıxdı bir yol, Gedirdi, nə eniş, nə yoxuşdu yol. Eşq onun yolunu kəsdi əlbəəl, Fitnə kamalına əl uzatdı, əl. Gördü bir gözəl ki, çadrası ipək, Sanki gizlənmişdi buludda aytək. Gedirdi görmədən Bişri şux nigar, Açdı duvağını üzündən ruzgar. Fitnəyə yol verdi yel bilə-bilə, Qara buludlardan çıxdı ay çölə. Bir süstluk üz verdi olduqca Bişrə, Tikildi bir oxla ayağı yerə. Surət gördü, oynar məst gözündə naz, Yüz min tövbə qırar, yenə də doymaz. Bir xırman gül idi, sərv idi özü, Kəklik qanı ilə yuyulmuş üzü. Sahirdi, süzgündü şəhla gözləri, Min aşiq yuxusu kəsmiş o pəri. Qönçə yarpağına bənzər dodağı, Onun da qənd ola bütün yarpağı, Ah, hələ gözləri nərgizdi yatmış, Onlar bu yatmaqla fitnə oyatmış. Yellənən o qara qıvrım tellərin İçində gül üzü o şux dilbərin, Laçın qanadının altında duran Həvasil quşuna bənzərdi, inan. Xalı saçından çox ənbər saçardı, Xalından da kafir gözləri vardı. Bu gözlər, bu saçlar, bu atəşli xal Qoymazdı insanda nə taqət, nə hal. Çimdik qoparılmış uşaqtək birdən Qopdu ixtiyarsız bir səs Bişrdən. O ay ki, yolunda yalnızdı, təkdi, Ürküb rübəndini üzünə çəkdi. Atdı tələsərək gül qədəmləri, Qan aldı boynuna o gedən pəri.[213] Bişr ayılıb baxdı yollara doğru, Gördü ev talanıb, getmişdir oğru. Düşündü: izləsəm o şux cananı, Pis düşər, səbr edim; məndə səbr hanı? Yaxşısı budur ki, dözümlü ol sən, Rüsvay olub gedər səbirdən keçən. Ehtiras azdırıb ömrü, neyləyək; Kişiyəm, qəm məni öldürməyəcək. Unutmaq şəhvəti din nişanıdır, Bu şərt pəhrizkarı yaxşı tanıdır. Çəkim bu diyardan öz yükümü düz, Beytülmüqəddəsə çevirim qoy üz. Xeyri, şəri bilən böyük Yaradan Mənim bu işimi eyləsin asan. Gedib yol şeyləri tədarük etdi, Beytülmüqəddəsə yollandı, getdi. Sığındı qorxudan pərvərdigara, Verildi hökmünə, dedi: – Et çara! Divlərdən qurtarım, sən pasiban ol, Qəlbimə tapmasın ta ki fitnə yol. Yalvarıb Allaha, o səcdə etdi, Müqəddəs məkandan qayıtdı, getdi. Dönərkən qoşuldu Bişrə bu səfər Zahiri xoş olan, bədxah bir nəfər. O, hər gözəl sözə irad tutardı, İrada qəribə həvəsi vardı. Yaxşıdan, yamandan Bişr açdı söhbət, Onun varlığını bürüdü hiddət. O elə olmalı, bu dəxi belə, Mənasız gəlməsin. bir nəfər dilə. Bişr sükut etdi, onun sükutu Aldı uzunçudan bihuşluq otu. O dedi: "Adından agah et məni, Mən də bu ad ilə çağırım səni". Dedi: "Ad qoydular Bişr mənə, sən, Nə eybi, hər nə cür ad verəcəksən". "Bişr! İnsanların eybisən, nə qəm, Mən də Məlixayam, imami-aləm. Hər nə Yer üzündə, göy üzündə var, Nələr fikr eyləyir bütün insanlar, Bilir Məlixanın ağlı, kamalı, Duyuram yaxşıca haram, halalı. Alimlər ki bilir, on ikicə fənn, Onlardan mükəmməl bilən mənəm, mən![214] Dərya, səhra, meşə, çay, hər uca dağ, Nəyə malikdirsə bizim bu göy tağ Hamısını duyub, düzlüklə bildim, Nədən yaşayırlar agah edildim. Göydəki şeylərə əsla çatmaz əl, Bilirəm onları hamıdan əvvəl. Ətrafda üz versə qorxu nə zaman, İti baxışımla görərəm haman. Zavala uğrasa bir şahlıq, bir şah, Əlli il qabaqca olaram agah. Yetsə bir danəyə əskiklik əgər, Bir il qabaqcadan verərəm xəbər. Nəbzi, qarurəni mən bilirəm, mən, Əlimlə qızdırma gedər xəstədən. Salsam od içinə götürüb nalı, Kəhrəba ləl olar, hələ var dalı. Daş iksirim ilə bir gövhər olar, Torpaq əllərimdə dönər zər olar. Ağzım sehirli yel üfləsə, inan, Kəndiri döndərib eylərəm ilan. Tanrı ki yaradıb hər xəzinəni, Ona tilsim açan göndərib məni. Soruşsalar yerdən, ya göydən əgər, İnanın, verərəm mükəmməl xəbər. Bilik ölkəsində böyük ustadam, Tay olmaz dünyada mənə bir adam". Belə çox dəm vurub söhbət eylədi, Bişr bu yalana heyrət eylədi. Bu zaman bir bulud dağdan yeridi, Məlixa baxaraq beləcə dedi: – O bulud qaradır, qır kimi nədən! Bunlar süd kimi ağ, gəl, cavab ver sən! Bişr dedi: – Burda qəribə nə var? Belə hökm eyləmiş tək pərvərdigar. O dedi: – Kar aşmaz belə bəhanə, Atılan ox gərək dəysin nişana. Yanmış bir tüstüdür qara bulud, bax, Ağıl bu nöqtədə etmiş ittifaq. O bulud ki belə süd kimi ağdır, Su var məcazında, inci sayaqdır. Birdən qalxıb əsdi bir gizli külək, Çox danışan nələr söylədi görək: – De görüm, bu əsən yel nə deməkdir? Qafil, ya öküzdür, ya da eşşəkdir.
вернуться

212

Yaşıl çıraq – təzə, nurlu, şöləsinin ucu yaşıl parlaq çıraq. Dini əsatirə görə, mələklər yaşıl paltar geyirlər və həmişə yaşıl bağda yaşayırlar.

Beytin mənası: Bəhram yaşılı yaşıl üstündən geyib yaşıl çıraq kimi parladı.

вернуться

213

Yəni Bişr kimi aşiqi öz gözəlliyi ilə öldürüb, onun qanını boynuna götürüb tələsik evə qaçdı.

вернуться

214

Orta əsr müsəlman ölkələrində elmül-ədəb, yəni ədəb elmi 12 fəndən (Quran, hədis, təfsir, ədəbiyyat, əruz, coğrafiya, tarix, inşa, xəttatlıq və s.) ibarət idi.